18 Mart 2025 09:27
100
ƏDƏBİYYAT

SOS! - Eldəniz Quliyev yazır

(və ya Azərbaycan kinosunun ağrıları)

Təcili tədbir görülməsə faciə qaçılmazdır!..

Söhbət sıxılıb "to be, o not to be?" arasında qalan "Azərbaycanfilm" kinostudiyasından gedir... O kinostudiyan ki, xalqımıza saysız-hesabsız sevilən filmlər və dəyərli sənətkarlar bəxş edib. O kinostudiyan ki, neçə onilliklərdiki milli-mənəvi və əxlaqi dəyərlərin flaqmanı kimi şərəfli missiya daşıyıb.

Və nəhayət, o kinostudiyadan ki...bu gün, az qala aqoniya vəziyyətində, - son günlərini yaşayır...

Ancaq bu barədə bir qədər sonra. Yəni, kinomuzun bugünkü durumuna, ötəri də olsa nəzər salmadan, təhlükənin haradan qaynaqlandığını görmək, anlamaq mümkün deyil.

Milli Azərbaycan kino sənəti dedikdə, bizlər bəzən hissə qapılırıq. Çünki bu gün, əslində, kinomuzda nə millilikdən bir əlamət var, nə də sənətdən...

On doqquzuncu yüzilliyin ən sonunda Lümer qardaşları adicə foto-şəkilləri hərəkətə gətirdilər və adını "sinematoqrafiya" qoydular ("hərəkət edən şəkillər"). Üstündən 15-20 il keçmiş, dahi Çarli Çaplin (Devid Qriffit, Sergey Eyzenşteyin və digərləri), o şəkillərə can verdilər, ruh verdilər... Bu minvalla, Lümerlər şəkillərə hərəkət, Çaplin isə bərəkət bəxş elədi. Budur, 130 ildən artıqdır ki, sirli-sehrli bu möcüzə, rəssamlıq, heykəltaraşlıq, teatr və digər otruşmuş incəsənət növləri kimi, özünə məxsus sənət pasportu ilə yaşamaqdadır...

Qəribə də olsa, Azərbaycanda kino istehsalı tarixi əksər Avropa ölkələrindən əvvələ təsadüf edir. Düzdür, bu, özgə söhbətin mövzusudur, ancaq fakt budur ki, hələ də bir çox ölkələrin öz kinostudiyaları yoxdur, onlar kinoya olan tələbatlarını idxal etdikləri xarici filmlərinin hesabına ödəyirlər.

Bizim ölkənin isə kinosu olub, var və bu kinonun tarixi 1898-ci ildən başlayır. Əlbəttə, bu, qürurverici bir faktdır.

Bunları deməkdə məqsədim budur ki, biz öz milli kinomuzu qorumalıyıq, onun büdrəməsinə, yox

olmaslna və Allah eləməsin, məhv olmasına imkan verməməliyik!

Ancaq nə yazıq, təəssüf və səd heyif ki, bu gün kino sənətimizi hifz etməkdən daha çox, ONU sıxıb-sıxcalayıb, son işartılarını da söndürmək istəyənlər var. Yəni,- çevir tatı, vur tatı,- kino sənayesinin inkişafından danışa-danışa, unuduruq ki, bu gün inkişafadan yox, BƏRPADAN söhbət getməlidir. Quru çərhovuzu suyla doldurmadan, atılıb orda çimmək absurd deyilmi?.. Artıq cin şüşşədən çıxıb, yəni nə mümkündürsə əzilib-sınıb-çiliklənib...

Kino industriyası əsasən iki ayağı üstündə bərqərar olmalıdır - kino istehsalı və kinoprakatı (satışı). Diqqət yetirin, keçən əsrin 90-cı ilərində, siyasi formasiyaların dəyişdiyi zaman kəsiyində bu "ayaqların" hər ikisini zədələdilər, qırdılar. Qəsdən. Kino istehsalı obyektiv və daha çox subyektiv səbəblərdən donduruldu, kino prakatı və onun balansında olan kino-teatrlar, qiymətli əmlaklar isə satıldı, dağıdıldı,- kimlərinsə nəfsinə qurban getdi...Yəqin çoxlarının yadındadır: o vaxt ölkənin bütün kino-teatrları şəhərlərin mərkəzində yerləşirdi; Bakıda və böyük rayonlarda ən prestijli və ən qələbəlik yerlərdə idi. Hazırda həmin kino-teatrları ticarət mərkəzlərinə, iri marketlərə, gözəllik salonlarına, iaşə obyektlərinə - yeməkxanalara, çayxanalara və digər-digər "xanalara" cevriblər...

Eynilə buna bənzər vəziyyət milli kino camesində də baş verməkdədir. Sanki gözəgörünməz bir əlin (ya barmağın) işarəsiylə, kinematoqrafiya adlandırdığımız görüntü sənətinin "yüyəni"... peşəkarlardan alınıb həvəskarlara - daha çox, çax-çux həvəskarlarına - peşkəş edilib. Yoxsa, zaman-zaman təmtəraqlı və qlamur "premyaraları" keçirilən səviyyəsiz kinofilmlərin: "super!", "molodes!", "şedevr!" və s. bu kimi epitetlərlə möhürlənməsini necə izah etmək olar?!

Nə sirdisə, "milli" kino və Tv seriallar məhsullarında mövzu bəsitliyi, obrazların, süjet xətti, konfliktlərin primitiv təqdimatı və açılışı, kino (eləcə də televiziya) estetikasına tamamən yad nümunələr, ideyasızlıq, o cümlədən bəsit traktovkadan doğan antisanitar kino epizodları, kobud montaj qüsurları, bayağı musiqi seçimləri, süni aktyor oyunu, işıq və rənglərin harmoniyasından anlayışı olmayan səriştəsiz operator və xaotik rejissor işi və s. və i .a. aşkar pintiliklər ört-basdır edilərək "kadr arxasında" qalır.

Qalır, ancaq öz "işini" də görür - zövqümüzü korlayır, ruhumuzu incidir, tamaşaçını düz yoldan sapdırır...

Görünür, kinomuzun mövcud vəziyyəti bu sahəyə cavabdeh olan şəxsləri, qurumları (başda Mədəniyyət nazirliyi olmaqla) qane edir. Belə hiss yaranır ki, Mədəniyyət Nazirliyi mədəniyyətin, ələlxüsus, kino sənətinin mənasız bir şey olduğu qənaətindədir. Nəhayyət və ən başlıcası: görünür, bu hakimiyyətə zövqü korlanmış, inellektsiz, etik və estetik baxışlardan məhrum və dünyaduyumu bulanlıq, daha çox kütlə instinktiylə yaşayan tamaşaçı lazımdır...

Fikirimcə, bu, çox təhlükəli məsələ olmaqla yanaşı, toplumun genetik koduna, qan nizamına yönəli zərərli (hətta zəhərli) müdaxilə kimi qiymətləndirilməlidir.

Amma, deyirəm, yaxşı ki, bütün bunlara rəğmən, kino yaradıcılığını həyatının mənası sayan istedadlı, bacarıqlı gənclərimiz də az deyillər. Onlar, sözün əsl mənasında kinonun fədailəridir. Şəxsən mən, ümid edirəm ki, bədii, sənədli kino sahəsini işğal altında saxlayan qeyri-peşəkarlıq müvəqqəti haldır və nə vaxtsa keçib gedəcək. Keçib getməlidir! Çünki heç bir nəhəng qaranlıq və hər hansı qatı zülmət bapbalaca bir şam işığını boğub öldürmək gücündə deyil!..

İndi isə qayıdaq "Azərbaycanfilm" kinostudiyasına... Bu studiya, istəsək də, istəməsək də, atyıq bir sənət məbədinə çevrilib.. Neçə-neçə yaradıcı nəsillər üçün miıli kino sənətinin abidəsi, beşiyi, müqəddəs ocağı sayılır...

Amma 30-35 il əvvəl olduğu kimi, bu gün yenə də kimlərsə doğma studiyamızı kimlərəsə satmaq həvəsinə düşüblər. Bu dəfə ortaya "Sinema-park" adlı bir biznes layihəsi atılıb və bunun guya, kino sənayesinin inkişafına xidmət edəcəyi iddia edilir. Əvvəla, deyim ki, bu layihə plagiatdır, yəni, illər öncə belə bir proyekt vardı, müəllifi də rəhmətlik Rüstəm İbrahimbəyov idi. Əsas məqsədi də, Azərbaycan kino sənayesinin müstəqillik əldə etməsi, inkişafı, maliyə baxımından özünü təmin etməsi, "Azərbaycanfilm" kinostudiyasını, eləcə də yerli filmlərin prokat sistemini bərpa edib qorumaq idi. Rüstəm müəllim, ən incə detallarına qədər işlənib hazırlanmış bu projeni həyata keçirmək üçün, hətta şəhər kənarında boş torpaq sahəsi də almışdı... Hazlrda təqdim olunan "Sinema-park" layihəsi isə ancaq "Azərbaycanfilm" kinostudiyasının əsas binasını və əmlakını bölüb-parçalamaq, əcnəbi, (eləcə də məqsəd- məramları şübhə doğuran) investorlara icarəyə vermək və orada gəlir gətirən müxalifət obyektlər və s. açmağı ehtiva edir. Aydındır ki, bu plan, özündə rejissorluqla maklerliyin simbiozunu yaratmış bir qrup işbazlarının komformist maraqlarını güdür. Belə çıxır ki, istənilən tarixi abidəni, misal üçün, Qız qalasını, ya Şirvanşahlar sarayını, hissə-hissə bölüb içərisində "Abidə-park"dan- zaddan cürbəcür "şeylər"və "zadlar" yaratmaq olar, - təki gəlir gətirsin, təki mənfəət olsun.(???!!!)

Müxtəsəri, Rüstəm İbrahimbəyovun ovaxtki layihəsi kinomuzu diriltmək üçün idi, indiki plagiat "Sinema-park" isə kinomuzu yıxıb-sürümək üçündür.

Buna imkan vermək olarmı? Əlbəttə, yox!

Bizlər "Azərbaycanfilm"imizi qorumalıyıq, hər daşında, hər dəhlizində, hər otağında və hər pavilyonunda şirin sənət xatirələri yaşadan doğma studiyamızı ölümdən xilas etməliyik! Bu bizim vəzifəmiz, borcumuz və ALIN YAZImızdır!

Bəli, yeganə İstehsalat bazası sayılan kinostudiyanın uğrunda mübarizə aparılmalıdır. "Azərbaycanfilm"-in yox olması Azərbaycan kino sənətinin, müvafiq olaraq, görüntü kimliyimizin məhvinə aparan yoldur. Yox-yox, əlbəttə ki, kino sağ qalacaq, yaşayavaq, hətta müxtəlif filmlər də çəkiləcək, amma... nə olsun?- əgər dişin "nervisi" çıxarılıbsa, çeynəmək də, qida qəbul etmək də olur, yəni diş öz yerində durur... amma eyni zamanda o diş həm də yoxdur - canı, ruhu yoxdur!..

Nə etməli? Məncə, bu gün, ilk növbədə, Pespublika kinoprakat sisteminin yenidən qurulması təmin edilməlidir, "keçi qiymətinə" satılmış kino-teatrların əsarətdən xilas yolları aranmalıdır. Kino sənayesinin doktrinası yazılmalı, dəqiq fəaliyyət planı müəyyənləşdirilməli və bürün bunların normativ-hüququ bazası yaradılmalıdır. Bunları etmədən, hər hansı inkişafdan- filandan danışmaq yersizdir... Üçgündən bir ağızdolusu, özü də ciddi-ciddi, ağıllı-ağılı kino sənəyesinin inkişafı mövzusunda "quş qoymaq" tədbirləri düzənləmək, yumşaq desək, patetikadan başqa bir şey deyil... Qaşlarını çatıb özünü ciddi, ağıllı və müdrik göstərmək, heç də adamın ağıllı və müdrik olduğuna dəlalət etmir...

P.s. Məşhur Baron Münhanzenin sözü olmasın: "Gülümsəyin cənablar, gülümsəyin! Dünyanın bütün səfehlikləri həmişə ağıllı üz ifadəsiylə həyata keçirilir!.."