10 Yanvar 2025 09:41
116
İQTİSADİYYAT

Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən körpünün tikintisi nə yerdədir? - VİDEO

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər davam etdirilir.

Adalet.az xəbər verir ki, agentlik tərəfindən uzunluğu 104 metr, 3 aşırımdan ibarət yeni körpünün tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 

4 dayaq üzərində inşa olunan yeni körpü orta dayaqlarda diametri 1.5 m olmaqla 6 sütundan ibarətdir. Körpünün ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametri isə 1 metr olan svaylar üzərində tikilir. Svayların ümumi sayı isə 80 ədəd təşkil edir.

Ümumi eni 21.6 m təşkil edən körpü 4 hərəkət zolaqlı olmaqla inşa olunur. Körpünün sağ və sol hissələrində 2 metr enində piyada səkilərinin tikintisi də nəzərdə tutulub.

Qeyd edək ki, aparılan işlər çərçivəsində ilkin mərhələdə mövcud kommunikasiya xətlərinin köçürülməsi, köhnə körpünün sökülərək ərazinin təmizlənməsi, tikinti sahəsinin hazırlanması işləri yerinə yetirilib. Belə ki, körpünün Samur-Abşeron su kanalı tərəfində olan hissəsi tam olaraq sökülüb, dəmir yolu üzərində keçən hissə üzrə körpünün üst qatı götürülüb, hazırda dayaqların söküntüsü işləri həyata keçirilir.

Körpünün Saray qəsəbəsi hissəsi üzrə kənar və orta dayağın svayları 40 ədəd (20x20) tikilib, kənar və orta dayaqların özülləri betonlanıb, hazırda orta dayağın sütunlarının betonlanması işləri aparılır. 

Xatırladaq ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş sözügedən körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri tərəfindən birlikdə baxış keçirilib və məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb.

Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib. 

Nəqliyyatı Əlaqələndirmə Şurasında mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub.

Qərara əsasən, mövcud körpünün sökülməsi və yeni körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə olunub.