20 Sentyabr 2024 09:00
5101
LAYİHƏ

DÜŞÜNCƏ AZADLIĞI OLAN YERDƏ…

Deyirlər ki, dünyada ən şirin şey azadlıqdır. Azadlıq olmayan yerdə insan heç vaxt özünü sakit, rahat, normal hiss edə bilməz. Ən azından ona görə ki, narahat və həddindən çox çiynində yükü olan insanlar bunu hamıdan yaxşı bilirlər. Yaxşı bilirlər ki, istənilən yerdə, istənilən  məqamda insana hava və su kimi azadlıq  lazımdır. Və bu azadlıq da heç də birdən-birə asanlıqla əldə edilmir. Asanlığı əldə etmək  üçün isə  demokratik, hüquqi və sivil bir dövlət yaradılmalıdır.

Heç kimə sirr deyil ki, Azərbaycan da uzun illər SSRİ kimi böyük bir dövlətin tərkibində olub. Düzdür, respublikamız o 70 ildə  müəyyən irəliləyişlər və uğurlar əldə edib. Bunu  heç vaxt inkar etmək mümkün deyildir. Çünki hələ indiyə kimi heç bir siyasi şəxsiyyət,  heç bir siyasi qüvvə tarixin təkərlərini  nə irəli çəkə bilib, nə də geri. 

Əlbəttə, azadlıq və müstəqillik üçün elə müstəqil də dövlət yaradılmalıdır. Ölkəmiz də SSRİ-nin tərkibində olarkən digər respublikalar kimi  müstəqil dövlət olmayıb və yuxarıdan gələn bütün  tapşırıqlar  yerinə yetirilib. Amma 70 ildən sonra  Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Yəni ölkə demokratik prinsiplər və dünyəvi dəyərlər əsasında yenidən qurulmağa başladı. Bu proses də heç də asan məsələ deyildi. Çünki birdən-birə totalitar rejimdən demokratik sistemə keçmək elə də asan deyildi. Bütün bunlar isə onu deməyə əsas verirdi ki, Azərbaycanda çox böyük demokratik proseslər, yenidənqurma və dünyəvi dəyərlərə  xidmət edən addımlar  atılırdı. Bu addımları isə xalqın tələbi ilə  ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev gerçəkləşdirirdi. 

Digər respublikalarla müqayisədə Azərbaycanda Heydər Əliyev hakimiyyətə gələrkən vəziyyət daha mürəkkəb idi. Elə bu mürəkkəb vəziyyətə görə də xalqın tələbi ilə Ulu Öndər hakimiyyətin sükanı arxasına keçdi. Həmin dövrdə Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də hərbi vəziyyət həddindən artıq ağır idi. Təbii ki, belə bir durumda ölkəni  idarə etmək, demokratik prosesləri yeni tələblər əsasında qurmaq və hüquqi dövlət yaratmaq elə də asan iş deyildi. Üstəlik də Azərbaycanın 20 faiz torpaqları  erməni işğalı altındaydı. Bununla yanaşı, ölkəmizdə gedən siyasi-iqtisadi və hərbi inkişafa bir çox dövlətlər hər vasitə ilə maneçilik törətmək istəyirdilər. Onların məqsədi bundan ibarət idi ki, Azərbaycanın başı  öz daxili məsələlərinə qarışsın, 20 faiz torpağını işğaldan azad edə bilməsin və iqtisadi  çətinliklər burulğanında boğulsun.

Bu dediyimiz bütün məsələlər dünya şöhrətli   siyasətçi Heydər Əliyevin çiynində çox ağır bir yük idi. Amma Heydər Əliyev xalqa arxalanaraq bu yükü axıra qədər daşımağı bacardı, müstəqil Azərbaycanın iqtisadi inkişafı və müdafiə qüdrətinin möhkəmlənməsi üçün çox böyük işlər görməyi bacardı. Bəlkə də bunu bizim düşmənlərimiz bu tezliklə  həll edəcəyimizə inanmırdılar, amma Heydər Əliyevin çox güclü iradəsi və siyasi potensialı hesabına Azərbaycan get-gedə öz iqtisadi qüdrətini gücləndirməklə yanaşı daxildəki demokratik  prosesləri də tənzimləməyi bacardı. Çox qısa  müddətdə  Ulu Öndər Heydər Əliyevin göstərişi ilə ölkədə sağlam, demokratik bir mühit yaradıldı. Sovet dönəmindən qalmış və hələ də davam edən senzura müəyyən zaman kəsiyindən sonra aradan qaldırılmağa başlandı. Təbii ki, bu prosesləri də birdən-birə həll etmək mümkün deyildi. Digər siyasi-iqtisadi və hərbi məsələlər kimi bu problemin də çözülməsinə zaman lazım idi. Gərək  zamanın hər anından, hər dəqiqəsindən istifadə edəsən.

Bəli, ölkəmizdə də müəyyən zaman kəsiyindən sonra söz, mətbuat, fikir plüralizmi və düşüncə azadlığı sahəsində çox  cəsarətli addımlar atıldı. Bu addımların atılması ilə uzun illər ölkəmizdə mövcud olan və dövlətimizin inkişafına maneçilik törədən köhnə təbliğat və ideoloji  sistem yenisi ilə əvəzləndi. Məlum oldu ki, Azərbaycan cəmiyyəti azad sözə, fikir plüralizminə və düşüncə azadlığına çox böyük önəm verir. İnsanlar bu şəraitdən sonra özlərini daha rahat, daha sakit və daha normal hiss etməyə başladılar. Çünki onlar  istənilən fikirlərini həm mətbuatda, həm cəmiyyətdə, həm də sosial şəbəkələrdə ifadə etmək hüququna malik oldular. Üstəlik də əgər Sovet dönəmində ölkəmizdə 10-15 qəzet çap edilirdisə, müstəqillik dövründən sonra, yəni söz və mətbuat azadlığı  əldə ediləndən bir müddət keçməmiş məmləkətimizdə yüzlərlə qəzet işıq üzü gördü, çoxlu sayda saytlar  fəaliyyətə başladı, özəl kanallar yaradıldı və yeni televiziya kanalları istifadəyə verildi.

Bütün bu çoxşaxəli informasiya  şəbəkəsinin fəaliyyəti heç şübhəsiz Azərbaycanda demokratik mühitin və insan haqlarının qorunmasında əvəzsiz rol oynadı. Çünki müstəqillik dövrümüzün ilk illərində ölkəmizə səfər edən Avropa İttifaqının və eləcə də digər qurumların nümayəndələri deyirdilər ki, Azərbaycanda söz və mətbuat azadlığına  şərait yaradılmır. Amma elə ki onlar gəlib ölkəmizdə yeni yaradılmış mühiti, ab-havanı və demokratik prosesləri gördülər çoxları o fikirlərdən  əl çəkdilər. Ancaq buna baxmayaraq, yenə qərəzli Avropa nümayəndələri ölkəmiz haqqında şər-böhtan yaymaqda idi. 

Əsas məsələ o idi ki, dünyanın və Avropanın əksər qurumları Azərbaycanda gedən demokratik prosesləri, o cümlədən söz, mətbuat, məlumat azadlığını alqışlayırdılar. Çünki onlar özləri də bilavasitə cəmiyyətin  içində olur, insanlarla görüşür, onların hansı hisslər və duyğular keçirdiyinin şahidinə çevrilirdilər. Onlar görürdülər ki, artıq Azərbaycan 90-cı illərin əvvəllərindəki ölkə deyil. Azərbaycanda 90-cı illərdən sonra siyasi-iqtisadi və demokratik cəhətdən daha da inkişaf etmiş, söz, mətbuat, düşüncə sərbəstliyi  yaradılmış və demokratik sahədə  yaşıl işıq yandırılmışdı. 

Əlbəttə, bu gün ölkəmizdə söz və mətbuat azadlığının mövcudluğu  insanların öz fikirlərini və düşüncələrini  daha sərbət  surətdə  ifadə etməsinə unikal bir şərait  yaradır. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşı yeni düşüncə, fikir plüralizmi və məlumat azadlığı əldə etməklə özünü daha sərbəst, daha rahat və daha normal hiss edir.  Çünki insan azad olanda yaşamağın nə olduğunu daha dərindən dərk edir. 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.