adalet.az header logo
  • Bakı -°C
01 May 2026 09:42
113
ƏDƏBİYYAT
A- A+

"Adamın adamı" - Pərvanə Bayramqızı yazır

Bir feysbuk şeirini oxuyursan, qəlbində bircə gözəl duyğu oyatmır, nəzəri tərəfdən də qaydaları korlayıb, üstəlik deyirlər, özü yazmır, di gəl, həmin şeir üçün filankəs müəllim əlini bəyənmə düyməsinə şappıltı ilə nətəri çırpıbsa, ürəyi qopub şeirin altına düşüb.

Bəzi ədəbiyyatşünasları uzaqdan tanıyanda elə bilirsən, iş görür, nəsə həyata keçirir, xalqı, ədəbiyyatı düşünür, bələd olanda görürsən ki, təəssübkeş deyil, məqsədi özünü göstərmək, bir də şəxsi münasibət və pula görə yazmaqdır. Əda, şöhrət hissi gördüyü işdən çox-çox qabarıqdı. Biri də vardı, vəzifə istəyirdi, vermirdilər deyə "müxalif"  olmuşdu, amma müxaliflik ediləsi məqamlarda susurdu. Bu da sənə ədəbiyyat.

Çeynənmiş epitetlərdən, qafiyələrdən ibarət şeirləri oxuyub "əla" deyən filologiya üzrə fəlsəfə doktoruna arxayın olan şair diri şeir yazmaz. Ölü fikirlərini qafiyənin belinə şəlləyib göndərir ədəbiyyatşünasa, o da fikri qafiyədən ayırıb yerə qoyur ki, dincini alsın, bir də baxır, yanında heş zad qalmayıb şeirin canı çıxıb.

Kimin mətnlərinə sanballı deyir, yaxşı yazdığını düşünürüksə, axırda məlum olur ki, Qərb ədəbiyyatından plagiatdır. Bəzilərinin mənimsəmə, yamsılama qabiliyyəti güclüdür, özgədə yaxşı nə olsa, dərhal özününküləşdirir.

"Şeirlə işiniz olmasın, diqqət şəklə!" fikri ötürən paylaşmaların da sayı-hesabı yoxdur. 

Qadın şeirini paylaşıb, altına da çılpaqlığın bir addımlığından qayıtmış şəklini yerləşdirib. Rəy bölümündə bir kişi telefon nömrəsi yazıb, digəri də maşını ilə çəkdirdiyi fotosunu qoyub. Qadın soruşmur, ay adam, telefon nömrəsinin, yaxud da sənin maşınla fotonun şeirə nə dəxli var. Ya adamların hansı cavabı verəcəyini bildiyindən susur, ya da əsl məqsədinə çatdığının məmnunluğunu yaşayır. 

Qadına sanki istedad fəvvarəsi quraşdırıblar. Hər gün beş-altı şeir yazır. Adama elə gəlir, qələmindəki mürəkkəb yox, şeirdir, vərəqə toxunduran kimi bir ucdan şeir tökülür, ya da şeiri vördə avtomatik olaraq klavişlər salır. Nə qədər yazırsa bütün şeirləri əkiz uşaqlar kimi bir-birinə bənzəyir. Fikirləri, qafiyələri bir-birinin təkrarı olduğundan adam buna metromaniya deməkdən çəkinmir. Yeni, yaradıcı, maraqlı, gözlənilməz heç nə yoxdur, sadəcə, qulağa xoş gəlib, ürəyə yatan ahəngdarlıq var.

"Şeir" çox oldu ee... elə mətndə də.

Gərək ya kimləsə qırğın salıb hərəyə bir şəbədə qoşmaq yolunu, ya da ədəbsizlik edə, ədəbsiz mövzularda yazmaq üsulunu seçəsən ki, adamların diqqətini çəkəsən, yoxsa yazdıqlarını oxuyan olmur, olsa da laqeyd qalır. Tanınmaq, oxunmaq, "layk" yığmaq üçün əlverişli və şablon qayda sinə, dodaq və digər hissələrin şəklini paylaşmaqdır. Mayallaq aşmasan, meymunluq eləməsən, özünü tülkülüyə vurmasan, ilan olmasan, əjdahatək od püskürməsən, gicitkən kimi hamını dalamasan yazdıqlarına maraq oyanmayacaq. Göründüyü kimi, ədəbiyyatda flora və fauna mənzərəsi yaratmaq üçün cidd-cəhdlə çalışırlar.

Yadıma düşmüşkən deyim, şeiri musiqi ilə paylaşanlara etiraz edənlər şeirini şəkli ilə paylaşanlara "əhsən" yazırlar.
Adam bəzən qəzetlərdə, jurnallarda məzmunsuz mətnlər, şeirlər görəndə təəccüblənib redaktora "Nə üçün?" sualını vermək, qaranlıq məqamlara aydınlıq gətirmək istəyir, amma redaktor vicdansızcasına işləyirsə, istedadını, şəxsiyyətini hər şeydən uca tutan kəs ona ikinci dəfə mətn göndərməməlidir. Guya qəzet-jurnalda dərc olunmayanda yazıb-yaratmaq olmur? Hər qəzetdə, bütün jurnallarda tez-tez dərc olunmaqla şəxsiyyət olacağını düşünmək düşüncəsizlikdir.

Görün bizdə hansı çirkin hal reallığa çevrilib ki, birinin kitab təqdimatında tanınmış simalar, vəzifəli şəxslər iştirak edəndə, adamın ağlına müəllifin istedadlı, zəhmətkeş, iştirakçılarınsa mütaliəsevər, yazıçıya, şairə dəyər verən olması fikri gəlmir. Əmin olursan ki, burda başqa səbəblər var. Vəzifə, pul, tapşırılmaq birinci yerdədir. İkinci, üçüncü və digər sıralarda gələn qaydalar da var. Qara fikrə düşən biz deyilik, bizi bu hallara alışdırıblar. 

Etiraf etməsəniz də olar, barı etiraz etməyin.