04 Dekabr 2024 18:15
118
ELM VƏ TƏHSİL

Xarici dil fənni üzrə fəlsəfə doktoru imtahanı keçirildi

Dekabrın 4-də Dövlət İmtahan Mərkəzi (DİM) doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün xarici dil fənni üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku mərhələsini keçirib.

DİM-dən Adalet.az-a bildirilib ki, danışıq bloku üzrə imtahanda iştirak etməli olan 207 nəfərdən 189-u imtahana gəlib.

Qeyd edək ki, bu imtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 15 dəqiqə vaxt ayrılır. İştirakçılar birinci mərhələdə 3 bal, ikinci mərhələdə 5 bal, üçüncü mərhələdə isə 2 bal olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər.

Xarici dil fənni üzrə ümumi imtahan nəticələrinin iki həftədən sonra elan olunması nəzərdə tutulur.

Danışıq bloku üzrə imtahanda minimum 2 bal toplamayan şəxslər dekabrın 1-də keçirilmiş ilk 4 blok üzrə imtahanda lazımi nəticə göstərsələr belə, müvafiq şəhadətnamə ilə təmin olunmurlar.