01 Noyabr 2024 09:00
2588
LAYİHƏ

DÜNYANIN ƏN QƏHRƏMAN OĞULLARI

Kim nə deyir-desin, bir onu bilirik ki, dünyanın ən qəhrəman oğulları Azərbaycanda doğulub və boya-başa çatıb. Çünki tarixən oğullarımız Vətənin ən ağır günündə sinəsini irəli verərək yağı düşmənlə döyüşüb və onlara  diz çökdürüb. Bu, insanndan hünər, qəhrəmanlıq, mərdlik  tələb edir. Elə ölkələr var ki,  əhalisi çox olsa da, amma Vətənin ağır günündə döyüşən oğulları az olub. Ona görə də bax, həmin ölkələri yadellilər işğal edib və uzun müddət  orda lövbər salıblar. 

Azərbaycanın tarixini vərəqləsək görərik ki, ən qədim keçmişimizdə belə döyüşən  oğullarımız düşmənin heç bir hücumundan, hədəsindən, qorxusundan və müxtəlif hərbə-zorbasından çəkinməyiblər. Ən azından ona  görə ki, igid oğullarımız düşmənlə necə davranmağımızı, döyüşməyimizi çox yaxşı biliblər.  Elə bildiklərinə görə də ən ağır döyüşlərdə  düşmənin  dizini yerə atıblar və onu məhv ediblər.

Dünyaya səs  salan  İkinci Qarabağ savaşı bir daha göstərdi ki,  doğrudan da azərbaycanlılar döyüşməyi  bacarırlar. Özü də kişi kimi  döyüşürlər, yəni döyüş meydanında mülki əhaliyə, qadına, uşağa bir güllə belə atmırlar. Bunu tarix bir daha  44 günlük Qarabağ savaşında göstərdi. Tarix göstərdi ki, Azərbaycan ordusu və Ali Baş Komandan, prezident İlham Əliyev xalqımızı bu müsibətdən xilas etmək  üçün  çox düzgün çıxış yolu tapdı. Çünki ermənilər nə az-nə çox, düz 30 il 20 faiz ərazimizi işğal altında saxlamışdılar. Və düşünürdülər ki, hələ bir 30 il də bu  proses  davam edəcək, Qarabağ problemi dondurulacaq və bununla da onlar işğal etdikləri ərazilərimizin  sərvətini, varını-dövlətini  daşımaqda davam edəcəklər.
Amma hər şeyin bir sonu olduğu kimi, bu işğalın da bir sonu vardı. Bu son 2020-ci il  sentyabrın  27-də başladı. Ali Baş Komandan, prezident İlham Əliyevin əmri ilə Azərbaycan ordusu  əks hücuma keçdi. Bir neçə günün içində Füzulinin və Cəbrayılın işğal altında olan yaşayış məntəqələri, kəndləri azad olundu. Bu heç də asanlıqla  əldə olunmadı. Çünki hər kənd, hər qəsəbə, hər şəhər uğrunda Azərbaycan əsgəri aslan kimi döyüşür və qan  tökürdü. Azərbaycan əsgəri 44 günlük İkinci Qarabağ savaşında ölməyə getməmişdi, torpaqlarımızı  azad etməyə və düşmənlərimizi məhv etməyə  getmişdi. 
Sentyabrın  30-da mən də  həmin dövrdə Füzulidəydim. Azərbaycan Ordusunun əsgərləri  kalon şəklində  üzü Horadiz şəhəri  istiqamətində hərəkət edirdi. Hərbi maşınlarda isə əsgərlərimiz vardı. Təbii ki, bu əsgərlərin  çöhrəsində, üzündə bir  döyüşkənlik və qəhrəmanlıq hiss olunurdu. Onları aparan  hərbi maşınlara  yolun kənarında dayanmış yüzlərlə  insan  ya siqaret  atır, ya su atır, ya da müxtəlif geyimlər verirdilər. Əsgərlərin  buna ehtiyacı  yox idi, bu xalqın onlara  olan  böyük  sevgisi, birliyi  idi. Bu birliyi isə Ali Baş Komandan, Cənab  prezident İlham Əliyev yaratmışdı. Çünki savaşın başladığı  ilk gündən xalqımız bir yumruq kimi cənab prezidentin və Azərbaycan ordusunun  ətrafında birləşmişdi. Bu  yumruq adi yumruq deyildi, bu yumruq «Dəmir yumruq» idi. O «Dəmir yumruq» ki çox yox, bir həftənin içində  Füzulinin və Cəbrayılın onlarla  kəndi  işğaldan azad edildi. Təbii ki, cəbhədəki  uğurlarımız Azərbaycan xalqını, Azərbaycan əsgərini  daha da ruhlandırırdı. Artıq Cəbrayıl  şəhəri  işğaldan  azad olundu. Bir müddətdən sonra Hadrut  işğaldan azad olundu. Hadrutdan sonra  Füzuli şəhəri və onun  ətraf kəndləri  erməni işğalından  təmizləndi. 

Ordumuz  sürətlə Qubadlı və Zəngilan  istiqamətində irəliləyirdi. Bu hücumda xüsusi təyinatlılarımız, eləcə də  aviasiyamız daha  möhtəşəm  döyüşürdü. Aydındır ki, Qubadlının və Zəngilanın işğaldan azad olunması Laçın  dəhlizinin ələ keçirilməsinə imkan verirdi. Laçın  dəhlizinin ələ keçirilməsi o demək idi ki, artıq ermənilərin  bütün nəfəsliyi  və yolu  kəsilirdi. Onlara Ermənistandan  gələn köməyin qarşısı  tamamilə  alınırdı. İldırım sürətli  hücumumuz erməni  əsgərlərini və zabitlərini  tamamilə  çaş-baş salmışdı. Hətta bir  erməni  generalı deyir ki, mən Qubadlı istiqamətində olarkən xidməti maşınımdan və döyüş texnikasından istifadə etmədim. Təcili Tibbi Yardım  maşınınına minib döyüş mövqeyimi  tərk etdim. Bilirdim ki, azərbaycanlılar Təcili Tibbi Yardım  maşınlarına  və  mülki  əhaliyə  atəş  açmırlar. Bu, erməni  generalının  dediyi fikirlərdir. 

Bir daha  İkinci Qarabağ  savaşı göstərdi ki, ordumuz mülki əhaliyə qarşı heç bir silah tətbiq etməyib. Amma erməni faşistləri  Kəlbəcərdə, Xocalıda, Qubadlıda, Zəngilanda mülki əhali  həmin yerləri  tərk edərkən  ağına-bozuna baxmadan  insanları  güllə-baran elədilər. Hətta qadınlara, qocalara, uşaqlara belə rəhmləri gəlmədi.  Bütün bunlar onların iç üzünü, əxlaqını, bir sözlə  erməniliyini  üzə çıxartdı.

Noyabrın  8-də isə Şuşanın işğaldan azad olunması erməni  ordusunun və rəhbərliyinin belini  qırdı. Və onlar  məcbur olub  noyabrın  10-da üçtərəfli Bəyannaməyə təslim olmaq haqqında imza atdılar. 

Tarix bir daha göstərdi ki,  ermənilər  heç vaxt öz qüvvələri ilə döyüşmək  gücünə malik deyillər. Çünki onlar  həmişə öz havadarlarına sığınıblar və güvəniblər. Və günlərin  bir günündə də o havadarlar ermənilərin  arxasından  çəkiləndən  sonra, bax, beləcə dizlərini  yerə qoyub təslim olurlar.

44 günlük İkinci Qarabağ savaşı bir daha  Azərbaycan ordusunun  möhtəşəmliyini, qüdrətini  və gücünü göstərdi.   Dünyanın heç bir ordusu  hər hansı bir hərbi əməliyyat və döyüş apararkən bizim ordu kimi yüksək peşəkarlıq göstərməyib. Bu peşəkarlıq da ondan  ibarətdir ki, düşmənin yerləşdiyi yaşayış  məntəqələrində yaşayan mülki əhaliyə  heç bir zərbə endirilməyib. Üstəlik də Şuşanın azad olunması  onu göstərdi ki, dünya tarixində qeyri-adi bir unikal əməliyyat  həyata  keçirildi. Bu əməliyyatın taktikası və təcrübəsi  bu gün də bir çox ölkələr  tərəfindən  öyrənilir.  Çünki 44 günlük İkinci  Qarabağ savaşı möhtəşəm bir  döyüş idi! 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.