23 Avqust 2024 10:29
930
MÜSAHİBƏ

2 tank vuran "puşka" komandiri, haqqı verilməyən döyüşçü - Şəkili Azər

Xatırlamasaq olmaz! Bu gün Füzuli rayonunun işğal edildiyi gündür.
Bir anlıq fikrimiz –xəyalımız o məşəqqətli günlərə gedir. İlahi, bu xalq son 35 ildə nələr yaşadı? Bir-birinin ardınca baş verən faciələrimiz, məğlubiyətlərimiz, xalq olaraq aşağılanmağımız, qətlə yetirilən günahsız insanlarımız, evlərə səpələnən şəhid tabutları, talanlar, qarətlər, kütləvi insan itkisi, deportasiya .. 


Təkcə 1992-ci ildə baş verən faciələri yada salaq: Yanvarın 28-də Ağdam-Şuşa marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vuruldu.İçərisində körpə uşaq olmaqla 44 soydaşımızın külü dağlara-daşlara səpələndi. Ondan 2 gün sonra Kərkicahan qəsəbəsinə ermənilərin hücumu nəticəsində 80 günahsız şəxs qətlə yetirildi. Fevral ayının əvvəllərində 56 nəfər, onlardan 12 nəfəri uşaq olan Qaradağlı kənd sakinlərini güllələndi, sonra 613 nəfər dinc sakinimizin məhv edildiyi Xocalı soyqırımı başverdi.Əvvəl Xocalı rayonu, sonra Şuşa, daha sonra Laçın Sonramənfur ermənilər tərəfindən işğal olundu.

Əli silah tuta bilən bütün Azərbaycan oğulları döyüş meydanına axışırdı. Bu kabusun, bu məşəqqətli günlərin sonunu gətirmək üçün silaha sarılmışdı.

Bolludərəli gəncin həyat hekayəsi


1992-ci ilin iyul ayına Şəki rayonunun Bolludərə kəndindən bir gənc Qarabağa tərəf yol almışdı. O bütün qüvvəsini toplayaraq qisas üçün döyüş meydanına tələsiyirdi. Bu 20 yaşlı gənc həm soydaşlarının, həm də 2 il əvvəl Xocalı rayonunda şəhidlik zirvəsinə ucalmış baş leytenant, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun qisasını almağı özünə söz vermişdi.

Halbuki o yaşda hər gəncin arzuları tam başqaydı . Təhsil, tələbəlik həyatı, qızgın gəncliyin firavan günləri, sevgi həyatı, eşq macəraları ...
Amma Bolludənin qorxmaz oğlu ölüm-dirim meydanına girməyi, hər an həyatına nöqtə qoyacaq bir gülləni, bir qəlpəni görməzdən gəlməyi, özünü həsr etməyə hazırlaşdığı bu yola baş qoymağı qarşısına məqsəd qoymuşdu. Arxasınca baxan doğmaları, yaxınları xəlvət-xəlvəti göz yaşlarını silsələr də onun qarşısına qoyduğu ali məqsədə hörmətlə yanaşırdılar, xeyir-dua verirdilər.



Aradan 32 il keçəndən sonra həmin gənclə - artıq 52 yaşlı Qarabağ qazisi ilə tanış oluram. Onun mənim ünvanıma yazdığı məktubun vasitəsi ilə... Yazmışdı ki... Bu haqda bəlkə elə Bolludərənin qorxmaz oğlu danışsın? Danışsın!

- Cənab komandir,  qazi qardaş, özünüz haqqında oxucularımıza məlumat verərdiniz...

-Mən Məmmədov Azər İbrahim oğlu 27 May 1972-ci ildə Şəki rayonunun Bolludərə kəndində anadan olmuşam. 1979-cu ildə həmin kənddə fəaliyyət göstərən 8 illik məktəbin 1-ci sinfinə daxil olub, 1987-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişəm.

1989-cu ildə həmin rayonun Orconikidze qəsəbəsindəki (Turan qəsəbəsi) tam orta məktəbin 9-cu sinfinə daxil olub ,1991-ci ildə həmin tam orta maktəbin 11-ci sinfini də bitirmişəm. Sonradan qəsəbədə fəaliyyət göstərən texniki peşə məktəbini də bitirdim .

- Müharibəyə nə vaxt getdiniz?

1992-ci ilin iyul ayından 1996-cı ilin oktyabr ayına dək yəni 4 il, 4 ay hərbi xidmətdə olmuşam.1992-ci il, İyul ayının 22-də Bakıya göndərildildik. Təlimlər keçdik, hərbi and qəbul etdik. Müharibə zonasına gedən mərmilərin yüklənməsi, yola salınmasında yaxından iştirak etdim. Komandirimiz əsgərlərə müraciət edərək, kimin tank əleyhinə puşka (tank əleyhinə top komandiri )komandiri olmaq istədiyini soruşanda, dedim ki, mən komandir olmaq istəyirəm.

Xidmət dövrüm Füzuli rayonunda keçib.Bizi Bakıdan bir başa göndərdilər Horadiz qəsəbəsində yerləşən 702 saylıı briqadaya ( komandir İsa Qasımov (Füzuli-Cəbrayıl-Beyləqan-Xocavənd)
"Puşka" komandiri olaraq döyüşlərə girmişəm. Füzuli rayonunun Dilağarda kənd inzibati ərazi dairəsində bir kənd vardı Dördlərkəndi!  Döyüşə okənddən başlamışam. Amma ən ağır döyüşümüz erməni tanklarının Veysəlli kənd istiqamətində hücuma keçdiyi zaman baş verdi. 17 avqust 1992-ci il mənim komandanlığım altında döyüşə atılmışıq!Tank əleyhinə puşkanı Yuxarı Veysəlli kəndinin üst tərəfində el arasında “Yel ocağı “deyilən dağın üstündə yerləşdirmişdik. Saat 11 radələrində artıq ilk tankı vurdum.

-Bəs, ikinci tankı?

-İkinci tankın vurulması isə 1993-cu ilin təxminən mart ayında baş tutdu. Dilağarda kəndi ərazisinə hücum edən erməni tanklarları Azərbaycan əsgərlərinin mövqelərinə qarşı güclü hücuma keçmişdi. Komandam altında olan atıcılar durduğu ərazi də təhlükəli idi. Eyni zamanda tankların sıx ağaclıq ərazidən atması da bizim onları məhv etmək işimizə mane olurdu.Tankların durduğu ərazini müəyyən etdikdən sonra atəş açmağa başladım.

Həmin vaxt diqqət etdim ki, mənim acdığım atəş mənzil başına 8 saniyəyə, onların açdığı atəş bir saniyəyə gəlib çatır. Onların silah - sursatı bizimkindən daha güclü və müasir dövrün standartlarına uyğun olduğunu anladım və bu çox təhlükəli hal idi. Buna baxmayaraq ərazidən çəkilməyi ağlımın ucundan da keçirmirdim.

Artıq tanklara tərəf atdığım mərmi yerimi bəlli etmişdi. Şahmat taxtasındakı kimi ətrafıma mərmilər səpələnirdi. Çalışırdım özümü itirməyim. Mərminin küləyi üzümü saçımı yalayanda 4-cü mərmini erməni tanklarına tərəf tuşladım .Göy gurultusuna bənzər  partlayış səsindən və qara tüstüdən anladım ki atdığım mərmi hədəfə dəyib. Tankın partlaması ilə səngərimizdə əsgərlərimizin sevinc qarışıq bağırtısına qoşuldum, bəli təhlükənin birini mən məhv etmişdim.
Xidmət müddəti ərzində bütün güçümlə döyüşmüşəm. Döyüşdə göstərdiyim şücaətə mənimlə bir səngərdə olan silahdaşlarım şahiddir. Dəfələrlə ölümlə nəfəs-nəfəsə olmuşam.

- O zaman 1993-ci ilin dekabrından başlamış 6 yanvara qədər davam edən Horadiz əməliyyatında iştirakınız haqqında da oxucularımızı məlumatlandırardınız.



-Bildiyiniz kimi , 1993-cü ilin dekabrına qədər Qarabağın azərbaycanlılar yaşayan Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı , Zəngilan rayonları dolayısı ilə rus hərbi birləşmələrinin və Ermənisan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Hətta fikirlərində tutmuşdular ki, Azərbaycan-İran sərhədində yerləşən Horadizi tez ələ keçirib, orada qoşun yeridib, oranı da işğal etsin.Amma istədiklərini ala bilmədilər. 702 saylı hərbi hissənin heyəti düşmənin müdafiəsini dağıtdı və top atəşi və raket artilleriyasının altında Füzuli rayonunun daxilinə irəlləməyə başlamışdı.

1994-cü ilin yanvar ayının əvvəlində, azərbaycanlılar 11 qəsəbə və 40 kilometr Azərbaycan-İran sərhədi uzunluğunda ərazini ermənidən təmizləyə bildi.Hərb tariximizin uğurlu Horadiz əməliyyatında top komandiri olaraq ölüm-dirim savaşında iştirakımı həyatımın ən uğurlu günü hesab edirəm.

Mənimdə iştirakçısı olduğum o hərbi əməliyyat Azərbaycan dövləti üçün böyük önəm daşıyırdı. Bəli, Füzuli rayonunun 21 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi. 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Düzdür İtkilərimiz də oldu. Həmin döyuüşdə Azərbaycanın Milli Qəhrəmanı Elxan Zülfüqarov və Yasamal batalyonunun komandiri Mirələkbər İbrahimov da şəhid oldu.

-Siz, deyəsən elə bu döyüşlərdə yaralandınız...

- Bəli, mərmi gəlib önümə düşdü. Başımdan yaralandım. Gənc idim deyə ağrısam da döyüş meydanından geri çəkilmədim.

-Amma deyəsən, hərbi əlillik almamısınız...

-2017-ci ildə ikinci qrup mülki əllilllik alsam da bu 5 il davam edib. Baxmayaraq ki, müharibədə aldığım ağır xəsarət  nəticəsində  beynimdə olan yeddi yüz mərkəzdən beş yüzu işləmir , hələki, hərbi əlillik almamışam. 10 gün əvvəl komissiyadan keçdim və hazırda cavab gözləyirəm.

-Qayıdaq o illəri...Sağalan kimi yenidən orduya döndünüz...

-1995-ci ilin aprelində 181 saylı hərbi hissəyə dəyişdirilmişəm. Amma burda atıcı vəzifəsini həyata keçirmişəm. 1996-cı ildə oktyabrın 30-da isə 181 saylı hərbi hissədən tərxis olundum.

- Ordudan qayıtdıqdan sonra nə işlə məşğul oldunuz?

-Ordudan tərxis olunduqdan sonra Bolludərə bələdiyyəsində metodist kimi fəaliyyət göstərmişəm . 1999-cu ilə dək həmin peşəni tutmuşam. 2000-ci ildən 2003-cü ilə dək həmin bələdiyyədə mühafizəçi peşəsində çalışmışam. Müddət ərzində həmin müəssisə də ixtisar olunduğu üçün işdən azad olunmuşam. Orduda aldığım ciddi travmalarla əlaqədar olaraq sonradan işləyə bilmədim çünki fiziki imkanlarım məhduddur. Belə ki, beynimdə olan yeddi yüz mərkəzdən beş yüzu işləmir. Ailəliyəm, 3 övladım var.

-Azər bəy, siz gəncliyini, sağlamlığını, gələcək arzularını vətən uğruna qurban verən igidlərimizdənsiniz. Arzu edirik , əlaqədar orqanlar sizin 2 tank vurmağınızdan əlavə 4 ildən artıq xidmətinizi, uğurlu Horadiz əməliyyatındakı fəaliyyətinizi yüksək qiymətləndirəcək. Sizi nəinki hərbi əlillik dərəsi ilə , eyni zamanda vətənə layiq xidmətlərinizlə bağlı mükafatlandıracaq. Bizdən yalnız arzu etməkdir. İcra etmək isə dövlət qurumlarına qalır. Sizə isə uzun ömr can sağlığı arzu edirəm. Ümid edirəm, füzulililər Horadiz qəhrəmanlarının birini də tanıdılar.
Əntiqə Rəşid