Mən həmişə demişəm bu gün də deyirəm: müəllim Allahdan sonra ikinci müqəddəs varlıqdır. Bizim bu dünyada bir Allaha, bir aya- anaya, bir də müəllimə borcumuz var! Əgər ata- ana bizi dünyaya gətiribsə, müəllim göylərə qaldırıb.
Amma bu gün bizi göylərə qaldıran müəllimə münasibət çox pisdir. Bu qədər də müəllimi hörmətdən salmaq olar?! Ölmədik , bu günü də gördük! Gəncədə məktəblərin birində tənəffüs zamanı bir neçə şagird müəllimi döyüb. Sözün düzü, bu xəbəri eşidəndə donub qaldım. Bir müəllim şagirdə əl qaldıranda az qala dünya dağıla; şagird qışqırır, valideyn qışqırır, cəmiyyət qışqırır...
Amma müəllim döyüləndə bu qışqırıq eşidilmir, cəmiyyət susur... Niyə susur, bax o , bilinmir?! Adiyyatı qurumlardan isə elə bir reaksiya olmadı. Və dedilər ki, araşdırma aparılır. Balam, bu araşdırma bitmədi, niyə ictimaiyyətə məlumat verilmir?! Ona görə ki, Regional Təhsil İdarələri bərbad gündədir. Bu vəzifədə işləyənlərin bəzilərinin təhsildən xəbəri yoxdu və qeyri- ixtisas sahibidir. Amma müəllimin döyülməsinə biganə yanaşmaq olmaz!
Əgər müəllim döyülürsə, bu, nadanlıqdan və cahillikdən xəbər verir. Və bir də müəllimi döyülən millətin sabahı işıqlı ola bilməz! Bəlkə düz demirik, cənablar???