29 Aprel 2025 16:52
216
SİYASƏT

Dünya böyük savaşın ASTANASINDA – Səxavət Məmməd yazır

Son 10 ildə dövlətlər hərbi xərclərini hər il müəyyən qədər artırırdı və bu stabil şəkildə həyata keçirilirdi. Rusiya-Ukrayna müharibəsi ilə Qərb ölkələri hərbi xərclərini daha çox artırmaq yönündə addımlar atdı. Bundan əlavə, Yaxın Şərqdə baş verən proseslər də region ölkələrinin hərbi xərclərini əhəmiyyətli dərəcədə artırmasına gətirib çıxardı.

Təqdimat olaraq deyilir ki, Rusiyanın Ukraynaya hücumu dünyada böyük müharibə təhlükəsini artırdı. Reallıqlar isə onu deməyə əsas verir ki, dünyaya bir bəhanə lazım imiş. İllərdir aktivləşməsi gözlənilən münaqişə zonalarında danışılır. Bunlar arasında Cənubi Qafqaz, Şərqi Avropa, Yaxın Şərq, Hindistan-Pakistan, Çin-Tayvan göstərilirdi. Hazırkı vəziyyətə baxdıqda, ehtimal olunan münaqişə ocaqlarının hamısı aktivləşmiş vəziyyətdədir, yaxud bir bəhanəyə bənddir ki, aktivləşsin.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, qlobal hərbi xərclər 2024-cü ildə 2,718 trilyon dollara çatıb ki, bu da 2023-cü illə müqayisədə 9,4 faiz artım deməkdir. Bu, Soyuq müharibədən sonra ən böyük illik artımdır.

Ötən il ən çox pul xərcləyən beş ölkə ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan olub.

Yeri gəlmişkən, Almaniya xaric digər 4 ölkə aktiv münaqişələrin əsas aktorlarıdır. Almaniyanın yaxın gələcəkdə əsas fiqurlardan biri olacağına isə şübhə yoxdur. Almaniyanın yeni kansleri Fridrix Merzin “Almaniya Avropa və dünyada yenidən məsuliyyəti öz üzərinə götürəcək” fikri kifayət qədər iddialıdır. İki dünya müharibəsi aparan Almaniyanın yenidən o gücə yiyələnəcək potensialı var. Qeyd edim ki, Almaniya hərbi xərclərini 28 faiz artıraraq 88,5 milyard dollara çatdırıb.

Avropada hərbi xərclər 2024-cü ildə 17 faiz artaraq 693 milyard dollara çatıb ki, bu da Ukraynadakı müharibə və potensial daha geniş münaqişə ilə bağlı narahatlıqlar fonunda Aİ-nin müdafiə və çəkindirmə qüvvələrini gücləndirməyə təkan verməsi ilə əlaqədardır.

Rusiyanın hərbi xərcləri 2023-cü illə müqayisədə 38 faiz artaraq 149 milyard dollara çatıb, Ukraynanın xərcləri isə 2,9 faiz artaraq 64,7 milyard dollar olub.

Rusiyanın Ukrayna müharibəsi ilə paralel olaraq daha böyük müharibəyə hazırlaşdığı iddiası reallıqları əks etdirir. Orduda aparılan reformlar, bundan əlavə, Qərb ölkələrinin yayımladığı kəşfiyyat məlumatları onu deməyə əsas verir ki, Rusiya Ukrayna müharibəsi ilə məsələni yekunlaşdırmayacaq. Sahədəki reallıqlar Ukraynanın öz ərazilərini geri qaytarmaq gücündə və potensialında olmadığını deyir. Ukraynada Zelenskidən fərqli olaraq bir çox rəhbər şəxslər torpaq itirmək təklifi ilə barışıblar. Ən azı verdikləri açıqlamalar bunu deməyə əsas verir. Rusiya indiki hüdudlarda müharibəni dayandırmaq niyyətində deyil. Buna səbəb isə ruslar da bilir ki, Ukraynanın 20-30 faizini ələ keçirməklə Ukraynanın 70-80 faizini itirmiş olurlar. Ona görə də Rusiya müxtəlif bəhanələr gətirərək müharibəni uzatmaq istəyir və hələ ki bunu bacarır.

ABŞ 997 milyard dollarla NATO-nun ümumi xərclərinin 66 faizini və qlobal xərclərin 37 faizini təşkil etməklə dünyanın ən böyük müdafiə xərcləyən ölkəsi olaraq qalır.

Dünyanın ikinci ən böyük hərbi xərcləyən ölkəsi olan Çin müdafiə büdcəsini 7 faiz artırıb 314 milyard dollara çatdıraraq otuzillik sabit artımını davam etdirir. Çin hərbi xərclərini təkcə Tayvana görə yox, ehtimal olunan böyük müharibəyə görə artırır. Çinin Tayvandan başqa Hindistan kimi iqtisadi rəqibi və ərazi problemi var. Bundan başqa, ABŞ-nin əsas hədəfinin Çin olduğunu nəzərə alsaq, Sakit və Hind okeanı hövzəsində böyük toqquşma potensialı həmişə qalır.

Hindistan hərbi xərclərini 1,6 faiz artıraraq 86 milyard dollara çatdırıb. Hindistanın artan iqtisadi gücü və insan resursu rəsmi Dehlini təhlükəli bir dövlətə çevirir. Hazırda Pakistanla Hindistan arasında gərginlik pik həddə çatıb. Hər iki tərəf müharibənin qaçılmaz olduğu barədə açıqlamalar verirlər. Pakistan müdafiə naziri yaxın günlərdə müharibənin başlama ehtimalının yüksək olduğunu dilə gətirib. Hindistanla Pakistanın hərbi gücünü müqayisə etdikdə, Hindistanın daha güclü olduğunu deyə bilərik. İstər havada, istər dənizdə, istərsə də quruda Hindistan ordusu üstün sayılır. Hər iki ölkənin nüvə silahının olması beynəlxalq təşkilatların iki dövləti müharibədən çəkindirmək üçün addımlar atacağını deyir. Ancaq sahədə baş verənlər hər iki dövlətin müharibəyə hazırlaşdığını göstərir. Tərəflər sərhədboyu hərbi texnikalar, canlı qüvvələr cəmləşdirirlər. Pakistanlı jurnalist həmkarlarımdan aldığım məlumatda deyilir ki, hər iki tərəf sərhəd istiqamətində yerli əhalidən özünümüdafiə dəstələri yaradır və hərbi təlimlər keçir. Yeri gəlmişkən, Çinin Pakistana ciddi hərbi yardımlar etməsi yönündə iddialar var. Çinin bu cür davranışı da anlaşılandır. Çünki əsas rəqiblərindən birinin ağır müharibəyə girməsi, zəifləməsi arzuolunandır.

Qlobal hərbi xərclərin artması fonunda hələ də sülh müqaviləsi bağlaya bilməyən Azərbaycan və Ermənistan da hərbi xərclərini rekord həddə çatdırıb. Hər iki dövlət hansı regionda olduğunun və Cənubi Qafqazın potensial münaqişə ocağı olmasının fərqindədir. Ona görə də müharibə ehtimalı bu regiondan uzaq deyil. Cənubi Qafqaz təkcə ərazi mübahisələri ilə deyil, gələcəkdə içməli su ehtiyatları üzərindən də potensial münaqişə ocağı kimi qalacaq.