ŞÜBHƏLİ TOXUM - Fəridə RƏHİMLİ yazır

FƏRİDƏ RƏHİMLİ
48496 | 2019-07-22 11:12

Nədən bizi sevmirlər? Nədən düşmənlərimiz bu qədər çoxdu? Nədən millət olaraq əlimizdə olanları hər kəsə peşkəş elədiyimiz halda bu qədər urvatsızıq? Nədən bu qədər aqressivik, bir-birimizə kinimiz aşıb-daşır?

Bir millət vəkilimizin Gürcüstan-Azərbaycan sərhəddindəki indsidentlə bağlı: əsgər atəş açmalıydı, ifadəsinə o qədər təhqiredici şərhlər gəldi ki, oxuduqca düşündüm ki, həqiqətən bizə ayrı düşmən lazım deyil, biz özümüz özümüzün düşməniyik. Həm də dünyada bu qədər düşmənimiz olmasına rəğmən. Az-çox tanıdığıma əsasən deyə bilərəm ki, o "davakar” millət vəkili dövlət sərhəddimizə basqın zamanı o zabitin, əsgərin yerinə olsaydı, atəş açardı, çünki onun vətən, torpaq sevgisinin, qeyrət anlayışının, təəssübkeliyinin həqiqi olduğuna inanıram. Bu millətə nə lazımdı, hələ özü də doğru-düzgün anlamır.

Kiçicik başıbəlalı ölkəmizin tarixi haqda bir film çəkilsə, baxıb-baxıb ağlamaq olar onun halına. Bu xalqın başı nələr çəkməyib? Əsrlər, illər keçib, hələ də eyni ssenari ilə davam etməkdədi bu bəlalar. Nə dərs çıxarırıq, nə ayılırıq, nə də laqeydliyimizə son qoyuruq. Xan babalarımız, şah dədələrimiz "mənəm”likləri ucbatından birləşib vahid dövlət yarada bilməyiblər. "Tənha öküzü canavar parçalayar” misalını yaratmışıq, amma ondan özümüz deyil, başqaları dərs götürüb. Biri torpağı hədiyyə edib, biri şəxsi marağı üzündən dədə malı kimi güzəştə gedib, biri can qorxusundan, mal-dövlət hərisliyindən qeyrəti güdaza verib,

eləcə yaşayıb gediblər. Nə deməliyik onlara, fəxrlə dədələrimizmi deməliyik, yoxsa gorbagorlarmı?

Torpağımız bölünə-bölünə kiçilib. Yeganə dövlətik ki, hər tərəfdən öz ata-baba torpaqlarımızla həmsərhədik. Bundan ağır dərd olmaz! İndi Azərbaycan başı, qolları, ayaqları kəsilmiş bədəni xatırladır. Kəsilə-kəsilə azaldılan torpağı qartala bənzədib fəxr eləyirik. Bu torpağın əvvəlki halında xəritədə tülküyə, çaqqala bənzəməsinə də razıyam, amma bütöv olaydı, vahid olaydı, bölünməz olaydı! Bayrağımız onca metr olaydı, amma başımız üzərində fəxrlə dalğalandıra biləydik, baxdıqca qürurdan ağlayaydıq!

Boş-boş, yaltaq, boğazdan yuxarı sözlərdən çimçəşirəm artıq. Xalqın dövlətinə, məmuruna, sərhədçisinə inamı, güvəni olmasa yaşaması çətin olur. Erməni bəlası onsuz da tuği-lənət olub, boğazımıza keçib, bütün dünya bir qrup siyasi artistlərin, şərəfsizlərin oyuncağıdır. Bəs özümüzə nolub? Niyə bu qədər düşmən kəsilmişik özümüzə? Və bir can bu qədərmi şirin olub ki, hər cür qeyrətsizliyi qəbul edərək kölə həyatı yaşayırıq? Təkəbbürlü gürcü imicini göz önünə gətirin. Sənin ucuz neftinlə, qazınla, digər məhsullarınla, başıboş, cibidolu, haramyeyən gədələrin onların kazinolarına daşıyaraq uduzduqları milyonlarla varlansın və sənə yuxarıdan aşağı baxsın! Rusu, amerikanı, gürcüsü, hətta ermənisi belə, saymadığı halda ona tolerantlıq adıyla yarınmağın səbəbi nədir? Yenə "siyasətin çirkin oyunları” nağılını ortaya atmayın! Bezdik bu yalanlardan! Azərbaycan bütün dünya tərəfindən blokadaya alınsa da dövlətin güzəranını təmin etmək üçün hər cür yeraltı, yerüstü xəzinəsi kifayət edər. Qaldı ki, tək Mübariz İbrahimov bir alayı darmadağın edə bildisə, demək bu millət qeyrətini qorumağa qadirdi. Azərbaycanda Lazımı gözləyənlərdən fərqli olaraq

Mübariz kimi yüz nəfər oğlan yoxdumu, canını düşünməyib erməni dığalarını bir neçə saatda məhv eləsin? Gürcü sərhədində əsgərimizin əlindən silahını almaq cürəti hardandı? Eyni səhvi təkrar etməmək üçün cavablarını yerindəcə vermək gərək deyildimi? Kimlərə sərf eləmir bu hərəkat? O gün məlumatlardan oxudum (nə qədər doğrudur, bilmirəm) Azərbaycanın Amerikaya on yeddi milyard borcu olduğunu. Biz niyə borcluyuq? Borca girib nə almışıq Amerikadan? Və yaxud verməyə imkanımızmı yoxdu ki, gələcək nəsli borc altına sürükləyirik? Bunu siyasi savadsızlıq kimi qəbul etməyin, nə dediyimi anlayıram. Yüksək çinli məmurlarımız həbs olunarkən hamısının "altından” milyardlar çıxır və o yüksək çinli məmur necə olursa, həbs olunar-olunmaz dövlət malına xəyanət maddəsiylə güllələnməli olduğu halda azad edilib, "ev dustağı”na çevrilir. Sizcə beş-altı məmur həbs olunsa, ondan müsadirə edilənlərlə "BORCUMUZU” verə bilmərikmi?

Bu qədər var-dövlət hərisliyi ikrah hissi doğurub artıq, xalq nifrət edir haqqını yeyənlərə. Bu hərisliyin ucbatından tarixən birləşə bilməmişik, torpaq da, dövlətin xəzinəsi də, tarixi dəyərləri də, qeyrət, namus, şərəf də bizdən alınıb, manqurtlaşmışıq, Allahın insan kimi şərəfləndirərək bizə verdiyi müqəddəs hər şeyi itirmək üzrəyik. Qeyrət aşınması təhlükəsi görünür. Bu qeyrətsizlik toxumunu səpmək istəyənlərə sapı özümüzdən olan baltaların dəstək verməsinin də bircə səbəbi mal-dövlət, dünya ləzzətləri, rahat yaşamaqdır. Ancaq insanın ən böyük rahatlığı vicdan rahatlığıdı. Vicdanı olanlarsa xalq malını, qul haqqını, yetim haqqını yeyə bilməz. Bu hərislik millət olaraq axırımıza çıxacaq!

Həyəcan təbilinin tappıltısı gecə-gündüz qulağımı, beynimi deşir!


TƏQVİM / ARXİV