28 Aprel 2025 12:57
269
MƏMLƏKƏT

Ağdamda çəkilən şəklin 34 illik tarixçəsi: Danışır Əhməd Xudiyev ...

Hazırda ölkəmiz qalib ölkə olaraq öz torpaqlarını işğaldan azad edib. Bu əlbəttəki, 5 ilin, 15 ilin  töhfəsi deyil. 1988-ci ildən- Qarabağda münaqişə başlayan ilk gündən Azərbaycan xalqının sistematik mübarizəsinin, dövlətin, ölkə prezidentinin bu mübarizəyə dəstəyi sayəsində  baş verdi.  Nəhayət 2020-2023-cü il ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Qarabağda qəti qələbəni təmin etdi. Çünki indiki gənclik 1990-94-cü ilin gəncliyinin mübarizəsini nəinki unutmadı, hətta o qəhrəmanlıqları özlərinə örnək götürdülər.

Ötən həftə redaksiyamızın qonağı olan keçmiş döyüşçü Əhməd Xudiyev maraqlı bir foto ilə bizi tanış etdi.
Gördüyünüz fotonun maraqlı tarixini sizinlə bölüşmək istəyirik.

Əvvəlcə məlumat üçün bildirək ki, Ağdamlıların “güləşçi Əhməd müəllim” kimi tanıdığı Əhməd Mirzə oğlu Xudiyev Qarabağ münaqişəsinin başladığı ilk gündən silaha sarılan soydaşlarımızdandır. O, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun yaratdığı “Vətən oğulları “dəstəsinin üzvü olub.

Sonradan həmin dəstənin əsasında yaradılmış Eldar Bağırov adına 845 saylı Ağdam ərazi müdafiə batalyonunun şəxsi heyət üzrə rəisi, qərargah rəisinin müavini vəzifələrində döyüşlərin ən qızğın nöqtələrində döyüşüb.

Ə. Xudiyevin şərhi: “Bu fotoşəkil yaxın tariximizin ,1991 ci ilinin payızında çəkilmişdi.Yaxın tariximizdə önəmli yer tutan hadisənin əksidir. Torpağımızda yer verib məskunlaşdırdığımız,xəyanətkar ermənilər, rus ağalarına arxalanaraq yenidən bizdən torpaqlar qoparmaq iddiasına düşmüşdülər. Məkrli əməllərini həyata keçirmək üçün silahlanıb nizami ordu yaratmağa başladıqları zaman,içimizdə olan, rus imperiyasına nökərçilik edən vəzifəlilər əlimizdə olan ov tüfənglərini də müsadirə edib, bizləri düşmən qarşısında əliyalın qoymuşdular. Xalq özü dəstələr yaradaraq, xalq cəbhəsi ətrafında birləşdi. İlk özünümüdafiə dəstəsi Allahverdi və Eldar Bağırov qardaşlarının ətrafında toplaşdı.Kiçik dəstələrlə şəklində müdafiə dəstələri təşkil edildi. Qarabağda nizami ordu yaradıb silahlanmaq lazım ldı.Hərbçi kadrlar yox idi. Belə bir zamanda,cəbhəçi fəallarından,Şahin Qarayev arıq, uca boy bir oğlanla Ağdam cəbhəçilərinin qərargahına gəldi. Təbii ki, biz o vaxt onu yaxından tanımırdıq.
Həmin adamın rus ordusundan tərxis olunmuş polkovnik olduğü məlum oldu. Polkovnik nizami batalyon yaratmaq fikrində olduğunu dedi. Özü də əslən Xankəndindən imiş.

Keçmiş döyüşçü Əhməd Xudiyev

Ancaq batalyon yaratmaq üçün cavanlardan ibarət əsgərlər toplanması üçün kömək lazım idi. E.Bağırav polkovnikə dedi ki, sizə hərtərəfli kömək olunacaq. E.Bağırov cəbhə fəallarından, mən də daxil olmaqla bir necə nəfərə göstəriş verdi və gecıkmədən işə başlamağı tapşırdı.
Bu foto nizami ordu yaradılması üçün Ağdam 50 nömrəli peşə məktəbinin idman meydançasında keçirilən ilk toplantıdandır. Ağdamda ilk həqiqi hərbi birləşmə yaradılırdı. Fotoda, soldan birinci polkovnik Şirin Mırzəyevdi. Uzun meddət batalyon nizamlanana qədər o səsgücləndirici ciynindən düşmədı. Mirzəyevdən sağda, Ağdamın o vaxtkı hərbi komissarı olmuş Mustafa Əliyevdi. Ondan sonrakı Ağdamın icrakomun müavini Həmzə Əliyevdi.Öndə isə əsgərlər qarşısında cıxış edən mənəm.
Həmin gümAğdamda ilk nizami 836- cı batalyonun əsası qoyuldu.Tezliklə Şirin Mirzəyev mükəmməl bir alay yaratdı. Hətta alayın desant qrupunu yaradaraq, ermənilər yaşayan kəndlərin əhatəsində olan Umudlu, Kərəmli, Narışlar kəndlərinin müdafiəsini təşkil etdi. Ən az itki verən və mükəmməl əməliyyatlar kecirən hərbi hissələrin öncülü oldu. Şəhid olduğu günə qədər alay rəhbərlik etdi”.


Xatırladaq ki, Azərbaycan Respublikasının müdafiə naziri, general-leytenant Valeh Bərşadlının 12 noyabr 1991-ci il tarixli əmri ilə polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyev Ağdam ərazi özünümüdafiə taborunun komandiri təyin olundu.

 Əntiqə Rəşid