04 May 2025 14:48
417
DÜNYA

Ərdoğan: Kipr məsələsi iki suveren dövlət prinsipi əsasında həll olunacaq

Bölünmüş Kipr problemi nəhayətində adada iki suveren dövlətin yaradılması prinsipləri əsasında həll olunacaq.

    Adalet.az xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 mayda Şimali Kiprə səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

    "Biz Kipr Türk Cümhuriyyəti Prezidenti Ersin Tatar tərəfindən irəli sürülən iki dövlət əsasında həll prinsipini bütün gücümüzlə dəstəkləyirik. Bu məsələdə töhfə verməyə və konstruktiv yanaşma nümayiş etdirməyə davam edəcəyik. 17–18 mart tarixlərində BMT-nin himayəsi altında Cenevrədə geniş tərkibdə keçirilən qeyri-rəsmi görüşdə qərar verildiyi kimi, Kipr türkləri gec-tez adada suveren bərabərliklərini və bərabər beynəlxalq statuslarını qeydiyyatdan keçirəcəklər", – Ərdoğan bildirib.

    Ərdoğanın sözlərinə görə, Türkiyə bu yolda Şimali Kipr Türk Cümhuriyyətinin hər zaman yanında olacaq: "Biz ədalətli, daimi, davamlı və reallıqlara əsaslanan bir həll istəyirik. Bölgəmizdə baş verən hadisələr də bu reallığın artıq qəbul edilməsinin zəruri olduğunu göstərir. Artıq hər kəs anlamalıdır ki, adada iki xalq və iki dövlət mövcuddur".

    O əlavə edib ki, Ankaranın Kipr türklərinə və onların müstəqil dövlətinə dəstəyi davamlıdır və Türkiyə Şimali Kiprin təhlükəsizliyinin zəmanətçisidir./apa