“Ermənistanda Paşinyan və ikici Qaregin davası yeni mərhələdə...”
“Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin başçısı II Qareginə qarşı təzyiqləri yeni mərhələyə keçirib. Paşinyan bu dəfə kilsə daxilindəki yepiskop və arxiyepiskoplar vasitəsilə II Qaregini istefaya məcbur etməyə çalışır. Ötən həftə Baş nazir hökumət binasında bir qrup yepiskopu qəbul edərək, II Qareginin bu vəzifədə qalmaq üçün nə mənəvi, nə də hüquqi əsasının olduğunu bildirib. Paşinyan kilsə rəhbərliyini siyasətlə məşğul olmaqda ittiham edib və II Qareginin dini liturgiyanı siyasi tribuna çevirdiyini qeyd edib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, hakimiyyət II Qaregini kilsə daxilindən zəiflədərək vəzifədən uzaqlaşdırmağı hədəfləyir:
“Zaman keçdikcə kilsə daxilində Paşinyanın tərəfdarlarının sayı artır. Bir çox yepiskop mövcud vəziyyətdə II Qareginin zəiflədiyini görərək, hökumətlə münasibətləri qorumaq və gələcək risklərdən sığortalanmaq məqsədilə Paşinyanın tərəfinə keçməyə üstünlük verirlər. Ermənistan daxilində seçkilərə qədər II Qareginin istefasına nail olmaq əsas siyasi hədəflərdən biri kimi qiymətləndirilir. Artıq Eçmiədzində II Qareginə qarşı bəzi yepiskopların istefa tələbi ilə mitinq keçirmək qərarı verilib. Paşinyan faktiki olaraq kilsə daxilində “təmizləmə əməliyyatı” aparır. Bunun əsas səbəbi isə II Qaregin və onun ətrafının Rusiyaya yaxınlığı, habelə ölkədə həyata keçirilən siyasi islahatların sabotaj edilməsində fəal rol oynamasıdır. Hakimiyyət hesab edir ki, kilsə rəhbərliyi Rusiyanın maraqlarına uyğun narrativləri yayaraq Paşinyan hökumətinə qarşı ictimai mənfi rəy formalaşdırmağa çalışır. Erməni Apostol Kilsəsində baş verən bu proseslər Paşinyan tərəfindən erməni cəmiyyətinin “sağlamlaşdırılması” kimi də xarakterizə etmək olar”.
Politoloqun sözlərinə görə, mövcud kilsə rəhbərliyi Azərbaycanla Ermənistan arasında sülh prosesinə açıq şəkildə qarşı çıxır və Kremlin mövqelərini təbliğ edir:
“Kilsə ilə hökumət arasındakı bu qarşıdurmada siyasi hakimiyyətin qalib gələcəyi gözlənilir. Bu isə uzun illər toxunulmaz sayılan kilsə institutunun nüfuzunun zəifləməsi deməkdir. Erməni cəmiyyətinin kilsəyə dəstəyinin azalmasının əsas səbəbləri də məhz II Qareginin sülh prosesinə qarşı mövqeyi və Rusiya ilə sıx əlaqələrindən irəli gəlir. Baş verənlər Azərbaycanı yaxından maraqlandırır. Çünki, Erməni Apostol Kilsəsi anti-Azərbaycan siyasətinin mərkəzi olub”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

