TƏŞKİLATÇILIĞIN QƏTƏR NÜMUNƏSİ VƏ FUTBOL DAHİSİNİN BENEFİSİ - Məzahir ƏHMƏDOĞLU yazır

MƏZAHİR ƏHMƏDZADƏ
2627 | 2023-01-07 18:01

Səudiyyə Ərəbistanının, Yəmənin və Bəhreyinin yaxınlığında yerləşən Qətər əmirliyinin ərazisinin səkkizdəbir hissəsinin qurudan başlanması da onu Fars körfəzinə uzanan yarımadadan çox, qəribə bir adaya bənzədir. Qətərin qəribəliyi təkcə görünüşü ilə tamamlanmır. Üstəlik, paytaxt Doha ən modern Avropa və Amerika şəhərlərinin də bir çoxunu üstələyir. Digər sərvətləri və beynəlxalq aviaşirkətləri ilə yanaşı, təkcə zəngin qaz yataqları ilə milyardlar əldə edən Qətər şeyxləri vətənlərini çox sevir və bu sevgini bütün dünya ilə paylaşmaq istəyirlər. Qonşuluqda isə kasıb Yəmən... Digər tərəfdə varlı və kiçik Bəhreyn adası, az qala bütün dünyanı özünə çəkən ecazkar Dubay...

Daha çox ABŞ-ın və Rusiyanın diqqət mərkəzində saxladığı paradoksal Fars körfəzinin sirləri təkcə bu təəssüratlarla bitmir. Körfəz fenomeni daha ciddi və gizli məqamların üst anlayışıdır.

Əsas məqsədimiz bu coğrafi qeyri-adiliklərin təsviri və ya məlumat strukturlarını şərh etmək deyil. Bunları bilənlər daha çoxdur. Ancaq Ərəb şeyxlərinin futbol üzrə dünya birinciliyinin final mərhələsinin keçirilməsini öz ölkələrinə qazandırması çox ciddi hadisə idi. Əsasən ağ rəngli milli geyimdə və çalmada gəzən ərəblər lazımi məqamda çox şey bacardıqlarını da sübuta yetirirlər. Təkcə qətərlilər deyil, bütün varlı ərəb ölkələrinin şeyxləri də eləcə. Böyük Britaniya Krallığı kimi möhtəşəm və toxunulmaz bir məkandan şahzadə Diananın... Nə isə, çox uzaqlara getməyim. Nəyə haqq qazandırsam, nəyi düzgün hesab etsəm, yenə də, necə deyərlər, petrol məsələsi üstünlük təşkil edəcək.

... Qətərlilər bir çox futbol ölkələrini üstələyib XXII çempionata ev sahibliyi etməyi bacardılar və demək olar ki, çoxluğun təsdiqlədiyi bir fikir də formalaşdı: indiyə qədərki ən yaxşı təşkilatçılıq!

Mən irqçi deyiləm, üstəlik də müsəlmanam. Ancaq 50-60 il bundan əvvəl belə bir fenomeni ağıla gətirmək mümkün olardımı? Heç öncəgörənlərin və fantastların da uydura biləcəkləri məsələ deyil.

... Üstəlik, deyilənlərə, yazılanlara, müqayisələrə inansaq əgər, Qətər çempionatı həm də bu vaxta qədər keçirilənlərin ən maraqlısı hesab olunur.

Öz fikrimizə, düşüncələrimizə nə gəlib ki? Həqiqətən bu çempionat, bu final oyunları sürprizləri və ecazkarlığı ilə artıq dünyanın hər yerində sevilən və oynanan ( buzlaqlardan başqa) futbolun inkşafda olduğunu, idmanla bərabər elmə, mədəniyyətə, gözəlliyə, sevgiyə və ... daha da varlanmağa xidmət etdiyini bir daha təsdiqlədi.

Siyasi yanaşma və hisslərimizi bir kənara qoysaq da, qoymasaq da futbol öz sözünü dedi. İspanların, almanların, braziliyalıların, ingilislərin, uruqvaylıların, portuqaliyalıların... uğursuzluqları təsadüfi deyildi. Statistik göstəricilər liderlərindən olan Belçikanın da uğur qazanacağına inananlar çox deyildi. Son illər futbol, əzici alman maşını, hakim tərəfkeşliyi, oyun alqı-satqısı, bilərəkdən və məqsədli kobudluq anlayışlarından uzaqlaşmaqdadır. Daha heç kim almanların, italyanların atletik və total güc tətbiqli oyun üslubundan çəkinmir. Cənubi Amerika və Avropa futbolunun mükəmməl sintezi daha çox üstünlük təşkil edir və uğurlara yol açır. Afrikalılar və asiyalılar da bu üsluba yaxınlaşmaqdadırlar. Hər görüş üçün oyunçu seçimi, rəngarəng kombinasiyalar, xüsusi məqamlarda düşünülmüş ev tapşırıqları, futbolçuların fərdi xüsusiyyətləri və fiziki potensialları məşqçiləri daha çox düşündürür və nəticə etibarilə estetik oyuna meyllilik artır. Biz bütün bunları Qətər çempionatında görüb yaşadıq. Hakimlər də əsasən Ədalət tanrısına sədaqətli oldular. Yaxın gələcəkdə güman ki, bütün dövrlərin ən yaxşısı Pyerluicci Kollinanın ardıcılları çoxalacaq və üstəlik VAR da var... Baxmayaraq yeni texnologiyaların tətbiqi futbolu öz təbiiliyindən müəyyən qədər uzaqlaşdırır. Bəzən bircə santimetr ən gözəl kombinasiyanın və ya ən gözəl zərbənin sevincini "ləğv edir". Bu da VAR-ın leksikonumuzda yeniliyi: sevinci ləğv etmək!

Ağlı, gücü, şəxsiyyəti, özgüvəni, estetikanı və dahiliyi isə heç bir qüvvə "ləğv" edə bilmir. Bu fenomeni bütün dövrlərin ən güclüsü adlandırılmağa layiq olan Leonel Messi məhz Qətərdə bir daha sübut etdi. XXII dünya çempionatı sanki elə XXII əsrdə keçirilirdi. Qətərdə də qış fəsli olmasına baxmayaraq stadionlar bəzən kondisionerlərlə sərinləşdirilirdi. Ərəblər ilk dəfə qoşulduqları bir marafonda iştirakçı komandası ilə olmasa da, digər bütün komponentləri ilə üstünlüklərini dünyaya göstərə bildilər.

... Xatirələr odası!

Bunu təkcə öz hisslərin, duyğularınla yaşaya bilirsən. Yaponiya millisinin alman maşınını "sındırması" məni uzaq 60-cı illərə apardı. Həmin oyunu görməmişdim. O vaxtlar bizim rayonda hələ televiziya stansiyası da qurulmamışdı. Bir neçə il sonra isə 12-13 yaşlı bir yeniyetmə olaraq həm futbol oynayır, həm də "Neftçi"-nin görüşlərini izləyirdim. Futbol-məlumat kitabçalarım vardı. Və bu vasitə ilə öyrənmişdim ki, "Neftçi" hələ "B" qrupunda çıxış edərkən Yaponiya millisini nə az, nə çox 10:0 hesabı ilə məğlub edib. Kosenkov, Yaşar Babayev, Tofiq Axundov, Trofimov, Çançaneyşvili, Adamas Qolodest, Yuri Kuznetsov, Nadir və Kamil Eynullayev qardaşları, Markarov və o dövrün digər tanınmış futbolçularının çıxış etdiyi "Neftçi"! "Neftçi" və Yaponiya!

... Xatirələr odası: Niderland yığması 1974-cü ildən bəri Dünya futboluna nə qədər yeniliklər bəxş etsə də ən böyük arzularına çata bilmirlər.

1966-cı il bəlkə də Pelenin ən parlaq çempionatı olacaqdı. Avropalılar aşkarcasına onun ayağını və Braziliyanın belini sındırıb dünyanı daha gözəl futbol bayramından məhrum etdilər, fantastikanın reallaşmasını 4 il ertələdilər. Mən həmin vaxt orta məktəbin 10-cu sinfində oxuyurdum. İngiltərə çempionatından Bobbi Çarltonun, Eysebionun ... oyunları və Tofiq Bəhramovun "Qızıl fiti" Braziliya "faciəsini" unutdura bilmədi...

1966-cı ildə "Neftçi" SSRİ miqyasında daha güclü olmasına baxmayaraq, bürünc medalla kifayətləndi. Bu hadisənin özü də Azərbaycan üçün Dünya birinciliyi qədər böyük bir bayrama çevrildi... Parlayaraq tez də sönən Markarov-Banişevski tandemi... o dövrlər üçün qarşısıalınmaz hücum simvolu! Gizlətmirəm, o vaxtlar "Neftçi"-dən və Braziliyadan başqa heç bir komandanı sevmirdim. Nə SSRİ-i yığmasını, nə bizə dost olan Kiyev "Dinamo"-sunu, nə də qonşu Tiflis komandasını... Bu, paxıllıq deyildi. Yeniyetmə qəlbimdə nəsə başqa hisslər oyanırdı. Sevə bilmirdim!

XXII dünya birinciliyi bitər-bitməz 82 yaşlı futbol dahisi Pele də dünyasını dəyişdi. Maradonadan əvvəl gəlib, Maradonadan sonra getdi...

... Leonel Messinin başqa bir dünyadan gəlməsinə şübhəsi olan qaldımı?

TƏQVİM / ARXİV