İlk Demokratik Respublika… - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
3272 | 2024-06-24 09:09

Yazıya keçid:First Democratic Republic…

Avropa Xəbər Agentliyində (European News Agency) Azərbaycan Demokratik Respublikasına həsr olunmuş yazımı dilimizdə "Ədalət" in oxucularına təqdim edirəm.

Bu yazımda oxucuları 106 il öncəyə aparmağa çalışacam. Şübhə etmirəm ki, bu yazıda oxuyacaqlarınız bir çoxunuzun təəccübünə səbəb  ola bilər. İnsan haqları, demokratiya, təhsil və.s. deyəndə ağlımıza ilk olaraq Qərb ölkələri gəlir və bu da anlaşılandır. Yəqin çoxları bilmir ki, məsələn, qadınlara seçki hüququ hətta bir çox Qərb dövlətlərindən öncə bir qədər sonra sözünü edəcəyim Şərq ölkəsində verilib. Yəqin bir çoxları bilmir ki, Şərqdə ilk dəfə sözünü edəcəyim ölkədə dünyəvi dövlət; dinin dövlətdən ayrı olduğu, bütün dinlərə, millətlərə eyni hüququ verən dövlət yaradılıb…

 

… İyirminci əsrin əvvəllərində Rusiya çaxnaşırdı. Rusiya ərazisində yaşayan xalqların bir çoxu yaranmış vəziyyətdən istifadə edərək öz müstəqil dövlətlərini qurmaq, Rusiyanın işğalından azad olmaq istəyirdi. Bu sıraya Qafqaz xalqları da daxil idi. Qafqaz Seymində birləşmiş azərbaycanlılar, ermənilər və gürcülər öz dövlətlərini qurmağa qərar verdilər və 1918 – ci ildə buna nail oldular. Qafqazda üç Respublika yaradıldı, Azərbaycan, Ermənistan və Gürcüstan. Bu yazımda sizə  1918-1920 -  ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Rsepublikasından (qısa adı ADR) bəhs edəcəm. Çünki ADR bütün Türk və müsəlman dünyasında ilk dünyəvi demokratik və parlamentli respublika idi. Mövcud olduğu iki il müddətində ADR o qədər işlər görüb ki, onu bir yazıya sığdırmaq mümkün deyil. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi. Müvəqqəti Milli Şura üzvləri tək Azərbaycanın deyil, həmçinin digər Qafqaz xalqlarının, müstəqillik əldə etməsində israrlı idilər. Şəxsi fikrim də bundan ibarətdir ki, Milli Şura üzvləri bu qərarı verərkən Qafqazda yaradılacaq üç dövlətin bir daha Rusiyanın, digər dövlətin işğalına düşməmək üçün bir-birinə dəstək verəcəyinə ümid ediblər.

 

Azərbaycan öz müstəqilliyini 28 may 1918 – ci ildə elan etdi. Ərazisi 113,9 min kv. km olan respublikanın ilk paytaxtı Gəncə şəhəri oldu. Çünki həmən vaxt hazırkı paytaxt, Bakı və digər bir çox ərazi  Bakı Xalq Komissarları Soveti adı altında  erməni-rus bolşevik qüvvələrinin əlində idi (Bakı Xalq Komissarları Sovetində azərbaycanlılar azlıq təşkil edirdilər və onlar Rusiya meyilli idilər). 4 iyun tarixində ADR ilə Osmanı dövləti arasında sülh müqaviləsi imzalandı və bu müqavilə əsasən Osmanılın müdafiə naziri Ənvər Paşanın qardaşı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycanın köməyinə gəldi. Qısaca olaraq qeyd edim ki, Bakı 15 sentyabr 1918 – ci ildə işğalçı qüvvələrdən tam azad edildikdən sonra paytaxt Bakıya  köçürüldü. Bütün bunları qısa yazdım, çünki, qeyd etdiyim kimi, iki il mövcud olmuş bu dövlətin tarixini bir məqaləyə sığdırmaq olmaz. Odur ki, bəzi faktları bilərəkdən yazmamağa qərar verdim.

 

ADR  18 may 1918 – ci ildən, 28 aprel 2020 – ci ilə qədər mövcud oldu. Həmən tarixdən sonra Rusiya, bu dəfə isə Sovet Rusiyası Azərbaycanı və həmçinin digər Qafqaz respublikalarını işğal etdi. Bu qısa müddət ərzində ADR dil, təhsil, mədəniyyət, səhiyyə, mətbuat və.s. sahələrə aid çox önəmli qərarlar verdi. Bəlkə də bir çox oxucular üçün təəccüblü görsənə bilər ki, qadınlara seçki hüququ bir çox dövlətlərdən öncə, 1918 – ci ildə Azərbaycanda verilib. Burada qısa haşiyə çıxaraq qeyd edim ki, bu xalq Şərqdə çox ilklərə imza atıb. Məsələn, Şərqdə ilk operanı da ilk dəfə Azərbaycan xalqı qoyub. Azərbaycanda opera sənətinin əsası 1908-ci il yanvarın 12-də bəstəkar Üzeyir Hacıbəyovun o zamankı milyonçu, neft milyonçusu Hacı Zeynalabdin Tağıyev teatrında səhnələşdirilən və şərq- müsəlman aləminin ilk opera əsəri olan "Leyli və Məcnun"u ilə qoyulmuşdur.

 

ADR hökuməti yuxarıda qeyd etdiyim sahələrin inkişafına çox önəm verirdi. Məsələn, təhsil sahəsinə baxsaq görərik ki, 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən Bakı Dövlət Universiteti təsis edilmişdir. Təhsilin önəmini anlayan cumhuriyyət qurucuları 1920 – ci ildə 100 nəfər gənci Avropa ölkələrinə təhsil almağa göndərmişdi. Bu yerdə qeyd edim ki, ADR – in süqutundan sonra bu gənclərin həyatı çox faciəvi olmuşdur. ADR süquta uğrayandan sonra bu tələbələrin maliyyəsi olmamış, bir çoxu geri, Sovet Azərbaycanına qayıtmağa qərar vermişdi və orada da həbs olunaraq ağır cəzalara məruz qalmışdılar. Xaricdə qalanların da həyatı çox əzablı oldu və təəssüf ki, onların bir çoxunun sonrakı taleyi barədə məlumat yoxdur.

 

Mövcud olduğu qısa müddət ərzində ADR bir çox önəmli qərarlar verdi. Həmən qısa müddətdə Azərbaycan dünyanın bir neçə ölkəsində nümayəndəliklərini açdı. Həmçinin təxminən 16 ölkə, həmçinin də Amerika Birləşmiş Ştatları da Azərbaycanda öz nümayəndəliklərini açdılar. Dünyanın bir çox ölkələri ADR – in müstəqilliyini tanıdı. Bütün bunlarda isə ADR – in parlamretinin sədri Əlimərdan Bəy Topçubaşovun rəhbərliyi ilə Paris sülh konfransında iştirak edən nümayəndə heyətinin böyük zəhməti oldu. Nümayəndə heyəti Parisə ABŞ – ın o zamankı prezidenti Vilsonla da görüşü olmuşdu. Vilson öz xatirələrində Azərbaycan nümayəndə heyəti haqqında yüksək fikirlər səsləndirmişdi. Yeri gəlmişkən, Sovet Rusiyasının Azərbaycanı işğalından sonra həmən nümayəndə heyətinin üzvlərinin əksəriyyəti geri qayıda bilmdəikləri üçün xaricdə (bir çoxu Fransada) qalmalı oldular.

 

… 28 aprel 1920 – ci ildə Sovet Rusiyası Azərbaycanı yenidən işğal etdi. Azərbaycan 71  il bu işğaldan azad oluna bilmədi. Yalnız 1991 – ci il 18 oktyabrda Azərbaycan öz müstəqilliyini elan edə bildi. Bu isə əlbətdə ki, asan olmadı. Bu gün Azərbaycanda hər kəs yenidən qazanılmış bu müstəqillikdə 1918-1920 – ci illərdə mövcud olmuş respublikanın önəmli rolu olduğunun fərqindədir. Necə deyərlər, kül altında gizlənmiş gözdən ocaq yenidən alovlandı. ADR – in qurucularından olmuş Məmməd Əmin Rəsulzadə - “Bir kərə yüksələn bayraq, bird aha enməz” – deyirdi və uzun illərdən sonra ADR dövründə dövlət bayrağı olmuş üç rəngli bayraq illər sonra yenə də göylərə ucaldı və bugünkü müstəqil Azərbaycanın bayrağıdır.

 

Vüqar Abbasov.

Avropa Xəbər Agentliyinin jurnalisti

 

P.S. Oxucular üçün maraqlı olacağını düşünərək növbəti yazılarımda sovetlər birlindən, orada yaşayn insanlardan və SSRİ – yə daxil olan ölkələrin müstəqillik əldə etməsindən bəhs edən sislilə yazılar yazmağı düşünürəm.

 

TƏQVİM / ARXİV