Şərurlu İsfəndiyar – söyülməli, yoxsa öyülməli? - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
625 | 2025-04-08 11:00

Son günlərdə ictimaiyyətin diqqətində olan adlardan biri də iş adamı Şərurlu İsfəndiyardır. Onun bir neçə müsahibəsi yayımlandıqdan sonra sosial mediada geniş müzakirələrə səbəb oldu. Əksəriyyət tənqid yağdırdı, bəziləri isə bu çıxışlarda fərqli bir səmimiyyət və dürüstlük gördü. Mən də bu mövzuya şəxsi baxışımı bölüşmək istərdim.

Bu adı illər əvvəl, Azərbaycanda yaşadığım dövrdə eşitmişdim. Heç vaxt şəxsi tanışlığım olmayıb, belə bir cəhdim də olmayıb. Bu gün də belə bir istəyim yoxdur, yəni bu yazının arxasında hər hansı şəxsi maraq və ya gizli niyyət yoxdur.

Səmimi etiraflar və cəmiyyətə mesaj

Şərurlu İsfəndiyarın müsahibələri, xüsusilə bir neçə məqamla yadda qaldı. O, açıq şəkildə etiraf edir ki, savadı yoxdur. Lakin savadlı insanları işə cəlb edərək və onlara yüksək maaş verərək uğur qazanıb. “Çoban oturub başda, alimlər işləyir. Pullar da gəlir,” – deyə bildirib. Burada diqqətçəkən məqam təkcə onun şəxsi təcrübəsi deyil, həm də cəmiyyət üçün mühüm bir mesajın ötürülməsidir: Əgər peşəkar və bilikli insanlara şərait yaradılsa, onların hesabına həm iş uğur qazanar, həm də iqtisadiyyat inkişaf edər.

Bu yanaşmanı ölkə miqyasında da tətbiq etmək mümkündür. Dövlət idarəçiliyində savadlı, təcrübəli kadrların rolu danılmazdır. Yəni bunu ölkə miqyasında da tətbiq etmək olar: idarəetmədə savadlı, peşəkar kadrlar olsa, iqtisadiyyat da inkişaf edər. Burada yanlış olan nədir? Məncə, heç nə.Bu baxımdan, Şərurlu İsfəndiyarın sözlərində, hər nə qədər bəziləri üçün sadə və kobud səslənsə də, ciddi və dəyərli bir fikir var.

O ki qaldı onun savadsız olmasına – diplomun olması hələ savadlı olmaq demək deyil. İstəsəydi, yəqin ki, diplom almaqda çətinlik çəkməzdi. Üstəlik, tariximizdə bir çox imkanlı insanlar olub ki,  savadları olmayıb, amma böyük uğurlara imza atıblar.

Səmimiyyət və insanlıq

Müsahibələrinin birində o, maraqlı bir hadisədən danışır. Bildirir ki, maşınla gedərkən bir işçisini piyada görüb, saxlayaraq onu maşına dəvət edib. İşçi isə paltarı tozlu olduğu üçün imtina edib. İş adamı cavab verib: “Gəl otur, mən də bu mərhələdən keçmişəm.” Bu sadə epizod əgər doğrudursa – ki, əksini sübut etmək üçün əsas yoxdur – onun insani və səmimi tərəfini göstərir. Bu cür davranışlar, xüsusilə yüksək mövqe sahibi olan insanlardan gələndə, diqqətəlayiq və təqdirəlayiq sayılır. Bu kimi məqamları təbliğ etmək lazımdır ki, başqalarına örnək olsun.

Din mövzusuna yanaşması

Müsahibələrdən birində ona dinə münasibəti soruşulur. O isə cavab verir ki, “Məndən olsa, məscidləri söküb yerinə məktəb tikərəm.” Bu açıqlamaya görə tənqidlərə məruz qalır: “İndiyə qədər məktəb tikmisən ki?” Halbuki bu, sadəcə bir şəxsi fikirdir, vəzifə öhdəliyi deyil. Dini baxış bucağından fərqli düşünmək hər kəsin hüququdur. Hətta bu mövzuda da onun səmimi olduğu hiss edilir. Əlbətdə ki, məktəb tiksə, xeyriyyəçilik etsə idi yaxşı olardı, amma onun belə bir öhdəçiliyi yoxdur. Bu cavabla o, sadəcə dinə olan münasibətini bildirmiş olub.

Qazanclı, lakin qanunsuz yox

Bu gün cəmiyyətin çox hissəsi pullu, imkanlı  insanlara tənqidi yanaşır.  Şərurlu İsfəndiyar rüşvətlə,  korrupsiya ilə zənginləşmədiyini iddia edir. Bu isə artıq bir fərq yaradır.

Bəzən düşünürəm ki, biz qərb ölkələrinin uğurlu iş adamlarınından kimsə “mən savadsızam, amma peşəkarları işə götürürəm” tipli açıqlaması olsa idi, onu alqışlayardıq. Lakin özümüzdən biri eyni şeyi deyəndə, qəbul etməkdə çətinlik çəkirik. Daha pisi – onu topa tuturuq.

Ən qəribəsi isə budur ki, korrupsiya ilə varlanmış insanlara bəzən bu qədər sərt yanaşmırıq. Sanki “pul varsa, necə qazandığının fərqi yoxdur” yanaşması formalaşıb. Halbuki zəhmətlə, ağılla zənginlik qazanmaq daha çox dəyər verilməli haldır.

Sonda...

Mənim fikrimcə, Şərurlu İsfəndiyarın müsahibələri onu tənqid etməyə yox, təqdir etməyə əsas verir. Həm iş həyatındakı uğur modeli, həm də açıq və səmimi danışığı ilə cəmiyyətə maraqlı mesajlar ötürür. Ola bilsin ki, o, hər şeyi ideal formada ifadə edə bilmir. Amma bu, bizim onu top-tüfəngə tutmağımız üçün əsas deyil.

Bəlkə də bu müsahibələr, cəmiyyət olaraq uğur anlayışımıza, insanlara münasibətimizə yenidən baxmaq üçün bir fürsətdir.

Vüqar Abbasov.

Niderland.

[email protected]

 

TƏQVİM / ARXİV