Xarı Bülbül Trabzonda - Fəridə RƏHİMLİ yazır

FƏRİDƏ RƏHİMLİ
62897 | 2021-07-17 11:43

15 Temmuz qardaş Türkiyənin qəhrəmanlıq dastanının - növbəti zəfərinin beş ili. Xalq, millət olaraq bu günün dirənişi tarixlərə yazıldı. Türkiyə xarici düşmənlərlə yanaşı içindəki satqınlara qarşı da eyni təpkini göstərdi. Artıq düşmənlərini sərhəddindən uzaqlaşdıran Türkiyə həmişə olduğu kimi, yenə nankor qonşularla, inkişafını, birliyini gözügötürməyənlərlə sonsuz mübarizədədir. Düşmən azalmasa da, yorulmasa da, usanmasa da, Türkiyə də pəs etmir, daha da güclənir. Çünki arxasında xalqı duran dövlət heç bir güc qarşısında əyilməz. Nə gözəl deyilib: “Türk olmaq çətindir, çünki dünyaya qarşı savaşırsan. Türk olmamaq daha çətindir, çünki türklərlə savaşırsan...”.

 Zaman-zaman qardaş dediklərimiz bizə qənim kəsilib. Varidatımızı talasa da, dinimizə, dilimizə əl uzatsa da yenə “böyük qardaş" deyib susmuşuq. Amma ən böyük düşmənimiz olduğunu çox gec anlamışıq. Anlamışıqmı, o da hələ məlum deyil...

Türkiyə isə dini, dili, adət-ənənəsi, adları, yeməkləri, ağısı, laylası, dərdi, kədəri eyni, yaxud bənzər olan əsl qardaş dövlətdir. Dərdimizə kədərlənib, sevincimizə sevinən, inkişafımızla fəxr edən, Böyük qələbəmizdə payı olan qardaş! Türkiyənin coğrafi olaraq hər tərəfi gözəldir, amma Qaradəniz bölgəsi təbiətinin füsunkarlığı ilə fərqlənir. Dənizi, çayı, meşəsi, dağları, çəməni ilə bütünlük yaradan bu bölgə bir təbiət möcüzəsidir. Bir gündə dörd fəsil yaşaya bilərsən Trabzonda. Dəniz səviyyəsindən yüksəklərə qalxdıqca, al-əlvan çiçəkdən başlamış ağappaq qara qədər görə bilirsən. İnsanları isə bir başqa aləmdir. Əgər düzgün həyat tərzi sürürsənsə, bura yaşamaq üçün ən doğru yerdir. Kimsə kimsənin malına, canına, geyiminə, namusuna... kəm baxmaz, baxa bilməz – linc edərlər. Bağ-bağçalara hasar çəkildiyinə, evlərin ətrafının üç metr daşlarla qala halına gətirildiyinə burda heç rast gəlmədim. Dəniz sahilinin bir metr sahəsi belə, məmurlar, pullular tərəfindən mənimsənməyib. (Ərzincanda Turş su, Acı su, Kükürdlü su adlı üç doğal müalicə su mənbəyi var. Heç bir pullunun ixtiyarı yoxdur ki, mənimsəyib, oranı qazanc mənbəyinə çevirsin. Bunu elə-belə yazdım!). Dənizdən çıxaraq təmiz, narın qumun üzərində hər kəs rahat şəkildə istirahət edə bilir. İstər çimərlik paltarında olsun, istər şortla dənizə gir, kimsəni maraqlandırmır. Kişiləri nə küçədə, nə plyajda başlarını qaldırıb bir qadına baxmazlar.

Meyvə-tərəvəz çəpərsiz, açıqda əkilib-becərilir, kimsə  oğurluq məqsədiylə əl uzatmaz, nəfsi çəkənlər bir meyvə dərmək istərsə, ürəklə iki-üç ədəd alıb gedər. Sahibi ya görməzdən gələr, ya da məcbur pay verərlər. Trabzon insanı sadə, zəhmətkeş, səmimidir. Allahı daim başları üzərində hiss edərlər. O üzdən də  şəriət qanunlara uyurlar. Həkim tövsiyəsiylə gündə 4-5 kilometr piyada gəzməliyik.Bu gəzinti bizi nəinki yorur, hətta zövq verir. Təbiət o qədər füsunkar, cazibədardı ki, nə vaxt evdən çıxıb, nə vaxt döndüyünün fərqində olmursan. Bu gəzintilərin birində gözümə çox tanış bir görüntü dəydi. Bir neçə saniyəlik özümü Azərbaycanda hiss etdim. Ayaqlarım yerə kilidləndi. Baxa-baxa qaldım, dəqiqləşdirməyə çalışdım ki, mən hardayam? Qarşımda böyük hərflərlə “Xarı Bülbül” yazılmış və o məşhur yaşıl, bənövşəyi, tünd qırmızı rəngli təsvirin əks edildiyi restoran vardı. Yerimdə nə qədər donub qaldığımın fərqində deyildim. İlk ağlıma gələn, bu restoranı açan azərbaycanlıdır düşüncəm oldu. Anidən ayaqlarım məni restoranın pilləkənlərinə tərəf apardı. Demək olar ki, qaça-qaça gedirdim. İçəridə girişə yaxın masada qarşısında çay olan hicablı gözəl qadının gülümsünərək baxdığının fərqində olsam da, müştəri sanıb qeydiyatçıya yaxınlaşdım. Qapıda gördüyüm qadına bənzəyən qeydiyatçı qız da eyni səmimiyyətlə üzümə baxıb gülümsünərək nə istədiyimi soruşdu. Mən nə istəyirdim?! Bura niyə girdim? Emosianal insan olduğum üçün çox zaman danışmadan öncə göz yaşlarım cavab verir. Bu halıma acığım tutsa da, məndən asılı deyil, başqa cür ola bilmirəm. Anlayışlı olduğu hər halından bəlli olan bu gözəl, səmimi qızın: Azerbeycanlımısınız? – sorusuyla özümü ələ aldım.  O ana qədər Türkiyədə özümü heç vaxt qürbətdə, yad ölkədə hiss etmədiyimi sanırdım. Elə idisə, niyə bir simvol, bir ad məni bu qədər duyğulandırdı, ağlatdı. Bəlkə qardaş millət tərəfindən verilən qiymətdi bu duyğulanmaya səbəb? Yoxsa içimizi otuz ilə yaxın həsrətlə yandırıb-yaxan torpaq, yurd həsrətinin sona yetməsi, gözlədiyimiz zəfərin içimizə gətirdiyi şəhidli, qazili qələbə və o qələbənin qardaşlarımız tərəfindən belə qiymətləndirilməsiydi? Onsuz da mənə əziz olan bu şəhər bir anda nə qədər doğmalaşdı ki, İlahi! Halımdan anlayan ana-qızın mənimlə bərabər göz yaşı axıtması nə qədər səmimiydi...   “Rusdan sonra indi də Türklə qardaş olduq” deyərək ağız büzənlər, biz zatən qardaşdıq və bizi hər ciddi-cəhdlə ayırmağa çalışanlar elə “yanlış qardaşlar” olub həmişə. Oturmağa dəvət etdilər. Məşhur Trabzon çayına, pirojnaya qonaq edilərək söhbətə başladıq. Söhbət boyunca da təkrar duyğular araya girib gözlərimizi yaşartsa da, xeyli söhbət etdik. Restoranı açan düşündüyüm kimi, azərbaycanlı deyilmiş.  Nurhan xanım restoranına ad düşünərkən dövlət işində çalışan Azərbaycan sevdalı, qələbəmizi böyük sevinclə qarşılayan həyat yoldaşı “Xarı Bülbül” adını təklif edib və məmnunluqla qəbul olunub. Bir şeyi də bildirim ki, Türkiyədə dövlət məmurları Azərbaycan haqqında daha çox məlumatlıdırlar və haqq işimizdəki qələbəmiz onları bizim qədər sevindirib. Qonağı olduğumuz Trabzon Ortahisar Bələdiyyəsi başkanı Ahmet Metin Gençin, Böyükşəhər Bələdiyyəsinin başkanı Zorluoğlunun  Zəfər sevincimizə qoşularaq bayrağımızın türk bayrağıyla yan yana asdırmalarının şahidi oldum. Sayın Ahmet Metin Gençin Trabzonla Şuşanın qardaşlaşmış şəhərlər olması istəyini bildirməsi də bu sevginin bir işarəsidir. Bəli, Türkün türkdən başqa dostu yoxdur deyimi var! Türkün oyanması, birləşməsi məlum məsələdir ki, dünyanın istəyinəuyğun deyil. Çünki türk millətləri birləşsə, qarşısında heç bir qüvvənin dayana bilməyəcəyini yaxşı bilirlər.   ...Bir ad məni haralara götürdü, hansı duyğuları yaşatdı – bunun sözlə ifadəsi çox çətindi. Ən duyğulu an isə qanımız, canımız, həqiqi qardaşlarımız olan o insanların bizi ürəkdən duya bilmələri, anlamaları oldu. Bu, sadəcə iki ölkənin iki qadınının doğmalaşması deyildi, bir türk millətin iki dövlətdə ayrılıqda yaşasa da, bir-birindən məcburi uzaqlaşdırılmasının mümkün olmayacağı mesajıydı...  “Xarı Bülbül”də Ağabəyim Ağanı (Ağabacını) da xatırladıq.Atasının verdiyi ziynət əşyalarını sataraq öz puluyla “Vətən bağı” salan Ağabəyim Ağanın Xarı Bülbülü o bağda  yetişdirərək Vətənin qoxusunu almaq istəyinə yetişməməsi nisgili, Xarı Bülbülün Vətəndən kənarda bitməməsi vəfası yüz illərdi bizi duyğulandırıb ağrıtsa da, sonralar zəfərimizin də simvolu olması o nisgilin üstünə su səpmiş oldu. Yüz illərlə, Ağabəyim Ağanın bağında rast gəldiyi bülbülə

xitabən yazdığı:

Vətən bağı al-əlvandı,

Yox üstündə Xarı Bülbül.

Bu da belə bir dövrandı,

Səsin gəlsin barı, bülbül...

 ... nisgilli misralarını unuda bilməsək də, zəfər sevincini də  daddıq.

 

P.S. Trabzonda yaşayan, Trabzona müalicəyə, turist səfərinə üz tutan həmyerlilərimiz, “Xarı Bülbül”ə uğramadan getməyin!!! Dadlı yeməkləri (Azərbaycan mətbəxi də fəaliyyət göstərəcək!), şirniyyatları, ətirli çayı, içəcəkləri ilə sizi məmnun edəcəyinə əminəm. Amma ən böyük əminlik isə oradaykən özünüzü Şuşada – Vətəndə hiss etməniz olacaq...

 

TƏQVİM / ARXİV