Abdullah Öcalan azadlığa çıxır?
Türkiyə Böyük Millət Məclisi (TBMM) PKK üzvlərinin müəyyən şərtlərlə azadlığa buraxılmasına imkan verən qanun layihəsini qəbul edib.
Adalet.az xəbər verir ki, səsvermə zamanı 468 deputat qanunun lehinə, 88-i əleyhinə səs verib, 6 deputat isə bitərəf qalıb.
Qanuna əsasən, Türkiyə həbsxanalarında saxlanılan keçmiş PKK üzvlərinin bir hissəsinin mərhələli şəkildə azadlığa buraxılması mümkündür. İlk mərhələdə təxminən 3 500 nəfərin azad edilə biləcəyi bildirilir.
Lakin proses PKK və onunla əlaqəli silahlı qrupların tam ləğv edilməsi və silahların təhvil verilməsinin təhlükəsizlik orqanları tərəfindən təsdiqlənməsi şərtinə bağlanıb.
Qanunda PKK-nın qurucusu Abdullah Öcalanın azadlığa buraxılması ilə bağlı konkret müddəa yer almayıb. Öcalanın ev dustaqlığına keçirilməsi ilə bağlı Türkiyə siyasətində müxtəlif təkliflər səslənsə də, bu barədə hazırda rəsmi qərar yoxdur.
Xatırladaq ki, PKK 2025-ci ilin mayında təşkilatın buraxıldığını və Türkiyə dövlətinə qarşı uzunmüddətli silahlı mübarizənin dayandırıldığını açıqlayıb. Bundan əvvəl, 2025-ci ilin fevralında Abdullah Öcalan təşkilata silahı yerə qoymaq və fəaliyyətini dayandırmaq çağırışı etmişdi.
Silahsızlaşdırma prosesinin 2025-ci ilin iyulunda başladığı, daha sonra PKK qüvvələrinin Türkiyə ərazisindən və İraqın şimalındakı sərhəd bölgələrindən çıxarıldığı açıqlanmışdı.
Siyasi ekspert Ramiyə Məmmədovanın musavat.com-a sözlərinə görə, Öcalanın ev dustaqlığına buraxılması mümkündür, lakin bunun üçün PKK-nın tam tərksilah olunması prosesi başa çatmalıdır.
“Sonuncu üzv də silah-sursatını təhvil verməli, bölgədə bütün təhdid və risklər aradan qaldırılmalı, Qəndildəki düşərgələr ləğv edilməli, demilitarizasiya və demontaj həyata keçirilməlidir. Öcalan yalnız bundan sonra ev dustaqlığına çıxa bilər”, – ekspert bildirib.
Analitik hesab edir ki, PKK üzvlərinin azadlığa buraxılması da mərhələli şəkildə həyata keçirilə bilər. Onun fikrincə, məhbusların törətdikləri cinayətlərin xarakteri nəzərə alınmalı, ağır cinayətlər törədənlərlə terror fəaliyyətində iştirak etməyən şəxslər arasında fərq qoyulmalıdır.
Məmmədova qeyd edib ki, bu şəxslərin cəmiyyətə reinteqrasiyası və işlə təmin olunması da prosesin mühüm hissəsi ola bilər.
Ekspertin sözlərinə görə, Abdullah Öcalan azadlıqda yaşamaq istəyirsə, PKK üzvlərinin daha sürətli şəkildə tərksilah olunmasına çağırış etməlidir.


Bakı -°C

