20 il öncə “525-ci qəzet”də “Yeni paytaxt ehtiyacı” adlı yazı yazmışdım, bu mövzuda müzakirə açmışdıq. Ziyalılar, millət vəkilləri, mütəxəssislər yeni paytaxtın inşasının çox gərəkli olduğunu söyləmiş, maraqlı, məqsədəuyğun təkliflər səsləndirmişdilər. O təkliflər içərisində yeni paytaxtın Qarabağa yaxın ərazidə salınması xüsusilə diqqət çəkmişdi. Neft bumu öncəsiydi, tezliklə ölkəyə axıb gələcək böyük vəsaitlərin hara yönəldilməsi ciddi maraq doğururdu.
O vaxtlar ANS televiziyasında bu sahənin mütəxəssisi olan inşaatçı-alimlə debata da çıxmışdıq. Onun bir sözü indiyədək yadımdadır: "Abşeron yarımadasında dörd milyon adamın məskunlaşması mümkündür”.
Mən isə demişdim ki, artıq Abşeron yarımadasında dörd milyona yaxın insan məskunlaşıb. Demək olar, ölkənin yarısı paytaxtda yaşayır.
İndi isə Bakı lap yüklənib.
Paytaxt artıq bu qədər yükə dözmür. Bakıda tikintilər belə davam edəcəksə, bir azdan vəziyyət daha çətin olacaq.
Paytaxtdakı sıxlığın qarşısını almaq üçün nazirliklərin, universitetlərin regionlara köçürülməsinin vacibliyi barədə indi də tez-tez fikirlər səsləndirilir.
Çox şükür ki, torpaqlarımız işğaldan azad olunub artıq, böyük quruculuq işləri başlayıb.
İşğaldan azad olunmuş ərazilərdə böyük şəhər salmağın da zamanıdır. Bunun üçün hər cəhətdən ən uyğun yer isə, sözsüz ki, Ağdamdır. Ağdam ərazisində 500 minlik şəhər salınması heç də xülya deyil, gerçəkləşməsi mümkün olan məsələdir. Ötən əsrin 30-cu illərində də Ağdamın daha geniş inkişaf etdirilməsi barədə düşünülüb və bu, gələcək təhlükələrin - məlum separatçılıq cəhdinin qarşısını almaq üçün vacib amil sayılıb.
Təsəvvür edək ki, Ağdamda beşyüz minlik, daha sonra da əhalisi bir milyona çatan şəhərimiz var. Onda ətrafdakı 20-30 min separatçının əriyib yoxa çıxması da təbii prosesə çevriləcək. Üstəlik, paytaxtdakı sıxlığın xeyli azalmasına, ümumi tərəqqiyə xidmət edən gözəl, ən müasir tipli yeni bir şəhər - sabahın Ağdamını qazanmış olacağıq.