33 ildir daş altında qalan sirr: 90 igidimizin qanına bais olanlar hələ də məlum deyil
33 il keçib, hələ də ictimaiyyətə, xəyanət nəticəsində öldürülmüş, şəhid edilmiş 90 igidimizin yaxınlarına qaranlıq qalıb ki, bu xəyanətin səbəbkarı konkret olaraq kimdir?
1 günün ərzində Azərbaycan ordusunun 90 əsgər və zabitinin düşmənin mühasirəsinə salınıb məhv edilməsi ordumuzun eləcə də, xalqımızın qələbəyə və silahlı qüvvələrə güvənin qırılması idi. 1 gün ərzində 90 döyüşçünün xəyanət nəticəsində məhv edilməsi Ordumuz tarixində ilk böyük məğlubiyyət idi. Amma son deyildi... başlanğıc idi. sonrakı illərdə belə xəyanətlər ucbatından minlərlə igid itirdik...
Bu gün Azərbaycan hərb tarixinin ən qaranlıq və üzücü səhifələrindən birinin ildönümüdür.
Adalet.az xəbər verir ki, Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən "Daşaltı əməliyyatı"ndan 33 il ötür.
Əməliyyat Şuşanın Daşaltı kəndinin azad olunması məqsədilə 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.
Azərbaycan xalqı daha bir ağır günün ildönümünü qeyd edir, şəhidlərini anır. Yanvarın 26-da böyük uğursuzluqla nəticələnən “Daşaltı əməliyyatı”nın 33-ci ildönümü tamam olur və hər il bu əməliyyatın qurbanı olmuş insanların yaxınları, döyüş yoldaşları Şəhidlər Xiyabanında anım mərasimi keçirirlər. Ancaq üstündən on illər keçsə də, indiyə qədər Daşaltı sirləri hələ də açılmayıb, Azərbaycan ordusunun ağır məğlubiyyətinin səbəbkarları qanun qarşısında cavab verməyib.
Xatırladaq ki, Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Daha dəqiq, əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər.
Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib.
Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır.
O vaxt Daşaltı əməliyyatına cavabdeh olan məsul şəxslərin sonralar verdiyi müsahibələrdən,danışdığı söhbətlərdən bu uğursuzluğun mənzərəsi gözlər önünə sərilir.
Yeri gəlmişkən,Daşaltı döyüşlərində cəsurluğu, igidliyi ilə döyüş dostlarından geri qalmayan , yaxın qonşum, Məhərrəm Abbas oğlu Abbasov da iştirak edib. Həmkəndlim, Ağdam rayon Qərvənd kənd sakini ,Daşaltıda şəhid olan Məhərrəm Abbasovun tam 31 il idən sonra -2023-cü ilin avqustunda meyitinin qalıqları Bakının Nizami rayonunun Keşlə qəsəbəsində Şəhidlər xiyabanında dəfn olundu.
Bu ilə 31 il Məhərrəmin yolunu gözləyib, onun hər an dönəcəyini həsrətlə gözləyib. 2018-cu ildə bu ailədə qonaq olarkən Məhərrəmin kicik qardaşı Azad onun haqqında bu fikirləri bizə bildirir:” Bizdən xəbərsiz getdi Qarabaga. Daşaltı döyüşündən sonra çox axtardıq onu . Əsgər yoldaşlarını əksəriyyəti itkin düşmüş, şəhid olmuşdu. Çox axtarışdan sonra Məhiş adlı bir silahdaşını tapa bildik. Məhiş bizə söylədi ki, Məhərrəmlə əvvəldən sona qədər bir yerdə olub. O vaxt onları Şuşaya gətirirlər. Şuşanın müdafiəsi zamanı qardaşım ermenilərin helikopterini avtomatla zədələyir və vertolyot qəza enişi edir.
Ermənilərə məxsus helikopterlər bir müddət Şuşa üzərindən uçmağı dayandırır. Sonra Məhərrəmgilin dəstəsi Malibəyli, Quşcular kəndlərinin müdafiəsinə göndərilir. Silahsız-sursatsız kənd camaatını ermənilərin qəfil basqınlarından, əliyalın əhalinin əsir götürülərək oğurlanmasından qoruyurlar. Günlərin bir günü heç bir səbəb göstərilmədən ordakı əsgərlərə kəndi tərk etmək əmri verilir. Təbii ki, əsgərlərimiz camaatı erməninin qabağında müdafiəsiz qoyub getmək istəmirlər. Amma hərbdə əmr qanundu, əsgər müzakirəsiz əmri yerinə yetirməlidir. Əlacsız qalan əsgərlər öz silah- sursatlarını kənd camaatina verib ordan çıxırlar. Buna görə, onları Agdamda hansısa qüvvələr güllələmək də istəyiblər.
Məhiş danışırdı ki, yanvarın 25- də onlara əmr verildi ki, Nəbilər kəndi istiqamətindən Daşalti kəndinə girərək orda mudafiə mövqeyi qurmalı, Qızılqaya hündürlüyünə qalxmalı və oradan Daşaltıdan Sığnağa aparan yolu kəsməlidirlər. Amma onlara qarşılarına çıxan qara hərbi geyimdə olanlara güllə atmamağı əmr etdilər:” Biz çox çətinliklə Daşaltıya oradanda Qızılqaya çatdiq. Qardan yeriyə bilmirdik. Özumuzlə ancaq silah- sursati apara bilirdik. Gödəkçəni də cixarib atmişdiq. Biz “qarapaltarlılar”ı görəndə sevindik ki, nəhayət özümüzünküləri tapdıq. Onlarda təmiz Azərbaycan dilində bizi yanlarına çağırır, kömək edəcəklərini söyləyirdilər. Yaxınlaşmağımızla atəşə tutulmağımız bir anda oldu. Bizim əsgərlərin “qara paltarlılar” a güllə atmamağının nəticəsi o oldu ki, qəflətən onlar döyüşçüləri mühasirəyə salaraq məhv etdilər. Məhərrəmin sol ayagını pulemyot apardı. Biz onun kəmərini cixardib ayağını diz nahiyyəsindən sıxaraq bağladıq ki, qanaxmadan ölməsin.
Onu və digər 6-7 yaralını çətinliklə bir magaraya yıgdıq. Sağ qalanlardan 1-2 nəfərlə kömək çağırmağa getməli olduq. Bu zaman Məhərrəm qol saatını, cibindəki şəkilləri və pulları bizə verdi ki, ogluna çatdıraq. Biz magaradan çıxanda dönüb arxaya baxdım. Məhərrəm avtomatı bogazına sıxdı. Heç mağaradan on addım aralanmamışdıq ki, ard-arda iki güllə səsi gəldi. Anladıq ki, kimsə özünü güllə ilə vurdu. Yəqin ki, Məhərrəm də anlamışdı ki, belə yara ilə sag qalmaq şansı yoxdu. Ayağının biri olmayan əsgəri erməni heç əsir də götürməzdi”
Ermənilər də xeyli itki verib, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.
2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib.
Bununla da 28 ildən sonra "Daşaltı əməliyyatı"nın qisası alınıb. Amma ordumuza qarşı xəyanətkarlıq edənlərin adı hələ də açıqlanmayıb
Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Əntiqə Rəşid
(Yazarın arxivi)