21 Sentyabr 2024 16:30
5103
LAYİHƏ

Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyi Göyçayda tibbi maarifləndirmə tədbiri keçirib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin “Ürək, qan-damar xəstəlikləri: erkən aşkarlanma həyat xilas edir” layihəsi çərçivəsində  Göyçay rayonunda sentyabrın 20-də tədbir keçirilib.

Tədbiri açıq elan edən, layihə rəhbəri,  Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva bildirib: “Ürək qan damar sistemi xəstəliklərinin inkişaf riski, bu xəstəliklərin ağırlaşmasının profilaktikası barədə əhalini geniş maarifləndirmək əsas məqsədlərimizdən biridir. Praktiki tövsiyələr verməklə yanaşı, yerlərdə insanların sağlamlığının qorunmasına və yaxşılaşmasına nail olmaq, kardiolojı xəstəliklərinin ağırlaşmasının qarşısını müəyyən qədər də olsa almaq  hədəfimizdədir. Biz uzun illik praktiki təcrübəmizə, müşahidələrimizə əsaslanıb onu deyə bilərik ki, əhalidə ürək xəstəliklərinin inkişaf riskinin azaldılması məqsədi ilə maarifləndirmə tədbirlərinin təşkili  zəruridir. Bu zərurəti dərk edərək,  bu gün Göyçay rayonunda 70-dən yuxarı tədbir iştirakçısı ilə görüşüb maarifləndirmə  işini davam etdiririk”.

 QHT sədrinin verdiyi məlumata görə,  daha  sonra tədbirə qatılan çox saylı iştirakçılara 30 sualdan ibarət test tapşırıqları paylanıb. Həmin test vərəqələri tam doldurulduqdan sonra ayrılıqda yoxlanılıb, təhlil olunub.   Bu usulla tədbir iştirakçıları arasında kardioloji patologiya riskini və xəstəliyini təyin etmək mümkün olub.  Tədbirə qatılan iştirakçılar  layihənin aktuallığını qeyd edərək, öz sağlamlıq durumları haqqında suallar veriblər. Qarşılıqlı müzakirələr şəklində davam edən  görüşdə  hər bir kəsin sualları cavablandırılıb, onlara lazımı tövsiyələr verilib. Ürək, qan-damar xəstəlikləri: erkən aşkarlanma həyat xilas edir layihəsi çərçivəsində xeyli sayda  Göyçay rayon sakinini məlumatlandırmaqla bərabər onlara ailə üzvlərinin də belə test vərəqlərinin evdə doldurması tövsiyə edildi. Deməli, layihədən faydalanan, maariflənən yalnız 75 nəfər  tədbir iştirakçısı deyil, həmçinin həmin iştirakçılarının ailə üzvləri olacaq.  Onu da qeyd edək ki, bizim növbəti tədbirimiz Göyçay rayonunda orta məktəb şagirdləri üçün  təşkil olunacaq.