11 Oktyabr 2024 09:00
4170
LAYİHƏ

FÜZULİDƏ  ABADLIQ-QURUCULUQ İŞLƏRİ GENİŞ VÜSƏT ALIB

Heç kimə sirr deyil ki, bu gün ölkəmiz bir çox iqtisadi-sosial və hərbi problemləri həll etməklə yanaşı, azad olunmuş ərazilərimizdə çox böyük tikinti-quruculuq və abadlıq işləri görülür. Dünyanın heç bir ölkəsində ağır müharibədən sonra öz qüvvəsi  hesabına bu cür  möhtəşəm işlər  gerçəkləşdirilməyib. Ən azından ona görə ki,  Azərbaycanın erməni işğalından  azad olunmuş  20 faiz ərazisində yağı düşmən daşı daş üstə qoymayıb. Evləri-eşikləri, sosial obyektləri söküb aparıb, aparmadıqlarını da od vuraraq yandırıb. 

Dünyada  çox müharibələr olub, amma o müharibələrdə insanların yaşadıqları  binalar, sosial  obyektlər və digər tikililər  darmadağın dağılmayıb. Ola bilər  yaşayış məntəqələrinə düşmən artileriya  zərbəsi və tank mərmisi atsın, amma bu da o demək deyil ki, bütün yaşayış binaları və məntəqələr darmadağın dağılmalıdı. Ona görə də bizim əsas çiynimizə düşən yük ağır olsa da ölkəmiz bunun  hamısını  öz qüvvəsi hesabına həll edib və həll edir. Bir xarici dövlət ağızlarını açıb bütün günü demokratiyadan, insan azadlığından və beynəlxalq hüquqdan dəm vuran ABŞ, eləcə də Avropa ölkələri azad olmuş ərazilərimizdə bərpa işlərinə bir dollar da pul ayırmayıb. Amma işğalçı və insan qanı içən ermənilərə yüz milyonlarla dollar  pul verilib. Bu pulu da guya böyük sülh proqramlarının  həyata keçirilməsinə  yönəldilməsi  üçün onlara  ödənilir. Amma ermənilər sülh  proqramı  əvəzinə həmin vəsaitlə öldürücü  silahlar alır, müharibəyə hazırlaşır və tez-tez  atəşkəsi pozurlar.

Deməli, burdan belə bir məntiqi nəticə çıxır ki, biz dünyada heç bir ölkəyə arxalanmamalıyıq. Xüsusən də demokratiyadan və insan hüquqlarından dəm vuran adını  çəkdiyimiz bu ölkələrə, Biz ancaq Türkiyəyə və digər qardaş türk xalqlarına  güvənə bilərik. Yəni ən ağır günümüzdə onlar həmişə bizim yanımızda olub və bu gün də işğaldan azad olunmuş rayonlarda gedən tikinti-quruculuq işlərində həmin qardaşlarımız bizə lazımi maddi və mənəvi  köməkliyi göstərirlər.

Bu gün Füzulidə demək olar ki, çox  möhtəşəm quruculuq və  tikinti işləri həyata keçirilir. Araz boyu istiqamətdə demək olar ki, Horadiz şəhəri də daxil olmaqla bütün yaşayış məntəqələrində yeni-yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları tikilib. Və unikal  infrastruktur yaradılıb. Rayonun bütün kəndlərinə asfalt yollar çəkilib və təbii qaz istifadəyə verilib. Bununla yanaşı, işıq, su sistem idə dayanıqlı olaraq əhaliyə xidmət göstərir. Başqa sözlə demiş olsaq, bu gün  Arazboyu kəndlərdə çox unikal və tarixi  işlər  həyata keçirilib. Təkcə Horadiz şəhərində Heydər Əliyev  Parkını  xatırlamaq nəyə desən deyər. Bununla yanaşı, Bayraq meydanının əzəməti, digər park və xiyabanların qeyri-adi görünüşü rayona gələnləri heyrətləndirməklə yanaşı, həm də sevindirir.

Bəlkə də Horadiz şəhəri  respublikamızın müasir üslubda tikilmiş ən səliqəli və qeyri-adi şəhərlərindən biridir. Bu şəhəri  hər gün  üç dəfə  təmizlik  işçiləri  təmizləyir, yolları  süpürür, yolların  kənarındakı yaşıllıqlara davamlı olaraq  xidmət göstərirlər. Hər mövsümə uyğun  bu yaşıllıqlara  qulluq edilir. Son on ildə Horadiz şəhərində yüz mindən  çox çinar, küknar və  digər  ağaclar əkilib. Bir vaxtlar  isti yay günlərində bu şəhərdə durmaq mümkün deyildi. Çünki indiki kimi Horadizdə sayı-hesabı bilinməyən ağaclar, yaşıllıqlar bəzək  kolları və digər güllər-çiçəklər yox idi. İndi bu  güllər-çiçəklər  şəhərə bir gözəllik, bir rəng qatmaqla yanaşı, həm də insanlarda xoş ovqat yaradır. 

Artıq abadlıq işləri sürətlə davam edir. Heç kimə sirr deyil ki, Füzuli şəhəri erməni işğalından azad olunandan sonra burda əsaslı surətdə tikinti və quruculuq işlərinə başlanılıb. Əlbəttə, qısa zaman kəsiyində belə möhtəşəm işləri görmək və həyata keçirmək elə də asan məsələ deyildi. Çünki ölkə prezidenti Cənab İlham Əliyev əvvəllər də Füzulidə olanda görüşlər zamanı deyirdi ki, biz azad olunacaq rayonlarımızda, şəhərlərimizdə, qəsəbələrimizdə və kəndlərimizdə bundan da gözəl tikinti-quruculuq işləri görəcəyik.

Bəli, cənab Prezident həmişə xalqa nə söz veribsə onu da yerinə yetirib. Füzuli şəhəri işğaldan azad olunandan  bir müddət  keçməmiş burda çox möhtəşəm  bir Beynəlxalq Hava limanı  inşa olundu. Özü də o hava limanı qısa zaman kəsiyində istifadəyə verildi. Demək olar ki, Füzuli Beynəlxalq Hava  limanı  dünya standartlarına  cavab verən ən müasir  üslubda  tikilib və eyni zamanda yeni  texnologiya, texnika ilə təchiz edilib. Burda demək olar ki, hər cür infrastruktur mövcuddur. Hava limanı bütün növ təyyarələri qəbul etmək gücünə malikdir. 

Biz dəfələrlə  gördük ki, bir çox xarici dövlətlərin prezidentləri, o cümlədən  Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan  Azərbaycana gələrkən onun təyyarəsi birbaşa  Füzuli Hava limanına  eniş etdi. Bütün bunlar onu deməyə əsas verir ki, bu möhtəşəm Hava limanı hər cür şəraitə malikdir. 
Füzuli şəhərində çoxlu sayda yaşayış binaları, xəstəxana, uşaq bağçası və digər sosial obyektlər  istifadəyə verilib. Artıq bu gün Füzuli şəhərində minlərlə insan  məskunlaşıb və onlar rahat  yaşayırlar. Tək rahat yaşamırlar, həm də bir çoxları işlə təmin olunublar. Füzuli şəhərinin havası da gözəldir, suyu da gözəldir, təbiəti də gözəldir. 

Bu gün  şəhərdə  çox möhtəşəm tikinti-quruculuq və abadlıq işləri davam edir. Füzuli şəhərində  yeni mənzillə təmin olunmuş yaxın dostlarımızdan biri Elmin İdrisli deyir ki, artıq xeyli vaxtdır ki, mən və ailəm Füzuli şəhərində yaşayırıq. İnanın, bura cənnətdir desək, yanılmarıq. Çünki şəhərimizin  havası, suyu, torpağı çox gözəldir. Artıq neçə dostum  bizim evə qonaq gəlib və aldığımız ev də onların çox xoşuna gəlib. Sözümün canı ondan ibarətdir ki, şəhərimiz gündən-günə böyüyür və gözəlləşir. Çox yox, dörd-beş ildən sonra Füzulidə çox möhtəşəm işlər görülüb başa çatacaq və burda on minlərlə  insan məskunlaşacaq. Hər halda, doğma şəhərdə yaşamaq və işləmək bizim üçün çox şərəflidir.

 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.