LENİN ORDENLİ NEKROLOQ - Məzahir ƏHMƏDOĞLU yazır

MƏZAHİR ƏHMƏDZADƏ
4911 | 2021-11-09 10:10

Obyektiv səbəblər üzündən əvvəllərdəki kimi çalışa bilməyib yazı-pozudan bir qədər uzaq düşsəm də, mətbuatı mümkün qədər izləyir, xəstəliklərin və laqeyidliklərin əzablarına da qatlaşıram. Yaxınlarda qəzetdə qəribə, əndrəbadi bir başsağlığına da rast gəldim. Belə gedirsə jurnalistikamızın daha ağlamalı günləri hələ qabaqdadır. Peşəkarların küncə dirənişi, qəzetçilik ənənələrinin pozulması, yeniliklərin əcaib şəkildə doğulması... Budur, necə deyərlər, hüquqi şəxs başsağlığı verdiyi  vəzifəli bir adama özünü ad-sanı ilə tanıdırdı. Məsələn, “Qızıl qələm” mükafatı laureatı və əməkdar müəllim filankəs filankəsov... 

Belə düşünmək, cəmiyyətdə belə tanınmaq iddiasında olanlar əlbəttə az deyildir. Ancaq adi başsağlığında da bunu oxucuya və yas sahibinə, pis çıxmasın, sırımaq nadir hadisə, nadir yenilik idi. Aşağı-yuxarı onların yenilikləri bu səviyyəyə yaxındır. Peşəkar jurnalistlər, qədir-qiymətini bilənlər, imzaları axtarılanlar heç vaxt öz-özlərini qazandıqları ilə gözə soxmazlar, bunu ayıb bilərlər. İndi oğurluq-doğurluq, xəyanət və fürsətcil məqamlarla nələrəsə nail olanları durdurmaq mümkün deyil. Həmin o başsağlığındakı kimi. Kim nəyə layiq olmayıb müəyyən vasitələrlə nəsə əldə edibsə həmişə ondan danışar – utanıb qızarmadan. Kim nəyə layiq deyilsə, oğrun-oğrun həmişə o zümrəyə can atar. İnanıram ki, bir gün belə məsələlər də diqqət mərkəzinə gətiriləcək və bütün oğurluqların, üzə gülüb arxadan zərbə vurmaların, bütün xəyanətlərin və oyunbazlıqların üstü açılacaq. Bu tip insanları da cəmiyyətin qaranlıq guşələri yetişdirib. Tullanaraq (tulalanaraq da oxumaq olar) ustad dediyinin qarşısına keçənləri də. Belələrini sonradan tanıyıb keçmişini araşdırdıqda daha qəliz məsələlər ortaya çıxır. Hətta qarşına elə biabırçı faktlar qoyurlar ki, dəli olmaq dərəcəsinə çatırsan: gör bir vaxtlar mən kiminlə əl tutub görüşmüşəm. 

Mən bilən son 30-40 ildə BDU-nun jurnalistika fakultəsi Loğman Rəşidzadə, İradə Tuncay, Elçin Şıxlı, Rəşad Məcid... səviyyəsində 10-15 nəfərdən çox hər cəhətdən bu adı doğrulda bilən məzun buraxmayıb. Loğman kimi publisistin ad-sana ehtiyacı varmı? Orta statistik jurnalistika tamam başqa motivdir. Hələ üstəlik indiyədək düz-əməlli yazmağı öyrənməyənlər də az deyil. Ancaq həmişə ad-san, mükafat və sairə qamarlamaq pusqusundadırlar. Tanımayan oxucular elə zənn etməsinlər ki, müəllif nəyəsə iddialıdır, bu səbəbdən mövzunu belə uzatdı. Əsla! Jurnalistikada ən böyük mükafat ən yaxşı yazmaqdır. Nəyi silib aradan götürsələr də, nəyi oğurlasalar da qəzetçiliyin qızıl bir əlaməti var: “podşivkalar” öz yerindədir. Və bir daha xatırlatmaq istəyirəm ki, qazanılan mükafatlara layiq olduqlarını bilən jurnalistlərin heç biri imzasını “bəzəməyə” çalışmırlar. Nəinki çalışmırlar, kimsə müraciətində bunları sadalayarsa etiraz edərlər. Özünə və şəxsiyyətinə hörmət əlaməti olaraq. 

İndi qayıdıram həmin o nekroloq məsələsinə. Jurnalist təhsili aldıqdan sonra komsomol işindən rayon qəzetinə göndərilərək, əvvəlcə ədəbi işçi, şöbə müdiri, sonra da məsul katib vəzifəsində çalışdım. Məsul katib işləyən vaxtlarda sovet dövrünün qaydaları idi, kim nə yazırdısa, qəzetə hazırlayırdısa mütləq gətirib məsul katibə verər, məsul katib də nömrəyə gedəsi yazıları yoxlayıb ölçüsünü qeyd edib, səhifəsini müəyyənləşdirib, redaktora təqdim edərdi. Hətta başsağlıqlarını da. Çünki o vaxtlar öz işçilərimizdən başqa, kim qəzetdə başsağlığı vermək istəyirdisə dövlət bankına 30 manat keçirib mətnlə birlikdə kiçik ödəniş vərəqini də gətirməli idi. O vaxtlar qəzetimizin redaktor müavini – partiya şöbəsinin müdiri başqa millətdən idi. İşi çox olsa da,onunçün bir elə çətin deyildi. Partiya həyatı, çeynənmiş söz və ifadələr, hər dəfə tam bir vərəqi dolduran trafatet üslüb – qurultay və plenumlardan hazır sitatlar, 5-10 kəlmə də sovet hakimiyyətinin və sovet adamının tərənnümü, vəssalam. Rəhmətlik yaza-yaza telefonla da danışırdı, çay da içirdi, hətta söhbət də edirdi. Sanki beyni, düşüncələri başında deyil, barmaqlarında idi. Qəribədir ki, hərif və durğu işarələrindən başqa səhv də buraxmırdı. Hər gün yazdığı eyni cümlələr və eyni məzmun necə olacaqdı ki? Onun bəzi sirləri də vardı. Hərdən redaktorun yaxın qohumu olan bazarkom Hidayət gəlib kişi ilə məzələnir, bərkdən-bərkdən soruşurdu ki, sən nə üçün adını, atanın adını, familyanı dəyişmisən? Sonra bir-iki adamın qulağına nəsə pıçıldayıb çıxıb gedirdi. 

O vaxtlar bir müəllifə eyni nömrədə bəzən 2-3 yazı düşərdisə, birini açıq ad-soyadla, birini ad və ata adı ilə, digərini isə... Nəisə. Bizim bu müavin müəllim də hərdən Hidayət kişinin  dediyi kimi əsl ad familini dəyişmiş halda “kimin oğlu” imzası ilə çıxış edirdi. Biz onu gizlincə Mkrtıçoğlu adlandırırdıq. O, gah mehriban, gah küskün, gah da naməlum vəziyyətdə ünsiyyət saxlayardı. 

Rayonda hörmətli bir adamın atası rəhmətə getmişdi. Bizim Mkrtıçoğlu adlandırığımız müavin öz adından həmin adama bir başsağlığı mətni verib, tapşırdı ki, yuxarıdan qoyarsan. Vərdiş etmişdim, qəzetə verilən 2-3 cümləlik şəkilaltı sözləri də diqqətlə oxuyurdum. Başsağlığını oxuyanda nə görsəm yaxşıdır: Lenin ordenli F.F. Bığır narçılıq sovxozunun direktoru F.F.-ya atası... Daha arxası məlum idi. Durub getdim yanına ki, birincisi sizin Lenin ordeni almağınız haqqında heç bir rəsmi məlumatım yoxdur. İkincisi də budur ki, hörmətli müavin müəllim, lap Lenin ordeniniz olsa belə bu qəzetçiliyə uyğun iş deyil, başsağlığında bunu verənin, adına verilənin və ölənin adından başqa heç nə getməməlidir. Məni ciddi bir nəzərlə süzüb kassasını açdı və qutudan Leninin  əksi olan parlaq bir metal çıxartdı. Bax, indi gördün mənim Lenin ordenimi - deyə az qala mənə düşmən kimi baxdı. Bu, orden deyildi. Sanki məni uşaq bilib xamlayırmış kimi Leninin hər 5-10 ildən bir yubleyləri vaxtı buraxılan və işləyən yaşlı adamların hamısına paylanan Lenin yubley medalı idi. Təbii ki, mən razılaşmadım və otağıma keçib maketlə məşğul olmağa başladım. Müəllim də redaktorun yanına gedib məndən şikayətlənməkdə idi. Mən otağımın qapısını həmişə açıq qoyardım. Bir də gördüm, müavin müəllim adımı çəkmədən söylənə-söylənə mətbəəyə tərəf gedir: “Buna bax bir, heç bilmir ki, partiya-sovet təbliğatı nədir, heç bilmir 1 qram qurddan neçə kilo barama götürmək olar... Tüpürüm sənin gül-çiçəkli ağacına, tüpürüm sənin gülünə-bülbülünə, şeirinə, ulduzuna, ayına...daha arxasını eşidə bilmədim. 

...Redaktor  otağıma gəlib həmin başsağlığına baxıb gülümsədi. Sonra gözlənilmədən belə bir təklifdə bulundu. Bəlkə elə olduğu kimi verək getsin, bu kişi də səndən əl çəksin. Mən qəti etiraz elədim. Sonradan pis bir şeyin olması ehtimalına görə deyil, sadəcə jurnalist etikası, peşəyə, özünə hörmət mənasında. 

Redaktorun mənimlə arası olmasa da razılaşdı. Axı mən həm də onun da nüfuzunu qoruyurdum. 

 

P.S. 15-16 il bundan əvvəllərin də bənzər bir əhvalatını diqqətə çatdırım. Rəhbər vəzifə tutan bir dostumun qardaşının Gəncədə qurulan yas mərasiminə getmişdim. Yerimi bilən adamam. Orta sıralarda diqqəti cəlb etməyən masa arxasında əyləşmişdim. Buraya gəlmək mənim borcum idi. Çünki həmin dost da bizim xeyir-şər məclislərində həmişə iştirak edirdi. Nəsə mənə böyük hörmətlə yanaşırdı. Qəfildən məni gördü, yanıma gəlib üzbəüz əyləşdi. Təbii ki, söhbətimizin əsasını rəhmətliyin cavan və vaxtsız ölümü təşkil edirdi. Ancaq birdən qəfil mövzunu dəyişdi. Qəzetdə verdiyimiz başsağlıqlarına və yasa gəldiyimə görə də təşəkkür etdi. Aqilə xüsusilə. O, Aqil Abbasla da dost idi. Özü də çox möhkəm dostluqları var idi. Araya salıbbir nəfəri məndən soruşdu ki, o kimdir elə, tanımıram, ancaq başsağlığı verib, özü də ailə üzvləri ilə birlikdə. Vallah çaşıb qalmışam... Mən də dedim ki, narahat olma, həyatdır bir də gördün qarşındadır həmin adam. Sakit, nəzakətli insandır. Yəqin rəhmətliklə də tanışlığı olub. Telefonunda “heç vaxt” kontur olmamasına isə təəccüblənmə. Bu onun əbədi həyat tərzidir, dəyişə bilməz. 

 

(...Mövzunun başqa versiyalarda da davamı olacaq, 

mətbuatdakı yaramazların son ifşasına qədər.)

TƏQVİM / ARXİV