21 Iyun 2024 18:05
569
GÜNDƏM

ABŞ, Fransa və  Türkiyənin Azərbaycanla bağlı paylaşımı: "Başsağlığı  veririk "

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 2024-cü il 21 iyun tarixində sursat partlayışı hadisəsi baş verib. Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.
Adalet.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi və Fransanın Azərbaycandakı səfirliyi baş verən partlayışda insan itkisi ilə bağlı başsağlığı verib.
ABŞ səfirliyi sosial şəbəkə hesabında başsağlığını bu sözlərlə ifadə edib:"Bu gün sursat partlayışı nəticəsində həlak olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşının ailəsinə başsağlığı veririk. Birləşmiş Ştatlar Azərbaycanın ölkəni minalardan təmizləmək səylərini qətiyyətlə dəstəkləyir",

Fransa səfirliyi sosial şəbəkə paylaşımda isə “Bu gün mina partlaması nəticəsində həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı veririk. Fransa ölkəni minalardan təmizləmək səylərində Azərbaycanı dəstəkləməyə sadiqdir” qeyd edilib.


Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyi bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayışla bağlı başsağlığı verib. "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşının Cəbrayıl rayonunda baş verən mina partlayışı səbəbindən həlak olması və digər əməkdaşların yaralanması xəbəri bizi kədərləndirdi. Həlak olan ANAMA əməkdaşına Allahdan rəhmət, yaralananlara şəfa diləyirik" - deyə səfirliyin X hesabında paylaşım edilib.

 Əntiqə Rəşid