adalet.az header logo
  • Bakı -°C
05 Oktyabr 2026 09:10
57
ƏDƏBİYYAT
A- A+

Ah, bu sevdalar... - Tərlanə Yaqubqızı yazır

Bakıda Nazim Hikmətin sevgilisini axtaran adam

Böyük türk şairi Nazim Hikməti hələ yeniyetmə yaşlarımda oxuduğum “Yaşamaq gözəl şeydir, qardaşım” əsərindən tanıyıb sevmişəm. Universitet illərində onun haqqında mühazirələr dinləmişəm. 2010-cu ildə Sumqayıt şəhər S. Vurğun adına Mərkəzi Şəhər Kitabxanasında çalışarkən canlı klassikimiz Anarın “Kərəm kimi” romanını “Azərbaycan” jurnalında görüb böyük maraqla oxumuşam və Nazim Hikməti özüm üçün sanki yenidən kəşf etmişəm. Bundan bir neçə il sonra Milli Kitabxananın nəzdində Açıq Kitabxananın açılış mərasimində Anarın avtoqrafı ilə öz kitabını mənə hədiyyə etməsi bəlkə də həyatımın ən xoşbəxt günlərindən biri olub.

Anarın Azərbaycan oxucusuna bir daha yaxından tanıtdığı böyük türk şairinin həm də böyük sevgiləri olub. Məmləkətdə sevgililərini qoyub gəlməyə məcbur olan türk ədəbiyyatının “mavi gözlü div”i Moskvada yaşadığı illərdə rus qadınları ilə də sevgi yaşayıb. Türklərin özləri demişkən, “erkək milləti” deyilmi?

Tofiq Məliklinin “Ədəbiyyat qəzeti”nin 2019-cu il 26 yanvar tarixli sayında dərc olunmuş “Nazim Hikmət və doktor Qalina” adlı məqaləsini nəzərinizə çatdırmaq istəyirəm. Burada Nazim Hikmətin müalicə həkimi və sonradan sevgilisi olmuş Qalina Kolesnikovanın xatirələrindən aydın olur ki, şair sanatoriyaya gəldiyi ilk gündən orada işləyən 17 yaşından 70 yaşına qədər bütün qadınlar ona vurulublar.

Başım köpük köpük bulut, içim dışım deniz,
Ben bir ceviz ağacıyım Gülhane Parkı'nda,
Budak budak, şerham şerham ihtiyar bir ceviz.
Ne sen bunun farkındasın, ne polis farkında.
Ben bir ceviz ağacıyım Gülhane Parkı'nda.
Ne sen bunun farkındasın, ne polis farkında.

Amma fərqində olublar axı.

Son günlərdə sosial şəbəkələrdə Nazim Hikmətlə Vera Tulyakova arasında olan sevgi macərası ilə bağlı bəzi yazılar qarşıma çıxmışdı. Bilmirəm, bu, təsadüfdümü, mistikadımı? Elə həmin günlərdə Timur Özkanla da rastlaşdım. Adam Bakıda Nazim Hikmətin sevgilisini axtarırdı. Hə, deməli, üstəlik, Bakıda da sevdiyi qadın varmış... Adam saralıb-solmuş kitab, qəzet və jurnal səhifələrində Adilə Hüseynovanı axtarırdı. Elə bu məqsədlə də Milli Kitabxanaya təşrif buyurmuşdu. Əlində bir neçə sorğudan ibarət ədəbiyyat siyahısı vardı.

Söhbətimiz maraqlı keçdi. Bəzi məlumatların əks olunduğu mənbələri tapmaqda ona kömək etdim. Fürsətdən istifadə edib onu kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsinə də apardım. Şöbənin müdiri, son dərəcə zəhmətkeş, işinin peşəkarı olan, gülərüzlü Gülsəidə xanım muzeyin fəaliyyəti, orada olan nadir kitablar və eksponatlar haqqında qonağımıza müfəssəl məlumat verdi.

Yeri gəlmişkən, qeyd edim ki, Milli Kitabxanaya gələn qonaqları hər dəfə muzeyə aparanda mən Gülsəidə xanımın söhbətini ilk dəfə olduğu kimi maraqla dinləyir və sonda oxucularla bərabər öz təşəkkürümü bildirirəm.

Timur Özkanla ötən əsrdən qalmış rusdilli mətbuat nümunələrini araşdırdığımız bir vaxtda Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza mənə bir məsələ ilə bağlı zəng etdi. Bundan əvvəl Timur Özkan mənə saat 3-də Anarla görüşəcəyini demiş və işimizi də buna görə planlaşdırmışdıq.

Xəyal Rzaya Anarın yanına gələcək adamın hələ kitabxanada olduğunu xəbər verəndə diktorlara məxsus məlahətli səsi ilə:

“Anar müəllim artıq birlikdədir, Timur bəyə deyin, buyurub gələ bilər”, dedi.
Mən bunu Timur bəyə söyləyəndə, o: “Görüşümüz saat 3-də olacaq”, dedi.

Onsuz da həm şəxsiyyətinə, həm də yaradıcılığına heyranlıq duyduğum gözəl yazıçımıza bir daha rəğbətim artdı. Yaşının bu çağında bağ evindəki istirahətini qoyub Türkiyədən gələn qonaqla vaxtından əvvəl görüşməyə tələsməsi onun məsuliyyətinin, türk dostlarına olan sevgisinin və hörmətinin göstəricisi idi. Bu duyğular onun bir çox əsərlərindən oxuculara tanışdır.

Nazim Hikmət bir çox azərbaycanlı şairlərlə, o cümlədən Səməd Vurğunla, Rəsul Rza ilə dostluq edib.

Həyatın qəribə işləri var. 1963-cü ildə Nazim dünyasını dəyişəndə 61 yaşı vardı, Anarın 25, Timur Özkanın isə cəmi 6 yaşı.
Bu qədər yaş fərqinə baxmayaraq, hər ikisi Nazimi öz müasiri kimi, öz dostu kimi sevir, onun haqqında yaşayan insan kimi danışırlar.

Böyük ehtiramla “Hocam” deyə müraciət etdiyim Timur Özkan Türkiyənin tanınmış memarı və yazarıdır. Dünyanın əllidən çox ölkəsini gəzib və müşahidələrini ədəbiyyata çevirib. Düz deyiblər ki, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Amma iş burasındadır ki, Timur hoca gəncliyindən həm çox oxuyub, həm də çox gəzib və bütün bunlar onun kitablarında öz bədii əksini tapıb. Adam sanki dövrümüzün Övliya Çələbisidir.

Timur bəy Azərbaycanın yaxın dostudur. Noyabr ayında Aqşin Babayevin 90 illik yubileyinə dəvət olunduğunu və məmnuniyyətlə yenidən Bakıya gələcəyini söylədi. Burada olduğu müddətdə “Bakinskiy raboçiy” və “Xalq qəzeti”nin qonağı olub, müsahibə verib.

Səhər saatlarında Milli Kitabxanada, gündüz Azərbaycan Yazıçılar Birliyində Anarla görüşən Timur Özkan axşam saatlarında böyük Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşasına gedib və təbii ki, çox xoşuna gəlib. Maşallah olsun! Demək, adam istəsə, dar macalda, iki daşın arasında bütün arzularını gerçəkləşdirə bilər. Təki həvəs olsun!

Bu qənaətə gəldim ki, Timur bəy köhnənin səyyahıdır, o, yelkənlərini çoxdan dünyaya açmış adamdır, onun üçün heç bir əngəl ola bilməz.

Ertəsi gün mənə Anarla görüşündən danışdı. Dərin kədər hissi ilə: “Əfsus ki, Anar bəy çok kocalmış”, dedi. Mirzə Ələkbər Sabirin “Əfsus ki, qocaldım, ağacım düşdü əlimdən, Sədd heyif, cavanlıq” misralarını xatırlasam da, ölməz Səməd Vurğunun “Şair, nə tez qocaldın sən” şeirini misal çəkdim.

Timur bəy öz növbəsində Səməd Vurğunu sevdiyini və bu şeirindən xəbərdar olduğunu bildirdi. Sonra Anar və türk arkadaşı ilə çəkdirdiyi şəkli mənə göstərib, yenə də həmin kədər hissi ilə: “Baxın, üç qoca bir arada”, söylədi.

Necə deyərlər, rəhmətlik Cabir Novruzun çağırışına əməl edib, ona: “Maşallah, üçünüz də hələ cavansınız”, dedim. Bu, əsla təsəlli üçün deyilmiş söz deyildi. Həqiqətən də, əgər insan ömrünün yetmiş, səksən yaşlarında hələ də yazıb-yaradırsa, hələ də axtarışlar aparır, tədqiqatlar üzərində çalışırsa, onu “qoca” adlandırmaq olmaz.

Bəlkə də mətləbdən kənara çıxıram. Sentyabrın 16-da əməkdaşımız, baş biblioqraf Sevda Hüseynovanın 65 yaşı tamam oldu. Otuz ilə yaxın kollecdə pedaqoq kimi fəaliyyət göstərən, xarici görünüşcə Şahbanu Fərəh xanım Pəhləviyə oxşatdığım Sevda xanım Milli Kitabxananın kollektivinə bir qədər gec qoşulsa da, qısa bir müddətdə həmkarlarının və oxucuların rəğbətini qazandı.

Sevda xanım artıq bir neçə gündür işə çıxmır, amma oxucular və həmkarlar hələ də onu məndən soruşurlar. Çünki insan işini sevəndə, bu sevgi onun işləməsinə enerji yaradır, onu yorulmağa qoymur. Mən bu sevgini, bu enerjini Sevda xanımda gördüyüm üçün bunları yazıram.

Qanun qarşısında boynumuz qıldan incədir, amma ürəyə də hökm etmək olmur axı. Hər dəfə əməkdaşlarımız təqaüdə çıxanda düşünürəm ki, bütün ayrılıqlar kədər gətirir. Nə gizlədim, neçə illər diyarşünaslıq biblioqrafiyası şöbəsinə rəhbərlik etmiş Mədinə xanım Vəliyeva bizdən ayrılıb gedəndə hönkürüb ağlamaqdan özümü güclə saxlamışam.

İnanıram ki, hələ neçə müddət oxucular kimi, mənim də gözlərim Sevda xanımı axtaracaq, onun mənimlə üzbəüz oturub hər səhər mehribanlıqla hal-əhvalımızı soruşması, şirin söhbətləri yadıma düşəcək. Çox məyus oluram.

Ah, bu sevdalar...

Öz Sevgamızdan yenə də keçirəm Timur Özkanın Nazim Hikmətin sevdalısını tapmaq sevdasına.

Məqsədi Bakıdan birbaşa Moskvaya yol alıb Alla Axundova ilə görüşmək idi. Çünki Alla xanım Nazim Hikmətin sevgi bəslədiyi Adilə Hüseynovanın yaxın rəfiqəsi olubmuş. Amma çifayda... Sən saydığını say, gör fələk nə sayır?! Alla xanım da haqq dünyasına qovuşdu.

Timur bəyin kədəri anlaşılandır. İpucu tapdığı bir zamanda son şahidi də itirdi. Bir yazar üçün bu, çox çətindir.

Bir ayrılıq, bir ölüm — heç biri olmayaydı...

Özü dediyi kimi, noyabr ayında bir də Bakıya gələcək. Yəqin, bir memar kimi arxitektur üslubuna heyran qaldığı Milli Kitabxanaya bir daha baş çəkəcək. “Xalq qəzeti”nə verdiyi müsahibədə kitabxana əməkdaşlarının əməyinə dəyər verdiyi üçün ona təşəkkür edəcəyəm. Keçən dəfəki kimi: “Bu, bizim borcumuzdur”, deyəcəyəm.

Timur Özkanın məsləhəti ilə “Literaturnıy Azerbaydjan” jurnalının 1999-cu il 1-ci sayında Adilə Hüseynovanın sevgi etirafını əks etdirən yazısını oxuyuram. Bu məhəbbəti özlüyümdə unudulmaz ədibimiz İ. Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesindəki Nargilənin çarəsiz sevgisi ilə müqayisə edirəm.

Kim bilir, illər keçəcək, biz bu dünyada olmayacağıq. Bir payız günü yenə də qardaş Türkiyədən bir araşdırmaçı gəlib heç zaman üzünü görə bilməyəcəyim həmkarlarımdan Nazim Hikmət, onun tədqiqatçısı Timur Özkan barəsində soruşacaq, müəllifin böyük zəhmətlər və axtarışlar bahasına qələmə aldığı "Nazım Hikmetin Azerbaycan ziyaretleri və azerbaycanlı son aşkı Adile" kitabını oxuyacaq.

Yenə də saralıb-solmuş vərəqlər oxunacaq, araşdırılacaq...

Kimsə mütləq gələcək... Nazim Hikmətin sevda yolunun izinə düşən Timur hocam kimi.

Vərəqlər saralacaq, yazılar solacaq, amma sevdalar əbədi qalacaq!

“Uzun, incə bir yoldayım...”

Bu, bir sevda yoludur və bu yoldan hələ çox sevdalılar keçəcək.

Nədənsə, ömrü yarımçıq qalmış Mikayıl Müşfiqin şeirini xatırlayıram:

Ah, bu uzun sevda yolu
Vurulurmu başa, könül!
Nişan aldım, kaman atdım,
Dəydi oxum daşa, könül!
Bir od düşdü buluduna,
Yandı könül eşq oduna,
Qaldın hicran umuduna,
Ey qırılan şişə könül!
Tərlansan, göydən enməzsən,
Bu torpaqda sevinməzsən,
Mən dönərəm, sən dönməzsən,
Yaşa, könül, yaşa, könül!