26 Sentyabr 2024 17:39
4851
LAYİHƏ

QHT Qaradağ rayonunda Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü münasibətilə tədbir keçirdi

“Vətəndaş Tribunası” İctimai Birliyi icra etdiyi “Qarabağ zəfərinin əsasları” layihəsi çərçivəsində növbəti tədbiri Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirib. Azərbaycan torpaqlarının 30 illik işğalına sonqoymuş 44 günlük Vətən müharibəsinin başlanma günü ərəfəsində təşkil edilmiş görüşdə Qaradağ rayonu şəhid ailələri və qazilərinin, rayon veteran təşkilatlarının təmsilçiləri, ictimai fəallar və pedaqoji kollektivlərin nümayəndələri iştirak etmişlər.

Tədbirdən öncə Milli Məclisin Qaradağ rayonundan seçilmiş deputatı  Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, “Vətəndaş Tribunası”İctimai Birliyinin sədri Səfər AlışarlıLökbatan qəsəbəsindəki şəhid məzarlığının ziyarət etmişlər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Görüşü giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev 27 sentyabr 2020-ci ildə başlanmış Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsini yüksək qiymətləndirərək, onun  böyük tarixiəhəmiyyət daşıdığını qeyd etmişdir. O bildirmişdir ki, son iki yüz ildə doğma torpaqları hissə-hissə itirən Azərbaycan bu müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənə döyüş meydanında sarsıdıcı zərbə endirərək zəfər qazandı. Q.Əliyev bütün dünyanın bu müharibəni diqqətlə izlədiyini, bir sıra ermənipərəst dövlətlərin işğalçıya hərbi, siyasi və maddi dəstəyini qeyd edərək, ordumuzun işğalçılara qarşı rəşadətlə vuruşduğunu, əsgər və zabitlərimizin qələbə naminə öz qanını, canını belə əsirgəmədiklərini vurğuladı. Q.Əliyev Qarabağa böyük qayıdışın bu gün uğurla həyata keçirildiyini, işğaldan azad edilmiş, işğal dövründə düşmənin yerlə-yeksan etdiyi şəhər və kəndlərimizin yenidən dirçəldildiyini diqqətə çatdırmışdır.

Tədbirdə məruzə ilə çıxış edən “Vətəndaş Tribunası” İctimai Birliyinin sədri Səfər Alışarlı layihənin donoruna və təşkilati dəstəyə görə YAP Qaradağ rayon təşkilatına təşəkkür etdi. S.Alışarlı Qarabağ zəfərinin əsasları sırasında hər şeydən öncə Azərbaycan xalqının düşmən işğalı ilə heç zaman barışmadığını qeyd edərək, bu mühüm qələbənin siyasi, iqtisadi, hərbi və mənəvi tərəflərini xüsusi olaraq vurğuladı.Bu əsaslar sırasında o, Qarabağ probleminin yaradılma tarixi, beynəlxalq təşkilatların, o cümlədən Minsk qrupunun tərəflərə münasibəti və danışıqlarda ermənilərin qeyri-konstruktivliyi üzündən problemin sülh yolu ilə həllinin mümkün olmadığını qeyd etdi. İqtisadi əsaslar sırasında natiq Azərbaycanın neft strategiyasını, 1994-cü ildə imzalanmış neft müqavilələri üzrə yaradılan Konsorsiumunun, eləcə də Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk, Bakı-Supsa neft boru kəmərlərini və bu gün də Azərbaycan qazını dünyaya uğurla nəql edən Cənub Qaz Dəhlizi, TANAP layihələrinin əhəmiyyətindən danışdı. Zəfərin hərbi əsasları haqdaS.Alışarlı qüdrətli Azərbaycan Ordusunun peşəkarlığını, ən müasir silahlarla təchiz edildiyini və müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərləyi ilə ən çətin əməliyyatlardan qalib çıxdığını vurğuladı. Zəfərin mənəvi əsaslarını S.Alışarlı müsəlman əxlaqının işğalla barışmaması, xalqımızın qəhrəmanlıq eposları, müasirədəbiyyatımızın və musqimizin Qarabağı bir an belə unutmaması ilə əlaqələndirdi.

Natiq yenidən inşa edilən Qarabağa böyük qayıdışı Azərbaycan ruhunun möhtəşəm qələbəsi və təntənəsi kimi dəyərləndirdi.

Tədbirdə çıxış edən Qaradağ rayonunun ictimai fəalları Turanə Qasımova, Bəsti Şabanova, Gülnarə Hüseynova, İlhamə Abadova, Şirinzadə Səbinə, qazi Saleh Şirinov və başqaları əlamətdar gün ərəfəsində qəhrəman şəhidlərimizi və qazilərimizi xatırladılar, Qarabağ zəfərinin Azərbaycanın hər bir vətəndaşına bəxş etdiyi qürur hisslərindən danışdılar.

Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış kitabça və dəftərxana ləvazimatları paylandı. Tədbirdən sonra səmimi dialoq çay süfrəsi arxasında davam etdi.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.