NOSTALJİ  ÖLKƏ - Məzahir  ƏHMƏDZADƏ yazır

MƏZAHİR ƏHMƏDZADƏ
250378 | 2021-05-24 12:04

Komanda oyunlarından 2-si uzun onilliklərdir ki, populyarlığı və təsir arealı baxımından idman dünyasında zirvədədir. Birincisi sözsüz ki, futboldur və bu oyunun öz yerini nə vaxtsa başqa birisinə verəcəyi də ağılabatan deyil. Dünyanın insan məskunlaşan hər tərəfində futbol sevincin-sevginin sinonimidir.

Amerika qitəsində - Kanada və ABŞ-da, Avropanın bütün şimal və bir sıra mərkəzi, eyni zamanda cənub (İtaliya...) bölgələrində, eləcə Yaponiyada, koreyalarda və bir sıra digər ölkələrdə, hətta Türkiyənin şimalında oynanan, kiçik birincilikləri keçirilən şaybalı hokkey də az qala futbol qədər cazibədar olmaq iddiasındadır. Düzdür, həmişə inkişafda olan basketbol, voleybol, həndbol... kimi komanda oyunları da sevilir və azarkeş auditoriyasını genişləndirə bilir. Ancaq...

...Aşkar favoritlər keçən əsrin əllinci illərindən bu yana zirvədəki həmin o 2 yerdə daha da möhkəmləniblər. Hər iki komanda oyununun daxilində və xaricində on milyardlarla, bəlkə daha çox pullar da "oynayır". Əsas məqsədimi sonda bildirəcəyəm deyə, digər faktlara da diqqət yetirmək zərurəti yaranır.

Furbolun və şaybalı hokkeyin komanda oyunu kimi əsas inkişaf dövrü İkinci Dünya Müharibəsindən sonrakı illərə düşür. Uruqvay və İtaliyadan sonra Almaniyanın, Braziliyanın, Argentinanın, İngiltərənin, İspaniya və Fransanın, Portuqaliyanın, hətta keçmiş SSRİ-nin, Macarıstanın, Hollandiyanın... uğurları, Afrikanın şimalındakı inkişaf və digər yaddaqalan futbol hadisələri bütün planeti öz sehirli cazibəsinə çəkməkdə idi.

...Eyni vaxtda Kanada və ABŞ-da XX əsrin əvvəllərindən, Avropada isə demək olar ki, 50-ci illərdən keçirilən oyunlar, yarışlar örtülü buz meydanlarının, tamaşaçı tutumunu artıran nəhəng arenaların tikintisini stimullaşdırırdı. Şaybalı hokkeydə Milli Hokkey Liqası (MHL), buna paralel olaraq 70-ci illərdə 3-4 sezon fəaliyyət göstərən Ümumdünya Hokkey Liqası (ÜHL), Avropa komandalarının  ölkə birincilikləri, Avropa və dünya çempionatları, Qış Olimpiya oyunlarının finalına layiq bilinən sonuncu yarış, o dövrlər üçün fantastik görünən Stenli Kubokunun təntənəsini də dünyanın çox yerində özünə çəkirdi.

60-cı illərin ortalarından başlayaraq futbol və şaybalı hokkey sanki paralel bir bərabərliklə inkişaf edirdi. Hər iki komanda oyunu dünyaya çoxlu ulduzlar bəxş etməklə biznesin gələcək əlçatmazlığını da yaradırdı. Futbolun Pelesi, Qarrinçası, Yaşini, Eysebiosu, Bobbi Muru, Bekkenbaueri, Krooyfu, Neesskensi, Besti, Mülleri, Kempesi, Maradonası... yeni möcüzələrdən xəbər verirdi. Güclü məşqçilər yetişirdi.

...1972-ci ildə Kanada peşəkarları ilə SSRİ yığmasının ilk qarşılaşması - 8 oyunluq seriyası (4 - 1 - 3 kanadalıların xeyrinə) az qala bütün rəsmi Avropa və dünya birinciliklərini kölgədə qoymuşdu. O vaxtlar ruslar çox güclənmişdi və siyasi büro səviyyəsində razılıq alınmışdı seriyanın keçirilməsinə. Ruslar bu görüşlərə ciddi hazırlaşsalar da kanadalılar saymazyana yanaşırdılar. Onların Tretyak, Vasiliyev, Raqulin, Fetisov, Kasatonov, Mixaylov, Petrov, Xarlamov, Starşinov, Yakuşev... kimi çox güclü xarakter və oyun tərzinə malik olan rus hokkeyçilərindən xəbərləri yox idimi? Hər halda sıralarında Drayden, Saavar, Salminq, Robinson, Potvin, Lapoynt, Klark, Kuatiye, Kurnuaye, Cilbert, Henderson, Espozito kimi ulduzlar oynayan Kanada komandası 1972-ci ilin sentyabrında Moskvada keçirilən 4 cavab oyununun 3-də qalib gələrək seriyanın ümumi nəticəsini öz xeyrlərinə dəyişə bildilər. Hətta görüşlərin birində oyuna tamaşa edən SSRİ rəhbəri Brejnevlə Espozitonun zarafat etmək cəhdi də bu seriyanın unudulmaz və gözlənilməz anlarından idi.

Bir sözlə, şaybalı hokkey o vaxtlardan başlayaraq dünyaya SSRİ-də Bilaləddinov, Zimin, Firsov, Alekseyev, Bıkov, Maltsev, Makarov, Balderis... Çexslovakiyada Qaşek, Pospışıl, Maxaç, Şyastnı qardaşları, Svoboda, Çernı, Nedomanski, Martinets, Qlinka, Rujiçka, Kanada və ABŞ-da Bobbi Xal, Qretski, Sittler, Perro, Mesiye, Lefler, Lömye, Ayzerman... kimi əfsanəvi hokkeyçilər bəxş edirdi.

Son 40-45 ildə isə dünya futbolunun ulduzlarını məlumdur ki, saymaqla hətta kimlərisə yaddan çıxara bilərsən.

Yeni əsrin əvvəllərindən futbol daha da inkişaf etməkdədir. Ulduzların da sayı-hesabı yoxdur. Ən qəribəsi budur ki, uzun illər şaybalı hokkey öz ulduzları ilə birlikdə daha möhtəşəm göründüyü halda, indinin özündə də əvvəlki ajiotaja baxmayaraq yerində saydı, geriləməyə başladı. Bəlkə də bunun nəticəsidir ki, bu gün dünyanın futbol səmasında Messi, Neymar, Ronaldo, Suares, Ramos, Mbappe, Levondovski, Salah, Holann... kimi çoxlu ulduzlar bərq vurursa, hokkeydə rus Oveçkin, kanadalı Krospi, Makdevit və əlavə də bir-iki ulduz görünür.

...Respublikamızda növbəti futbol çempionatı da başa çatdı. Gözlənildiyi kimi 1-ci yer "Neftçi" komandasına verildi. Belə məsələlər və sonluqlar elə də böyük əhəmiyyət kəsb etmir. "Neftçi", "Qarabağ"... komandaları Avropada Azərbaycanı  kiçik uğurlarla da olsa futbol ölkəsinə oxşada biliblər.  Ancaq hanı o əsl Azərbaycan futbolu ki, biz onillərlə onun yolunu gözləməkdəyik. Qurban Qurbanov, Rəşad Sadıqov kimi 5-6 nəfər yaxşı oyunçu heç bir dəstək olmadan da yetişir. Bəs bizim o stadionları dolduran ecazkar futbolumuz nə vaxt gəlib yetişəcək? Axı respublikamızda futbolun inkişafına sərf edilən milyonların bəhrəsini görməli idik.

...Təxminən 20 gün bundan əvvəl CBC idman telekanalında "Neftçi"nin keçmiş hücumçusu Nikolay Smolnikovun bir saatlıq müsahibəsinə baxdıqdan sonra mənim Azərbaycan futbolunun taleyi haqqında xoş xəyallarım da adiləşib yaddaşımın yükünü azaltdı. Qaldı 60-cı illərin ortalarından başlayaraq 80-ci illərin ortalarına kimi davam edən futbolumuzun nostaljisi...

 

P.S. Futbol təsərrüfatını idarə edənlər, söz yiyəsi olanlar bu oyun haqqında belə görünür, ən vacib şərtlərdən xəbərsizdirlər. Əgər düşüncə bazar qanunlarıdırsa, pul qazanmaqdırsa, bu özü də belə olmur axı. Uşaq futbolu, ənənəvi məhəllə yarışları unuduldu, keçmişlərdə qaldı, olan-qalan bölmələr də ki, kağız üzərində, bivec əllərdə... Üstəlik mövcud klubların dünya təcrübəsi əsasında formalaşması da primitiv səviyyədə. Diletantlar isə... karetalarda...

TƏQVİM / ARXİV