10 mart - Milli Teatr Günü - FOTOLAR

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə 10 mart - Milli Teatr Gününə həsr olunmuş təntənəli bayram tədbiri və teatrın “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinin bağlanış mərasimi keçirilib.
Akademik Milli Dram Teatrında keçirilən bayram gecəsi Dövlət Rəqs Ansamblının çıxışı ilə başlayıb.
Tədbirin aparıcıları – Əməkdar artist Elşən Cəbrayılov və aktrisa Nəzrin Abdullayeva iştirakçıları salamlayıb, Milli Teatr Günü münasibəti ilə təbrik ediblər. Qeyd ediblər ki, bu əlamətdar gün ölkə Prezidenti cənab İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamına əsasən hər il Azərbaycanda rəsmi şəkildə qeyd olunur. Milli Teatr Gününə həsr olunmuş təntənəli bayram gecəsi keçirilir.
Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Adil Kərimli tədbirdə çıxış edərək Milli Teatr Günü münasibəti ilə teatr xadimlərini təbrik edib.
Tədbirdə dünya şöhrətli gürcü rejissoru, Gürcüstanın Şota Rustaveli adına Milli Teatrının bədii rəhbəri Robert Sturua və teatrın direktoru Giorgi Tevzadze də iştirak edib.
Tədbirin 1-ci hissəsində Akademik Milli Dram Teatrının zəngin və çoxşaxəli fəaliyyətinin əsas məqamlarından biri olan 2024-cü ilin 29 oktyabr tarixində başlayıb, 2025-ci ilin 10 fevral tarixində bitən «Bölgə teatrlarının Bakı premyeraları» layihəsi haqqında məlumat verilib. Qeyd olunub ki, bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq məqsədi ilə reallaşdırılan layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə həyata keçirilib. Layihədə 11 teatr 16 tamaşa ilə çıxış edib, 8 gənc rejissor tərəfindən 11 tamaşa təqdim olunub. Sonra layihəni əks etdirən videoçarx təqdim olunub və yekun nəticələr açıqlanıb.
Layihədə iştirak edənlərə, layihəyə dəstək olanlara və layıhənin təşkilində uğurlu fəaliyyət göstərənlərə mükafatları Azərbaycan Respublikası Mədəniyyət Nazirinin Müşaviri Oleq Əmirbəyov, Mədəniyyət Nazirliyinin Qeyri-maddi mədəni irs şöbəsi Teatr sektorunun müdiri Bella xanım Talıbova, Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban xanım Ələkbərzadə təqdim edib.
Müxtəlif nominasiyalar üzrə mükafatlandırılan layihə iştirakçıları təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Tədbirin 2-ci hissəsində Teatr Xadimləri İttifaqı tərəfindən Azərbaycan teatrına fədakarlıqla xidmət edən sənətkarlara mükafatlar təqdim olunub. İttifaqın Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov səhnəyə dəvət olunub. O, İttifaqın yeni “Teatr fədaisi” medalı haqqında danışıb və bir qrup teatr xadimini bu yeni mükafatla ilə təltif edib.
Sonra sədr müavinləri – Xalq artisti İlham Namiq Kamal və Azad Şükürov İttifaqın Fəxri fərmanlarını, “Ümid”və “Qızılgül” mükafatlarını təqdim ediblər. Sıra “Teatr xadimi” və “Sənətkar” medallarının təqdimatı ilə davam edib. Azərbaycan sənətçiləri ilə yanaşı, dünya şöhrətli gürcü rejissoru, Gürcüstanın Şota Rustaveli adına Milli Teatrının bədii rəhbəri Robert Sturua “Sənətkar” medalı ilə, teatrın direktoru Giorgi Tevzadze “Teatr xadimi” medalı ilə təltif olunublar.
Hacı İsmayılov hər iki medalı təqdim edəndən sonra Akademik Milli Dram Teatrının “İblis və...” tamaşasının “Qızıl Dərviş” mükafatı ilə təltif olunduğu qeyd edilib və bütün iştirakçılar səhnəyə dəvət olunub. Mükfatı tamaşanın rejissoru Mehriban Ələkbərzadəyə verilib.
Daha sonra Akademik Milli Dram Teatrının təsis etdiyi “Milli Teatr”, “Qızıl pərdə” mükafatları və yeni “Teatr dünyası” mükafatı təqdim olunub və teatrın əməkdaşları Akademik Milli Dram Teatrının diplomları ilə təltif edilib.
Sonda söz Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəyə verilib. Mehriban Ələkbərzadə bir daha hamını Milli Teatr Günü münasibəti ilə təbrik edib və ən xoş arzularını bildirib.
Digər Xəbərlər

Tamilla Şirəliyeva vəfat etdi

Afaq Bəşirqızı: “Xalq artisti olmaq, insan olmaq demək deyil”

Tarix və mədəniyyət həvəskarları üçün ən yaxşı səyahət distansiyası Qaziantep - FOTOLAR

Teatr tarixi: Azərbaycanda qədim və professional səhnə - 152

CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib - VİDEO
jpg-1741593182.jpg)
Şərqin ilk balerinasının taleyi: Övlad olmadı, məşhur ərindən boşandı...

Turistlərin heyran qaldığı, tarixi özündə yaşadan Mardin - FOTOLAR
