ƏMƏLİYYAT

MƏZAHİR ƏHMƏDZADƏ
32586 | 2018-12-15 09:16
(Rəhmət sənə Nuşiç)
Mərkəzi Klinik Xəstəxanada sonuncu maqnit-rezonans tomoqrafiyası olunduqdan və həkimlərin şəfqətli- təbəssümlü baxışlarını sinirlərimin uclarında duyduqdan sonra böyük ruh yüksəkliyi ilə bu yaxınlarda tanış olub qəlbən bağlandığım sevimli cərrahımın yanına tələsdim. Artıq dostlaşmağa başladığım bu simpatik insan sanki avtomat güllələrindən dəlik-deşik olmuş onurğa sütunumun tomoqrafiyalarına baxıb məhrəmanə şəkildə dedi:
- Müəllim, siz heç narahat olmayın, günü sabah əməliyyat keçirib fəqərənizdəki yırtıqların ən azı ikisini ləğv edəcəyik.
Ən azı ikisini... Elə o andaca öz-özümə and içib söz verdim ki, bütün qorxu və həyəcanı buraxıb sonadək ruhdan düşməyəcək, nikbin olacağam.
Demək belə. Mən son 16 il ərzində 3 dəfə müxtəlif cərrahiyyə əməliyyatlarına məruz qalmışam. Şükürlər olsun Allahıma ki, hələ tamam ölməmişəm. Elə bu dəfə də həkimə dedim ki, arzu və məqsədim heç də bu dünyada çox yaşayıb çox ölmək deyil. Bəs, bu gözəl insan dönüb nə desə yaxşıdır? "Siz çox dözümlü xəstəsiniz, hələ bir 100 il də yaşayacaqsınız..." Mən bu dəhşətli proqnoza qəti etiraz etdim. Mən insanam, qarğa-zad deyiləm ki, hələ indən belə bir 100 il də yaşayam. Xam tapıblar. Özü də bu qədər xəstəliklərlə...
İndi mən tamam ayrı əhvaldayam axı. Ağrı-acı cəhənnəm, qollarım və başım tutulur bu sarsaq xəstəlikdən. Başsız və əlsiz yazmaq olurmu? Bunlar bilmir ki, mənim çörəyim yazmaqdan çıxır? Ürək ağrıları, arterial təzyiq... Bunlarla birtəhər dil tapıb dostlaşa bilmişdik...
İndi mürəbbəli çay içə-içə alma, banan, mandarin yeməkdən məhrum olan qohumlar və bəzi tanışlar ənənəvi və milli bir incikliklə gileylənirlər ki, bəs bu fövqəladə hadisəni bizə niyə bildirməmisən. Doğrudan belə olmuşdu. İki-üç ailə üzvümdən başqa heç kimə deyilməmişdi. Sanki dəyişib tamam başqa bir adam olmuşdum. Xarakterim, vasvasalığım, olan-qalan ağlım-başım... Elə bil dönüb bir yapon olmuşdum. Bilirsiniz də yaponlar dərd-qəmə batanda, hüzrü düşəndə evlərinə çəkilib günlərlə qapılarını arxadan bağlı saxlayırlar. Yəni "bu dərd mənə məxsusdur, özüm öz acılarımla baş-başa qalıram". Hər halda Ovçinnikovun "Sakura budağı" kitabında belə bir şey yazılıb. Əslində yaz çağı gilənar bağlarına yığışıb saatlarla (!) gilənar çiçəklərinə tamaşa edən, qeyri-adi heyrət və sevinc hissi keçirən, eyni zamanda elə o gilənar bağlarının çəmənliklərini xarakiri qanına boyayan yaponların bu fantastik adətləri indiki halda da qədim bir nağıla bənzəyir. Bütün bunlar yaddaşımın proyeksiyasında gerçək rənglərini itirir deyəsən. Yox, mən yapon da ola bilmərəm. Olsa-olsa ayaqlarına öz ölçüsündən xeyli böyük sapoqlar geydirilmiş donqabel bir sırp əsgərinə bənzəyərəm. Özü də ən azı 100 il bundan əvvəlin karikaturu. Həm də ki, büsbütün sağlam və qayğısız həyata bunca tamarzı qalmaq da Allaha xoş getməz.
Mən ayrı bir ovqatdayam axı. Budur, cərrahiyyə otağında məni əməliyyata hazırlayırlar. Onlar məni elə özləri kimi geyindiriblər, cərraha oxşayıram. Mənə hədsiz qayğı göstərirlər. Yoxsa, skalperi də özümə verəcəklər? Mənə məxsus masaya özüm qalxıram. Rahatdır. Assistentlər, anestezoloq, tibb bacıları... Sakit, təmkinli və gülərüz. Hər şey yaxşıdır. Burdan iynə-dərman əvəzinə gül-çiçək ətri gəlir. Mənə görə yəqin bahalı dezodorant çiləyiblər. Yox, hələ bihuşdarı (narkozu) vurmayıblar. Arterial təzyiqimi, ürək döyüntülərimi yoxlayırlar. Hər ikisi normadan artıqdır. Venama iynə vururlar. Assistentdən soruşuram ki, bu, cərrah qardaşımın neçənci əməliyyatıdır. "Birinci əməliyyatıdır" cavabını eşidən kimi dartınıb ayağa qalxmaq istəyirəm. Bunlara bir bax, mən artıq 4-cü əməliyyatdayam, bu hələ ilk dəfə kəsir. Məni sakitləşdirib başa salırlar ki, yəni həkimin bugünkü birinci əməliyyatıdır. Hər halda şübhə öz təsirini göstərir. Nə qədər təcrübəli pasiyent olsam da, kral sarayında fəxri bir qonaq olmadığımı da anlayıram.
Budur, sevimli cərrahımın səsini başım üzərində eşidirəm:
- Müəllim, necəsiniz?
- Yaxşıyam, başlayın.
- Necə başlayaq, hələ yuxuya getməmisiniz...
- Onda narkozu artırın, qorxmayın.
-...
Gözlərimi qapayıb özümü yuxuluğa vursam da kiçicik bir künc qaldırıb ətrafı tutmağa çalışıram. Anestezoloq başını bulayır.
Deyəsən narkozu artırırlar.
... Çox dərin və rahat bir yuxudan ayılıram. Sevimli cərrahım və personal məni təbrik edirlər. Həkim əlimdən tutaraq gülərüzlə soruşur:
- Ürəyiniz bir şey istəyirmi?
- Siqaret...
Bir neçə saniyə üzümə diqqətlə baxıb təbəssümdən başqa heç nə görməyən həkim "Siz çox zarafatcıl adamsız" deyərək məni sevindirir.

TƏQVİM / ARXİV