07 Aprel 2025 12:59
360
ƏDƏBİYYAT

İdris Şükürlünün yeni kitabı

Öncədən deyim ki, söz adamı istənilən bir mövzuya könül verəndə mütləq hansısa bir səbəbdən, təsirdən yararlanır, yəni onu yazı masasına nə isə çəkib aparır və o da ilhamının, istedadının gücünə söykənib qələmlə baş-başa qalır. Beləcə dünyaya yeni söz, yeni kitab gəlir.

Biz 30 il vətəndə vətənsiz yaşadıq. Bir milyona yaxın qaçqının, köçkünün, didərginin, eləcə də itirdiyimiz torpaqların, verdiyimiz şəhidlərin, əsirlikdə insanlığa yaraşmayan zülmləri yaşayanların talehini düşünə-düşünə Minsk qrupunun ədalətini gözlədik. Böyük dövlətlərin haqqımıza müdafiə edəcəyinə ümid bəslədik. Elə bildik ki, özlərini demokrat hesab edənlər ədalətin, haqqın tərəfdarı kimi özlərini dünyaya göstərənlər nəhayət ki, bizim də səsimizi eşidəcəklər. Çox təəssüf ki, belə olmadı.

Elə buradaca çox böyük ürəklə və cəsarətlə  demək istəyirəm ki, yaxşı ki, belə olmadı. Yoxsa bizi erməni işğalından «xilas edənlər» sabah boynumuza haqq qoyacaqdılar və biz onların qarşısında müəyyən mənada aşağılamış olacaqdıq. Elə Ali Baş Komandanımızın, ölkə prezidentimizin dəmir yumruğu bizi təkcə işğaldan yox, həm də həmin o Minsk qrupundakı təmsilçilərin, eləcə də özlərini demokrat sayanların minnətindən də xilas etdi. Biz heç kimin minnətini götürmədən nəyə qadir olduğumuzu ortaya qoya bildik. 

Bax elə əlimdəki, daha doğrusu masamın üstündəki kitab da həmin o qələbədən bəhs edir. Kitabın müəllifi, əməkdar jurnalist İdris Şükürlüdü. Kitab «Qalib ordunun müzəffər sərkərdəsi» adlanır. AYB və RFJİ-ni üzvü Əlihüseyn Şükürovun redaktorluğu ilə işıq üzü görmüş bu kitabda İdris Şükürlü böyük qələbəmizə həsr olunmuş özünün və müxtəlif müəlliflərin yazılarını bir araya gətirib. Kitabı vərəqlədikcə insana bir Azərbaycan vətəndaşı olaraq özəl bir qürur hissi hakim olur. Hiss edirsən ki, hansı dövlətin vətəndaşısan. Fəxr edirsən ki, hansı torpağın övladısan və bir də qürur hissi keçirirsən ki, öz gücünlə, öz ordunla, öz sərkərdənə və onun dəmir yumruğu ilə halal haqqını dünyaya sübut etmisən. Göstərmisən ki, Şuşanı, Qarabağı, ümumiyyətlə, işğal altında olan bütün torpaqlarımızı azad etməyə qadirik. Çünki döyüşən övladlarımız və onlara rəhbərlik edən qadir Ali Baş Komandanımız var.

Barəsində bəhs etdiyim kitab İdris Şükürlünün «Şərəfli missiya, əbədi zəfər!» məqaləsi ilə başlayır. Elə həmin məqalədə müəllif göstərir ki, ulu öndərin layiqli varisi olan  Azərbaycan Prezidenti Ali Baş Komandanımız cənab İlham Əliyev «İrəli!» əmrini verməklə 44 gün ərzində yeni bir tarix yazdı. 44 gün ərzində dünya inanılmaz bir qələbənin şahidi oldu. Düşmən ordusu darmadağın edildi, şəhidlərimizin qisası alındı, bayrağımız Şuşada və digər işğaldan azad edilmiş digər ərazilərimizdə dalğalandı.

Kitabdakı nəsr və poeziya nümunələrindən, eləcə də oxuculara təqdim edilən fotolardan açıq-aşkar görünür ki, xalq, ordu öz sərkərdəsinin ətrafında necə sıx birləşib. Eləcə də Şuşada keçirilən müxtəlif beynəlxalq, həmçinin «Xarı Bülbül musiqi festivalı» və «Vaqif poeziya günləri» kimi tədbirlərdən bəhs edən yazılarda da xalqımızın əzmini, rəhbərimizin iradəsini qürur hissi ilə yaşamaq, fəxarət hissi keçirmək mümkündür.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab həm də qan yaddaşımızın, həm də gənc nəslimizin təlim-tərbiyəsində əyani bir vəsait kimi də çox maraqlıdır. Düşünürəm ki, həmkarımız İdris Şükürlünün araya-ərsəyə gətirdiyi bu kitabla təkcə ədəbi sözümüzə yox, həm də şəhidlərimizin ruhuna özünün böyük ehtiramını ifadə edibdir.

Əbülfət Mədətoğlu