30 Iyul 2025 17:43
230
DÜNYA

MOSSAD iranlı generalı Tehranda güllələyərək öldürübmüş 

İsrailin hücumu zamanı ölən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Şadmani haqqında yeni məlumatlar ortaya çıxıb.

Adalet.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, generalın qızı onun İsrailin hava zərbələri nəticəsində həlak olması barədə İran hakimiyyətinin rəsmi açıqlamasını təkzib edib.

O, atasının Tehranın mərkəzində MOSSAD agentləri ilə atəşmada qətlə yetirildiyini bildirib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha əvvəl Şadmaninin iyunun 17-sə hava zərbəsində həlak olduğunu bildirib. Ancaq qızının sözlərinə görə, Şadmani Tehranda küçənin ortasında MOSSAD agentləri tərəfindən mühasirəyə alınıb və mühafizəçiləri ilə birlikdə ağır silahlı qarşıdurmaya girib. Nəticədə, Əli Şadmani hadisə yerində həyatını itirib.

"Atamı küçənin ortasında vuraraq qətlə yetirdilər. İsrailin agentləri paytaxtın göbəyində hücum etdi. Rəsmi açıqlamalar həqiqəti əks etdirmir", - deyə generalın qızı bildirib.

Qeyd edək ki, Əli Şadmani bu vəzifəyə 13 iyun tarixində İsrailin həyata keçirdiyi hücum nəticəsində həlak olmuş Qulaməli Rəşidin yerinə təyin edilmişdi. Şadmani İran Silahlı Qüvvələrinin ən mühüm komanda mərkəzlərindən biri olan “Hatemül-Ənbiya” qərargahına rəhbərlik edirdi. Bu qərargah hərbi planlaşdırma və müharibə vəziyyətində birgə əməliyyatların koordinasiyasına məsuldur.

İran hökuməti hələ də ilkin versiyaya sadiq qalsa da, ictimaiyyət arasında yaranan suallar və Şadmani ailəsinin açıqlamaları hadisənin miqyasını və İran daxilindəki təhlükəsizlik boşluğunu bir daha üzə çıxarıb.