“İnsan yaşlanmasına deyil, yaşlandıqca gəncliyin getməməsinə üzülür”
“Doğum günümün səhərini Bohemian Forest meşələrində, gecəni isə Praqanın Köhnə Şəhər Meydanında – məşhur Astronomiya Saatının (Prazsky orloj) önündə keçirdim.Səhər meşədə ömrümün payızı ilə təbiətin sonbaharı qarşılaşmışdı. Gecə isə özümü altı əsrdən artıqdır zamanı ölçən bir saatın qarşısında tapdım. Günün bu iki mənzərəsi arasında qəribə bir bağlılıq vardı. Səhər saralmış yarpaqlara baxıb keçən illərimi düşünürdüm, axşam isə saatın əqrəblərini izləyərək zamanın özü haqqında düşünməyə başladım”.
Adalet.az xəbər verir ki, bunu tanınmış telejurnalist İbrahim Nəbioğlu altmış beş illik yubileyi haqda danışarkən deyib.
O, bildirib ki, Praqanın Astronomiya Saatı orta əsr insanının kainatı anlamaq cəhdidir:
“Günəşin və Ayın hərəkətini göstərən bu mürəkkəb mexanizm mənə bir həqiqəti xatırlatdı: insan əsrlər əvvəl zamanı ölçməyi öyrəndi, amma onu dayandırmağı heç vaxt bacarmadı. Meydanda yüzlərlə insan vardı. Hamı başını qaldırıb saata baxırdı. Düşündüm ki, bu saat hamıya eyni vaxtı göstərir, amma heç kimin qarşısında eyni qədər zaman qalmayıb. Gənclikdə insan vaxtın sonsuz olduğuna inanır. İyirmi yaşında əlli yaş əlçatmaz bir uzaqlıqdır. Əlli yaşında isə iyirmi yaş elə dünən kimi görünür. Uşaqlığımızın bir yayı bütöv bir ömür qədər uzun idi. İndi isə fəsillər bir-birini elə sürətlə əvəz edir ki, bəzən yazın necə gəlib payıza çatdığını belə anlamırıq”.
Telejurnalistin sözlərinə görə, insan yaşlanmasına deyil, yaşlandıqca gəncliyin getməməsinə üzülür:
“Güzgüdəki adam dəyişir, amma içimizdə yaşayan gənc dəyişmir. O, hələ də eyni şeylərə sevinir, eyni xəyalları qurur, eyni musiqidə kövrəlir.Astronomiya Saatının əqrəbləri dövrə vurub yenə əvvəlki yerinə qayıdır. İnsan ömrü isə belə deyil. Saatın əqrəbləri dünən keçdikləri yerdən sabah yenə keçəcəklər. Biz isə dünən olduğumuz insan kimi sabaha çata bilməyəcəyik.Bəlkə də zamanın ən böyük paradoksu budur: onu ölçmək üçün saatı insan yaradıb, amma insan ömrünün mənasını ölçə biləcək bir saat hələ icad olunmayıb.Bu gün daha yaxşı anlayıram ki, gənclik yalnız geridə qalan illərin adı deyil. İnsan yeni bir kitab oxuyanda, bilmədiyi bir həqiqəti öyrənəndə, gözəllik qarşısında heyrətlənəndə də gəncdir. Bəlkə də insanın əsl qocalığı saçlarının ağarması deyil, heyrət etmək qabiliyyətini itirməsidir.Səhər Bohemian Forest meşələrində payızın rənglərinə heyran olmuşdum. Axşam Praqada zamanın özünə. Və anladım ki, ağaclar hər bahar yenidən yaşıllaşır, insan isə öz baharını yaddaşında yaşadır.Hələ oxunacaq kitablar, görüləcək şəhərlər, yazılacaq səhifələr, öyrəniləcək nə qədər həqiqət var! Bu səhər meşədə ömrümün payızını qeyd etmişdim. Axşam isə altı əsrlik saatın qarşısında içimdəki gəncliyin hələ də yaşadığını gördüm”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

