29 Aprel 2025 17:26
199
SİYASƏT

"Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir" - Ülvi Quliyev

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bugünü və gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin səfərin əhəmiyyəti yalnız ikitərəfli məzmunla məhdudlaşmır. Çünki Azərbaycan-İran əlaqələri regional və qlobal təhlükəsizliyi, o cümlədən formalaşmaqda olan yeni beynəlxalq münasibətlər sistemini də təsirləndirə bilir. Prezident İlham Əliyev bütün bu amilləri nəzərə alaraq, aprelin 28-də mətbuata verdiyi bəyanatda Azərbaycanın səfərlə bağlı gözləntisini bu cür ifadə etdi:

“Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”.  

Azərbaycan və İran Prezidentlərinin imzaladıqları Birgə Bəyanat həmin sənədlər arasında əlahiddə yer tutur və dövlətlərarası münasibətlərin inkişafı ilə bağlı hər iki tərəfdə ali siyasi iradənin mövcud olduğunu nümayiş etdirir. Azərbaycan və İran Xarici İşlər Nazirlikləri arasında imzalanan 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı, habelə nəqliyyat sahəsində hərtərəfli əməkdaşlığın inkişafı ilə bağlı Anlaşma Memorandumu siyasi və sahəvi əlaqələrin dərinləşdirilməsi məqsədini hədəfləyir. Sonuncu sənəd ölkələrimizlə yanaşı, region və bütövlükdə Avrasiya məkanı üçün olduqca əhəmiyyətlidir. Şimal-Cənub nəqliyyat dəhlizinin uğuru  və bu istiqamətdə əməkdaşlığın faydalılıq əmsalı hər iki dövlətin siyasi iradəsindən xeyli dərəcədə asılıdır. Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi növbəti açıqlama da göstərdi ki, iki ölkə arasında görülə biləcək işlərin əhatə dairəsi kifayət qədər genişdir və hər iki tərəf boşluqları aradan qaldırmaq üçün ən ali səviyyədə xoş niyyət göstərməyə hazırdır:

“Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək”.

Səfər çərçivəsində Azərbaycan və İranın  aidiyyəti dövlət qurumları arasında imzalanan 2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı, heç şübhəsiz ki, bu sahədə boşluğun aradan qaldırılmasını təmin edəcək. Təəssüf ki, ötən illər ərzində digər sahələrdə belə boşluqların yaranmasında obyektiv amillərlə yanaşı, subyektiv səbəblər də az rol oynamayıb. Xüsusilə, İranda ölkəmizin səfirliyinə və səfirlik əməkdaşlarına qarşı törədilən terror aktı, həmin cinayətdə əli olanların layiqli cəzalarına çatdırılması ilə bağlı xalqımızın ədalətli gözləntisi göstərir ki, dövlət və xalq yaddaşı üçün bu cür ağır səhifələrin qapanması, ilk növbədə, İran rəsmi dairələrinin siyasi iradəsindən asılıdır. Prezident Məsud Pezeşkianın Azərbaycan-İran biznes-forumunda verdiyi açıqlama İranın ali dini dairələri tərəfindən müvafiq siyasi iradənin göstəriləcəyinə ümidləri artırır:

“Böyüklərimiz bir yerdə oturub problem və ixtilafları həll ediblər. İnanmıram ki, yuxarı səviyyədə ixtilaf mövcud olsun, aşağıda bəziləri var və əlbəttə, onları da xaricdən təhrik edirlər. İstəmirlər ki, eyni mədəniyyət və ənənələrə malik qonşu ölkələr arasında və bölgədə sağlam əlaqələr yaransın... Mən bu gün səhər buraya gəlməmişdən əvvəl Ali Rəhbərin qəbuluna getdim, o da Sizə salam göndərdi və təkid etdi ki, buradakı bacı və qardaşlarımızla əlaqələrimizi daha səmimi və dərin edək”.

Prezident Məsud Pezeşkian Bakıda nümayəndə heyətləri arasında keçirilən geniştərkibli görüşdə xalqımız  və ikitərəfli münasibətlərimiz üçün olduqca həssas olan Qarabağ mövzusunu da diqqətsiz qoymadı və münasibətini səmimi şəkildə bu cür ifadə etdi:

”Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq”.

Kifayət qədər dərin məna kəsb edən bu bəyanatdan sonra Prezident İlham Əliyev Azərbaycan-İran biznes-forumunda səsləndirdiyi çağırışla bir daha diqqətlərə çatdırdı ki, qarşılıqlı səmimiyyətin, etimad və siyasi iradənin göstəriləcəyi təqdirdə, gələcək əlaqələr ölkələrimizlə yanaşı, regionun və bütövlükdə dünyanın təhlükəsizliyi, qlobal əməkdaşlıq üçün olduqca faydalı ola blər:

“Biz kəndləri, şəhərləri demək olar ki, sıfırdan qururuq. Çünki işğal dövründə Ermənistan bizim bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Ona görə orada böyük iş imkanları yaradılır və istərdim ki, İrandan, bizim dost, qardaş ölkədən olan biznesmenlər bu istiqamətdə də işləsinlər... Eyni zamanda, Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir, həm bölgəmizdə, həm dünyada, bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Əslində, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir”. 

Azərbaycanda Prezident Məsud Pezeşkianın səfərinə ictimai marağın səbəblərindən biri də onun soydaşımız olması ilə bağlıdır. O, onmilyonlarla azərbaycanlının Vətəni olan İran İslam Respublikasının Prezidentidir və dəfələrlə ictimai şəkildə bəyan edib ki, Azərbaycan türküdür və bununla qürur duyur, hətta evində övladları ilə Ana dilində danışmağa üstünlük verir. Ona görə də cəmiyyətimiz maraqla gözləyirdi ki, İran Prezidenti Azərbaycanda, Bakıda Ana dilində danışacaqmı? O, cəmiyyətimizin gözləntisini yanıltmadı və biznes-forumda Şəhriyardan iki bənd şeir dedi. Bir daha nümayiş etdirdi ki, tarixi köklərimizə, milli-mənəvi dəyərlərimizə və Ana dilimizə səmimi qəlbdən bağlıdır, ölkələrarası əlaqələrin inkişaf etdirilməsi məramında öz dövlətinin maraqları ilə yanaşı, şəxsi baxışları da əhəmiyyətli təsir gücünə malikdir. Prezident Məsud Pezeşkianın Ana dilimizdə səsləndirdiyi şeir Ulu Öndər Heydər Əliyevin bu müdrik kəlamında ifadə olunan böyük həqiqəti Dünya Azərbaycanlılarına bir daha xatırlatdı:

“Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilinizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan”. 


Ülvi Quliyev

Milli Məclisin deputatı