25 Mart 2025 18:28
146
ƏDƏBİYYAT

Dəfndən qayıdanlar... - Pərvanə BAYRAMQIZI yazır

Adam böyüdüyünü, ağıllandığını əvvəllər narahat olduğu mövzulara laqeyd qaldığından hiss edir. Laqeydləşəndə də bağışlamağa başlayır.Bağışlayırsansa, demək, əvvəlki hisslərlə yaşamırsan. Nəsə qırılıb, nəsə dəyişib deyə sən bağışlamağa qərar vermisən. Yəni çabanı, mübarizəni mənasız sayırsan. Hamılaşmağa başlayırsan. 

Dəyişmək birinci baxışlardan başlayır. Sənin üçün dəyərli olana (fərqi yoxdur, insan, ya da əşya) əvvəlki heyranlıqla baxa bilmirsən. Baxışların toqquşmasından həyəcanlanmırsan. Gözlərini onun üzündən başqa hər yerə dikirsən. Getdikcə baxışlarla ötürdüyün istilik soyuyur. Səsini qeybdən gələn səda kimi qəbul etdiyin adamın sözlərinə inamının itməsi ümidini hər şeydən üzür.

Ölü ruhla öldürülən ruhun fərqi böyükdür, bunu nə ruh düşkünlüyü olan duyur, nə də mənəviyyat qatilləri anlayır.

Sənə dünyada hər şeydən əziz olan sevincin dəyərini itirməsi hədsiz dərəcədə ağır olur.

Bir zaman uğrunda ölümə hazır olduğun hissin ölümünü anbaan izləməkdən çətin heç nə yoxdur.

Xətrinə hər çətinliyə dözdüyün istəyin yerində ürək əzab gəzdirəndə ağıl yerinə gəlib sənə tənə edir. Bəlkə də, ağıl qayıtdığı üçün əvvəlki istəyi ağrı kimi hiss edirsən. Əks halda həmin istək gərəksizləşməzdi. Ürəklə beyinin savaşında qalib gələn olmur. Çünki onlar mübarizəyə başladığı vaxt həyat eşqi bitir, artıq nəyi xoşbəxtlik, nəyi də bədbəxtlik kimi qəbul edəcəyin bəlli olmur. Bundan sonra yaşayacağın günlərdən könüllü imtina dövrü başlayır. Bu, ömrün israfla yaşanılması deməkdir. İsrafçılıqdan da deyirlər, Allahın da zəhləsi gedir.

Adam unutmağa başladığı ilk gün dəfndən qayıtmış kimi olur.

Əzizini torpağa qoyub dönəndən bir gün sonra yuxudan gözlərini açanda canında hansı ağrını hiss edirsənsə, ayrılıq gününün sabahı da həmin ağrıları duyursan. 

İtki itkidir, fərq etmir; ya torpağa tapşırırsan, ya da qəlbinin dərinliklərində dəfn edirsən.