01 Aprel 2025 12:34
192
SİYASƏT

“İcra haqqında” qanuna dəyişiklik təklif olunur

Milli Məclisdə “İcra haqqında” Qanuna dəyişiklik təklif olunur.

Adalet.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçiriləcək.

Bundan başqa, icra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilmir.

Digər dəyişikliyə əsasən icra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuruna təqdim edəcək. Tələbkar bu barədə icra məmuruna məlumat təqdim etmədikdə, ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandırır və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verir. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödəniləcək. 

İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə ediləcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.