İrəliləyiş var? - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
2480 | 2024-08-12 08:07

 

 

Artıq bir neçə ildir ki, məmləkətə, Azərbaycana gələndə sosial şəbəkələrin birində bu adla statuslar paylaşırdım, amma sual işarəsi qoymadan, sadəcə “İrəliləyiş var” adı altında. Bəzi dostlar bunu yazdığım kimi qəbul edir, düşünür və gülür, bəziləri isə ciddi qəbul edib məni “hansı irəliləyişdən danışırsan?” – deyə qınayırdı. Bəs irəliləyiş varmı? Son illərin ən böyük irəliləyişi torpaqlarımızın işğaldan azad olunması, bayrağımızın bütün ərazilərimizdə dalğalanmasıdır. Bu boyda irəliləyişi görməmək mümkün deyil. Amma əlbətdə ki, insanlar digər sahələrdə də irəliləyiş gözləyir və haqsız da deyillər. Hər kəsin gündəlik qayğılardan azad olmaq, maddi imkanlarının daha yaxşı olması istəyini anlamaq da çətin deyil. Hələ mən məmur özbaşnalığını, vaxtaşırı yaranan işıq, qaz, su  probleminin, işsizliyi və.s. demirəm. Amma bunların da zamanla yoluna düşəcəyinə inamım var.  Bəlkə də bir çoxlarımıza inandırıcı görünməyə bilər. Amma nəzərə alaq ki, bir neçə il öncə torpaqlarımızı geri qaytaracağımız da çoxlarına inandırıcı gəlmirdi. Yazımı çox pozitiv başladım. Deyəsən axı məndə də (əslində, pozitiv biriyəm, bəziləri tənqidi neqativ qarşıladığı üçün belə yazdım) irəliləyiş var...

 

Qiymətlər

 

Səmimi deyim ki, məmləkətdəki qiymətlər mənə çox baha gəldi. Qiymətlər Avropadakı, bir qədər konkretləşdirsəm, yaşadığım Niderlanddakı qiymətlərlə təxminən eynidir. İki ölkə arasındakı əmək haqqı fərqlərindən isə danışmağa dəyməz. Düzünü deyim ki, məəttəl qaldım ki, bu əmək haqqı ilə insanlar gündəlik ərzaq tələbatlarını necə ödəyirlər.

 

Qayğılı üzlər

 

Bəlkə bu bahalığın, maddi sıxıntıların nəticəsidir ki, əksər insanların üzündə təbəssüm görmək olmur. İnsanların çoxusu qayğılı və bir qədər də əsəbi gəldi mənə. Bir çox halda birinin sözü digərinə xoş gəlmirdi. “Xahiş edirəm,” “Təşəkkür edirəm” və.s. bu kimi müsbət enerjili sözlər sanki unudulub, çox az istifadə olunur, mənim müşahidələrimə görə. Çox adamla söhbət etdim, çox narazı insan gördüm. Sayını unutduğum qədər insan, tanıdıqlarım və tanımadıqlarım,  məndən xaricə köçməyin yolları barədə soruşdu. Həm buna, həm də onlara kömək edə bilmədiyimə görə üzüldüm.

 

Yollar

 

Avtomobil yolları, şəhərdə, şəhərin kənarında az qala günün bütün vaxtlarında sıxlıq olurdu. Bəzən saatlarla tıxacda qalmalı olurdum. Qayda-qanuna əməl edən sürücülərin sayı olduqca az idi. Əsəbləşirdim, ancaq sonra da - “Qayda-qanunu harda öyrəniblər? Sürücülük vəsiqəsinin necə alındığı kimə sirrdir?” – deyə düşünürdüm. Adicə dönmə zamanı müvafiq işığı yandıran sürücülərə nadir halda rast gəlmək olurdu. Bir istiqamətə tıxac olurdusa, bir çoxları əks istiqamətdə gələn avtomobillərin yoluna çıxır və tıxacı daha da sıxlaşdırır və beləcə də problemi daha da artırırdılar. “Bu qədər də axmaqlıq olar? Bunlar heçmi düşünmürlər?” – deyə öz-özümə sual edirdim. Siqnal səsindən də qulaq tutulurdu.

 

Şəhərdən kənarda, məsələn, Zabrat-Pirşağı yolunda olan bütün piyada keçidlərinin (Zebra) xəttləri pozulub. Tək bu olsa idi nə vardı. Qoşa xəttlərdən başqa digər bütün xəttlər az qala görünməz dərəcədə pozulub. O xəttləri keyfiyyətli çəkmək o qədər çətindir?

 

Yol qırağındakı yol nişanları da yetərincə deyil. Yollardakı problemlər saymaqla bitməz. Məsələ tək yol çəkməkdə deyil, həmçinin, Türkiyə türkləri demişkən, yolsuzluğa (rüşvətə) son qoymaq lazımdır. O zaman bütün yollar düzələr, tək avtomobil yolları deyil.

 

Piyadalar

 

Yuxarıda qeyd etdim ki, yollardakı piyada keçidləri görünməyəcək dərəcədə pozulub. Yol kənarlarında səkilər isə demək olar ki, yoxdur. Olan səkilər də dardır və səkilərdə ağaclar, elektrik dirəkləri və.s. görmək adi haldır. Sağlam adam, çətinliklə olsa da, birtəhər yoluna davam edə bilər. Amma əlil arabasında olanlar, uşaq arabası ilə olan valideynlər üçün mövcud səkilərin bir çoxundan istifadə etmək imkansızdır. Hətta bu səkilərə əlil arabası, uşaq arabası ilə çıxmaq belə mümkünsüzdür. Bu səkiləri çəkənlər heçmi düşünməyiblər? Bəs bu işləri hazır vəziyyətdə təhvil alanlar hansı ağılla bu işləri qəbul ediblər? Suallar çoxdur, cavabını verən lazımdır.

 

Xidmət sahələri

 

Restoranlarda, regionlarda, istirahət mərkəzlərində qiymətlər çox bahadır, hər halda mənə baha gəldi. Əmək haqqı ilə yaşayan birinin ailəsi ilə ildə 1-2 gün istirahət etmək imkanı ya ola, ya olmaya. Otellərin qiymətini yazmayacam, internetdə axtarış edə bilərsiniz. Bir misalla kifayətlənəcəm. Rayonlarda 4 nəfərlik kottecin qiyməti 200-250 manatdan başlayır (bir çoxunda səhər yeməyi bura daxildir). Əmək haqqı 500-600 manat olan biri sizcə, ildə neçə gün istirahət edə bilər? Xidmət isə o qədər də yüksək səviyyədə deyil, bu sahədə çalışanların əksəriyyəti peşəkarlıqdan çox uzaqdırlar. Nə müştəri ilə danışa bilirlər, nə də xidmət etməyi. İstisnalar isə təbii ki, hər zaman var. 

 

Son

 

Əslində, sona çatmaq üçün hələ tezdir. Çox yaza, çox sadalaya bilərdim. Amma qısa yazmağa çalışdım, buna baxmayaraq,  yenə də uzun alındı. Həm də, düzünü deyim ki, şübhə edirəm ki, bu yazını aidiyyatı olanlardan kimsə oxuyacaq. Əgər oxuyacaqlarsa belə, tədbir görəcəklərini düşünmürəm. Əgər oxusalar və tədbir görsələr, o zaman tam səmimiyyətlə: - “İrəliləyiş var” – deyərdim.

 

 

Vüqar Abbasov.

Niderland-Azərbaycan-Niderland.

vugarabbasov@hotmail.com

 

TƏQVİM / ARXİV