Hər birimiz dünyada fərdilik təşkil etsək də, amma böyük anlamda həm də elik, obayıq, millətik, cəmiyyətik… Bax, bu mənada fərdlərin bir-biri ilə ünsiyyət qurması, bir-birinə yaxınlaşması və sonda bu ünsiyyətin, yaxınlaşmanın qruplara, insan birliklərinə çevrilməsi təbii bir proses kimi baş verir. O prosesin içərisində də DOST, dostluq kimi nüanslar da var. Yəni adamlar təkcə qrupda birləşmir, ictimai təşkilatda bir araya gəlmir və yaxud hansısa bir tədris müəssisəsində, hərbi hissədə eyni statusu daşımır. Adamlar həm də bir-birinə ünsiyyət, ruh, əxlaq, dünyagörüş vasitəsilə yaxınlaşır və bir çox hallarda bu yaxınlaşma sarsılmaz dostluğa çevrilir.
Maraqlı olan budur ki, şairlərimizin də yazdıqları və təbliğ elədikləri kimi, hecaya bölünməyən DOST sözü özündə ehtiva etdiyi məna baxımından da bölünməz olur, ayrılmaz olur. Bildiyimə və inancıma görə, əsl dostları yalnız ölüm ayırır. Qalan bütün hallarda həmin əsl dostlar son nəfəsə qədər bir olurlar, birlikdə olurlar. Burda söhbət mənəvi baxımdan birlikdə olmaqdan gedir. Yəni bir damın altında və yaxud bir yataqda ömrü başa vurmaqdan getmir. Və bir də hansı məsafədə yaşamalarından, hansı zamanlarda görüşmək imkanlarının da bu məsələyə dəxli yoxdur. Ola bilər ki, illə, ayla, günlə üz-üzə, göz-gözə görüşməsinlər. Ola bilər ki, biri ölkənin cənubunda, biri şimalında yaşasın. Amma bu da onların münasibətlərinə hər hansı bir formada təsir edə bilməz. Yəni bütün hallarda həqiqi dost üçün zaman da, məkan da məhz ruhən mənəviyyatla bir-birinə sırf bağlılıqdan gedir, birlikdə olmaqdan gedir.
Bəli, yaşadığım ömür kəsiyinin arxada qalan illərini göz önünə gətirib vərəqlədikcə könül, ruh dostum olan və amansız ölümün əlimdən aldığı şəxsləri xatırlayıram. Onların hər biri mənim üçün güvənc yeri, mənəvi dayaq, məsləhətçi, diqqət və qayğı göstərən, bütün zamanlarda arayıb-axtaran insanlar idi. İstər kişi dostlarım, istər qadın dostlarım. Bu dostluğun mayası halallıqi idi. Cəmiyyətdə tutduğumuz yer, icra etdiyimiz vəzifə burda heç bir əhəmiyyət kəsb etmirdi. Ona görə də mən onları hər dəfə xatırlayanda təkcə ruhlarına dua oxumuram, həm də onlarla birlikdə oluram, birlikdə yaşadıqlarımızı, birlikdə gəzib-gördüklərimizi, birlikdə arayıb-axtarıb düşündüklərimizi və birlikdə bölüşdüyümüz son tikəmizi…düşünürəm, xatırlayıram və bəzən də bu düşündüklərimin, xatırladıqlarımın yuxu olduğuna içimdə bir şübhə yaranır. Elə bilirəm ki, bütün bunlar bir yuxu olub. Amma …
Həqiqətən mənim üçün ruh doğması olan həm yaradıcılığı ilə, həm şəxsiyyəti ilə özündə bir bütövlük yaşadan şair-publisist Vahid Əlifoğlu bu dünyanın ən ağır taxtalı, ən dizi bərk və hətta ən məsuliyyətli sözə çiyin verən kişilərdən idi. Bütün həyatı ağır əməkdən, gecə-gündüz işləməkdən, ev, yuva qurmaqdan və bir də qələmdən keçirdi Vahid Əlifoğlunun. Əslində keçmirdi, yaşayırdı bu yazdıqlarımı, dediklərimi. İlk baxışdan köntöy, ipə-sapa yatmayan adam təsiri bağışlayan Vahid Əlifoğlu sözü də mum edirdi öz doğmalığı ilə, öz ərki ilə. qarşısındakı istənilən adamı da... öz ürəyini də. Onunla söhbət etdikcə son dərəcə pak bir ürəyin şahidi olurdum. Nə qədər diqqət yetirsəm, nə qədər sağdan, soldan baxsam onun ürəyinin bənzərini başqa bir kimsədə görə bimirdim.
Maraqlıdır ki, ali təhsillə fəhlə işləyən Vahid Əlifoğlu heç harda və heç kimə nə yüksək bilik, savadını, nə dünyagörüşünü, nə də müəyyən üstün cəhətlərini diktə etmirdi. Onunla münasibət quran, ona yaxınlaşan, onunla bir yerdə olan istənilən adam çox qısa zamanda Vahidi özünə doğma bilirdi, ona sirrini verirdi, ona dərdini danışırdı. Bax onda mən bir daha görüb və inanırdım ki, bütün insanlar özü də hansı təhsilin, hansı qabiliyyətin sahibi olmasından asılı olmayaraq sinəsində bir ürək daşıyır. O ürək safdısa, sevgi ilə, sayqı ilə qidalanırsa, döyünürsə, onun sahibi pis adam ola bilməz. Kimsəyə problem yarada bilməz, kimsənin haqqını yeyə bilməz, kiməsə yuxarıdan aşağıya baxa bilməz!..
Hə, bax belə idi Vahid Əlifoğlu. Şeirlərində də, publisist yazılarında da. Düpbədüz, birbaşa, gördüyü və bildiyi kimi fikir söyləyirdi. Onun xalq şairləri Bəxtiyar Vahabzadə və Məmməd Arazla yazışmaları, eləcə də Seyran Səxavət, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Xosrov Natil, Oruc Səda, Mətləb Misir və daha neçə-neçə dəyərli söz və qələm adamları ilə fikir mübadilələri, yazışmaları obrazlı desəm, bir kitablıq yazı, bir ömürlük həyat dərsidi. Mən onu 1972-ci ildən tanıdım. Aramızda 7 il yaş fərqi var idi. O mənə böyük qardaş, böyük dost münasibəti göstərirdi. «Ərgünəş» dərnəyində yazılarım barəsində səmimi, amma sərt münasibət bildirirdi. Fikirlərini elə çatdırırdı ki, küsmək adamın heç ağlına da gəlmirdi. Dinlədikcə sanki bir müəllimdən, bir dünyagörmüş insandan məsləhət alırdın... Və beləcə zaman-zaman biz də böyüdük, dostluğumuz da. Sonra bu dostluq iki ailənin doğmalığına çevrildi. Doğmalaşdıqca ondakı canyananlıq da, ondakı dözüm də mənə öz təsirini göstərirdi. Öyrənirdim ondan özü bilmədən…
İndi aprel ayının ilk on günlüyüdür. Aprelin 3-də doğulmuşdu. Dünyadan nakam getdi. Əl boyda dörd kitabı qaldı Vahid Əlifoğlunun. Bir-birindən maraqlı, bir-birindən düşündürücü və ədəbiyyat müsiəvisində çəkisi olan kitablar. O kitabların üçünün həm redaktoruyam, həm də ön sözünün müəllifi. Lakin hələ də özümü Vahidin ürəyinə, ruhuna borclu sayıram. Və bir də…
Və bir də fikirləşirəm ki, həyatımdan köç edən bu adamlar itirilməyən adamlardı. Çünki onlar əbədiyyətdə məskunlaşıblar, ünvanları bəllidi. Və nə vaxtsa görüşəcəyimiz şübhəsizdir. Amma onlarsız itirdiyim zaman isə heç nəyə yaramayan və həyatımda heç bir yeri, xidməti olmayan zamandı. Onlar boş-boşuna xərclənib, ya da əlimdən düşüb itib. Yəni üütün hallarda və mənalarda itirilmiş zamandı. Deməli, itməyən adamların mənə yaşatdıqları itirilmiş zamana dözməyə azacıq da olsa güc verir, təsəlli verir. Bu da o deməkdir ki, mən yenə dostlarla birlikdəyəm. Bu həm də o deməkdir ki, mən də, həmin adamlar da bir-birimizi itirməmişik.