adalet.az header logo
  • Bakı -°C
23 Sentyabr 2026 09:47
46
MƏDƏNİYYƏT
A- A+

“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib

İrəvan Dövlət Azərbaycan Dram Teatrında “Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib.

Teatrın geniş, işıqlı və ağ rəngə boyanmış foesi tamaşaya gələn hər kəsdə xoş təəssürat oyadırdı. Düşünürəm ki,  bu abhava tamaşaçılarda  xoş əhvalın yaranmasına əsas səbəblərdən biri idi.

Tamaşadan öncə teatrın direktoru Hacıbaba Məmmədov tamaşaçılara teatrın  yaranma tarixindən və keçdiyi yoldan söz açıb.

Hər kəs “Sərgüzəşti- Vəziri-xani- Lənkəran”ın işığına yığılmışdı.  Sözügedən tamaşa görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin  eyni adlı əsəri əsasında dövlət sifarişi ilə hazırlanmışdı. Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər klassik əsərə teatrın səhnəsində yeni nəfəs  vermişdi. Daha dəqiq izah etsək, əsər bir çox məqamlarda tamaşaçıya müasir üslubda təqdim olunurdu.  Əsərdə daha çox cəmiyyət, ailə münasibətləri və hakimiyyət məsələləri ön plana çəkilirdi.  Yalanın, riakarlığın höküm sürdüyü hadisələrin içində tamaşaçıda təəbəssüm yaradacaq replikaların olması hadisələrin rabitəsini sındırmırdı. Tamaşa boyunca hadisələr daha çox vəzirin hərəmxanasında cərəyan etsə də, rejissor fırlanan çarx üzərində dünyada yaxşı və yamanın olmasını, ağ və qaranın mövcudluğunu aşkar şəkildə izah edirdi. 

İlk baxışdan tamaşaçıya aciz görünən vəzir onları “aldatmağı” bacarır. O, öz bacarığını və tədbirli davranmağını əsərin sonlarına yaxın mükəmməl şəkildə nümayiş etdirir. 

Əsərdə gənc, daha emosianal duyğuya sahib olan Teymur Ağanın da varis kimi taxtda əyləşməsini vəzirin uzaqgörən siyasətinin nəticəsi hesab etmək olar. 

Tamaşa öz məişət oxundan çıxaraq, vəzirin tədbirli davranışları ilə daha çox əxlaqi dəyərlərin qorunmasını və hakimiyyət uğrundakı mübarizəni tamaşaçıya çatdırır.

Obrazları canlandıran aktyorların əsərin dil üslubunu qorumaları da tamaşaçıların diqqətindən kənarda qalmırdı.
Sözügedən iki üzlü komediya izləyicini güldürməkdən çox düşündürməyi bacarırdı.  Çirkabla dolu dünyada mənəvi dəyərlərin qorunması üçün atılan addımların heç də mənasız olmadığını əks etdirirdi.

Müasir dövrümüzlə səsləşməyi bacaran əsər tamaşaçının diqqətini çəkirdi. 

Əsərin İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində tamaşaçı qarşısına çıxarılması həm ədəbiyyat, həm də mədəniyyat üçün uğurlu addımdır.


Əntiqə Kərimzadə