25 Aprel 2025 23:26
159

Hikmətin ifadəsi, ifadənin hikməti... - Zaur Əhməd yazır

İnsanları bir-birinə yaxınlaşdıran, qohum, dost, yoldaş edən bağlar olur. Amma elə bağ var ki, heç bir əlaqən olmadan yad biri ilə könül bağın olur....

11 yaşımdan bəri harada bir şəhid balası, şəhid yoldaşı, qazi, döyüşçü görəndə özümdən asılı olmadan yaxın hiss etmişəm. Sanki onlarla aramda hansısa doğmalıq bağı var. Çox sonralar anladım ki, bizim aramızdakı bağ yara bağıdır...

Aşağı-yuxarı hamımızın yarası var. Hərənin yarası bir cür sızlasa da, eyni dərddir, eyni yaradır. İçin-için sızlayan, xısın-xısın ağlayan yara. Doğrudur, bu yaralar möhtəşəm qələbəmizdən sonra qaysaqlayıb, sağalıb, amma bəzən zorla qoparılırmış kimi göynəyə bilir. Özü də bizdən birinin yarasını görəndə, bizim kimi yaralının dərdini dinləyəndə təzələnir, ilk günlərdəki kimi göynəyir. İş ordadır ki, daha ağlayıb düşmən sevindirmək də istəmirik. Tay bizə ağlamaq da olmaz, heç yaraşmaz da...

Dünən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin növbəti məhkəmə iclası keçirilib və bir sıra zərərçəkmiş şəxslər ifadə veriblər. Zərərçəkmiş qismində ifadə verənlərdən biri də tanınmış qarabağlı jurnalist Hikmət Sabiroğludur. Hikməti çoxdan tanıyıram. Şəxsiyyəti ilə qələmi üst-üstə düşən azsaylı həmkarlarımdandır. Nadir hallarda tədbirlərdə rastlaşaram, uzaqdan-uzağa salamlaşarıq, vəssəlam. Amma onunla yaradaş, yəni, eyni yara sızıntısı çəkdiyimizi hiss etmişəm. Ona hörmətimi birə-iki artıran məqamlardan biri də elə budur.

Onun məhkəmədəki ifadəsini oxuyandan sonra xeyli təsirləndim. İnanın ki, içimdən keçənlərin heç bir faizini belə ifadə etməyə qələmimin gücü çatmır. Bəzi hisslər yalnız ruhən duyulur, onu cismani ifadə etmək mümkünsüzdür. Bir ifadənin bu qədər hikmətimi olar?!

Hikmət deyir ki: “Ermənistanın digər rayonlarında da olmuşam. Qarabağda ermənilər yaxşı yaşayırdılar. Yaxşı həyatları var idi. Camaatı qaldırdılar azərbaycanlıların üstünə, bizim qanımızı tökdülər, torpaqlarımızı işğal etdilər. Anam torpaq nisgili ilə 2013-cü ildə dünyadan köçdü. Hər şeyi bağışlaya bilərəm, bircə anamın o nisgillə dünyadan köçməsini bağışlaya bilmərəm”.

Bəli. Heç kim onu dərindən yaralayanı bağışlaya bilmir. Bizə xalq olaraq, zülm edən, əlini insanımızın qanına batıran, namusumuza toxunan, minlərlə qadını başsız, uşağı atasız qoyan, bizi illərlə yurd-yuvamızdan edən bir düşməni bağışlamaqmı olar?!

Hikmət qardaş, hərənin dərdi, yarası özünə daha ağrılı gəlir. Biz də bağışlamırıq. O qədər haqlısan ki... Ananın dünyadan nisgilli köçməyi səni necə yaralayıbsa, indi əli-qolu bağlı sənin qarşında dayanan miskin varlıqları bağışlamağa, Allaha da həvalə etməyə ürəyin gəlmir.

Mən atamı 31 il əvvəl Qarabağ savaşında itirmişəm. Amma onun ruhu hər zaman mənə güc verib. Heç vaxt özümü arxasız, dayaqsız hiss etməmişəm. Dözmüşəm, böyümüşəm, istər mənən, istər ruhən ötkəm bir adam ola bilmişəm. Qəlbimdə qırıqlıq olsa da, boynum bükük olmamışam. Bəlkə də qələbəyə xatir, bundan sonra qan tökülməməsinə xatir o miskin varlıqları - erməniləri bağışlamasam da, Allaha həvalə edirəm. Amma həyatının baharında yoldaşını itirən anamın gözlərindəki nisgilə, bacılarımın uşaqlıqdakı boynubükük tövrlərinə görə zərrə bağışlamağım gəlmir. Odur ki, səninlə həmdərd olduğum qədər də, həmfikirəm. Bunlar elə düşməndirlər ki, bağışlamaq da olmur.
Bəlkə də burada bir hikmət var. Allah bizə elə bir qələbə qismət elədi ki, dərdlərimizi unudub, sızlayan yaramıza və ürəyimizə su səpildi. Allah bir daha bizi bağışlaya bilməyəcəyimiz zülmlə üz-üzə qoymasın!

Digər Xəbərlər