Laçında 31 il əvvəl çəkilmiş son foto -VİDEO

RƏŞAD MƏCİD
3973 | 2022-08-28 15:29

Bir parça donuq şəkil əslində böyük bir tarixin aynasıdır bəlkə də. Həmin hərəkətsiz təsvir insana nələri xatırlatmaz ki...

Adalet.az  xəbər verir ki, İctimai Televiziya 31 il əvvəl hələ 7 yaşında olarkən valideynləri ilə birgə öz el-obasından didərgin düşən soydaşımızdan bəhs edən sujet hazırlayıb.

Doğma yurdu Laçını tərk edərkən baş verənləri, o dəhşətli günləri dərk etməsə də bu gün onun haqqında eyni sözləri demək olmaz. Hazırda 38 yaşı olan Valeh Mehrəliyev təsadüfən internet səhifələrinin birində özünün 31 il əvvəl – məhz evlərini tərk edərkən çəkilmiş təsvirini görür. Həmin şəkil əslində, bu gün öz doğma el-obasına qayıtmağı səbirsizliklə gözləyən bir Laçın sakininin 31 illik ayrılığının ən mükəmməl təsviridir demək olar ki...

“Bu şəkil ilə ilk dəfə Vikipediyada yerləşdirilən Qarabağ müharibəsinə həsr olunmuş resursda rastlaşmışdım. Şəkildə bir doğmalıq hiss etmişdim. Daha sonra dayımın həyat yoldaşı mənə o şəkili göndərib bildirdi ki, “Valeh, özünü tanıya bildinmi?” Dedim ki, fotonu əvvəl də görmüşdüm, amma mən olduğumu bilmirdim. Mənə xatırlatdı ki, əynindəki paltonu xalan sənə Rusiyadan alıb göndərmişdi”, – Valeh Mehrəliyev qeyd edib.

O zaman 7 yaşı olan V.Mehrəliyev həmin günləri çox da yaxşı xatırlamır. Hətta əynindəki üst geyimini belə dayısının yoldaşı ona xatırladır: “Daha sonra mənə başqa bir şəkil göndərdi, 1992-ci ilin noyabr ayında şəhid dayımın məzarı üstündə çəkilmiş şəkil var. Həmin şəkildə də mən eyni paltodayam və artıq müəyyən etdim, dəqiqləşdirdim ki, bu fotodakı uşaq mənəm”.

Valeh Mehrəliyev deyir ki, Laçından qaçqın düşəndə şəkildə əlində tutduğu qovluğu özü ilə gətirib.

Daha ətraflı videomaterialda:

TƏQVİM / ARXİV