09 Aprel 2025 00:07
1052
DÜNYA

Ukrayna XİN başçısı: Kiyev Vaşinqtonla nadir torpaq metalları üzrə razılaşmanı hazırlayıb

Ukrayna artıq nadir torpaq metalları üzrə ABŞ ilə razılaşmaya dair öz mövqeyini hazırlayıb və danışıqlar üçün Vaşinqtona gedəcək qrup yaradır.

Adalet.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiha “Ukrinform”a şərhində bildirib.

"Ukrayna tərəfi, nəhayət, danışıqlar qrupunun tərkibini təsdiq edəcək, o, tezliklə ABŞ-nin təklif etdiyi sazişin mətninin əsaslı müzakirəsi üçün Vaşinqtona yola düşəcək. Biz artıq öz mövqeyimizi, eləcə də gələcək sazişin mətni ilə bağlı baxışımızı işləyib hazırlamışıq", – o deyib.

Nazir vurğulayıb ki, gələcək saziş qarşılıqlı faydalı olmalı, hər iki tərəfin maraqlarına cavab verməli, Ukraynanın Avropaya inteqrasiya kursuna zidd olmamalıdır: “Bu, Ukrayna tərəfi üçün fundamental mövqelərdən biridir”.

Sibiha həmçinin danışıqlar prosesini müşayiət etmək üçün aparıcı hüquq firmalarından birinin seçiləcəyini təsdiqləyib.

Onun sözlərinə görə, Vaşinqtona gedəcək nümayəndə heyətinə Ukrayna XİN-in nümayəndəsi də daxil olacaq.

Xatırladaq ki, fevral ayında Ukrayna və ABŞ nadir torpaq metallarına dair sazişi müzakirə etməyə başlayıblar. O vaxtdan bəri hər iki tərəf həm Kiyevə, həm də Vaşinqtona uyğun şərtlər üzərində işləyir.