21 Aprel 2025 12:01
545
ƏDƏBİYYAT

“ZƏLİMXAN NƏ DESƏ SAZ DİLİNDƏDİ”- Ustadın yeni KİTABI

Bu günlərdə Xalq şairi Zəlimxan Yaqubun “Zəlimxan nə desə saz dilindədi...” adlı kitabı işıq üzü görüb. Azərbaycan Aşıqlar Birliyində nəşrə hazırlanan və “Zərdabi nəşr” MMC nəşriyyatında nəfis tərtibatla çap olunan bu kitab 2008-cildən 2016-cı ilədək Azərbaycan Aşıqlar Birliyinə rəhbərlik etmiş Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illik yubileyinə bir ərməğan və qədirşünaslıq nümunəsidir.

Kitaba yazdığı “Ömrü, həyatı nağıl, dastan, ünvanı saz olan şair” adlı geniş ön sözdə Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun da qeyd etdiyi kimi, aşıq yaradıcılığına, bütövlükdə ozan-aşıq sənətinə və bu sənətin daşıyıcılarına bağlılıq şairin yaradıcılığında mühüm yer tutur: “Zəlimxan Yaqub şeirinin gücü, qüdrəti bir tərəfdən onun fitri istedadı ilə bağlıdırsa, digər tərəfdən saza bağlılığındadır”.

Kitabda şairin aşıq sənəti və ustad sənətkarlarla bağlı yazdığı məqalələr, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, eləcə də, bu sənətə və ustad sənətkarlara həsr etdiyi şeir və poemalarıyer alıb.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab aşıq sənətinin tədqiqi və tədrisi ilə məşğul olan mütəxəssislər, aşıqlar, eləcə də bu sənətə maraq göstərən, ali və orta ixtisas məktəblərində müvafiq ixtisasa yiyələnən gənclər üçün də əhəmiyyətlidir.

Kitabı nəşrə hazırlayan və redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, elmi məsləhətçi Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və rəyçi filologiya üzrə fəlsəf doktoru, dosent Altay Məmmədlidir.