06 Mart 2025 09:46
209
ƏDƏBİYYAT

Adı şərəfli, sözü hikmətli- Azərbaycan qadını…

Qadın ülvilik, zəriflik və gözəllik rəmzidir. Qadın tərbiyə edəndir. Azərbaycan qadını bütün dövrlərdə istedadı, zəkası yorulmazlığı ilə milli – mənəvi dəyərlərimizin təbliği və qorunmasında fəallıq göstərib. Tarix boyu Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənilib, namus, qeyrət rəmzi sayılıb .Qadınlarımız yeri gələndə . müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar olub, çoxəsrlik tariximizin səhifələrinə adını qızıl hərflərlə yazdırıb..

Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə edən Azərbaycan qadını bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlərlə çox böyük potensiala malik olduğunu təsdiqləyir .

Tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak edib, siyasi və dövlət quruculuğu prosesində əsl vətənpərvərlik nümunələri göstərib. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında savaş meydanında göstərdiyi şücaət önə şəkilib, qadın adı hər şeydən uca tutulub.

Bu gün dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Azərbaycan qadınları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib. “

Ölkə Prezidenti İlham Əliyevin təbirincə desək: “Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur”. Xatırladaq ki,Azərbaycan qadınının ölkəmizin müstəqillik tarixindəki rolu və verdiyi töhfələr heç vaxt unudulmazdır. Müasir dövrün ən çətin və mürəkkəb məqamlarında, milli dövlət quruculuğunun hər mərhələsində Azərbaycan qadını həm ailə başçısı, həm də vətənpərvər bir döyüşçü kimi öz yerini tapıb. İstər müharibə, istərsə də sülh dövründə onun sarsılmaz iradəsi, əzmkarlığı və dözümünün təcəssümü hər zaman hiss olunub, ona başucalığı gətirib.

Azərbaycan qadını cəmiyyətin ən dəyərli üzvü olaraq yeni nəsli formalaşdırıb, gənc insanların qəlbində vətənə sevgi, millətə bağlılıq hisslərini gücləndirib. Həmçinin, qadınlarımızın tarixi şəxsiyyətlər və müasir dövrün qəhrəmanları kimi əzmlə mübarizə aparması, dövlətçiliyin əsas sütunlarını möhkəmləndirməyə xidmət edib.Qadınların yorulmaz fəaliyyəti,sarsılmaz gücü onun nə qədər böyük qüvvəyə sahib olduğunu təcəssüm etdirir. 

Gülxarə Əhmədova,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  deputatı