adalet.az header logo
  • Bakı -°C
28 Oktyabr 2026 12:10
75
MÜSAHİBƏ
A- A+

Akademik: “Ana dilimizdəki alınma və əcnəbi sözlərin əvəzinə...” - MÜSAHİBƏ

AMEA prezidentinin müşaviri, akademik Möhsün Nağısoylu uzun illərdir Azərbaycan dilinin tarixi, orta əsrlərə aid yazılı abidələrin, klassik tərcümə əsərlərinin və əlyazmaların tədqiqi ilə məşğul olur. 80 illik yubileyi münasibətilə dilçi alimlə söhbətimizdə klassik yazılı irsin Azərbaycan dili və ədəbiyyatının tarixinin öyrənilməsində rolu, rəqəmsal texnologiyaların və süni intellektin dilçilik elminin inkişafına təsiri, Azərbaycan dilinin saflığının qorunması və ədəbi dil normalarına riayət olunması məsələlərinə toxunduq. O, həmçinin elmi fəaliyyətin əsas xüsusiyyətləri, gənc tədqiqatçıların qarşısında duran vəzifələr və elmdə uğur qazanmağın əsas şərtləri barədə suallarımızı cavablandırıb.

– Hörmətli Möhsün müəllim, elmi fəaliyyətinizin böyük bir hissəsini orta əsrlərə aid Azərbaycan yazılı abidələrinin araşdırılmasına həsr etmisiniz. Bu mənbələrin öyrənilməsinin Azərbaycan dili və ədəbiyyatının tarixində rolu barədə məlumat verməyinizi istərdik.

– Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, qədim əlyazma kitabları həm mədəniyyət və ədəbiyyatımızın, həm də tariximizin və ədəbi dilimizin keçmişini özündə yaşadan ən dəyərli və mötəbər yazılı mənbələrdən biridir. Məhz buna görə də qədim əlyazma kitablarının öyrənilməsi və nəşrə hazırlanması xüsusi əhəmiyyətə malikdir.

Konkret olaraq, sualınıza gəldikdə, qeyd etməliyəm ki, orta yüzilliklərin yadigarları olan Azərbaycan-türk tərcümə əsərlərinin əlyazmaları ədəbiyyat tariximizin xüsusi bir qolunu təşkil edir. Orta əsrlərdə tərcümə sənəti müstəqil bədii yaradıcılığın mühüm bir növü sayılmış, klassik tərcümə nümunələri müasir tərcümələrdən əsaslı şəkildə fərqlənmişdir. Bu kimi əsərlərdə orijinal fikirlər də öz əksini tapmışdır. Məhz buna görə də ədəbiyyat tariximizə aid araşdırmaların bir çoxunda tərcümə əsərlərinə ayrıca yer ayrılmışdır.

Məlumdur ki, ana dilimizdə qələmə alınmış ilk nəsr nümunələri tərcümə əsərləridir. XIV əsr müəllifi və mütərcimi Mustafa Zəririn “Siyərün-nəbi” və “Fütuhüş-Şam” tərcümələri buna nümunədir. Deməli, nəql edilən tərcümə əsərləri Azərbaycanda orijinal nəsr əsərlərinin yaranması üçün müsbət zəmin yaratmışdır.

Qeyd etmək lazımdır ki, orta əsrlərin tərcümə əsərləri ədəbi dil tariximiz üçün də müstəsna əhəmiyyətə malikdir. Klassik tərcümə nümunələri zəngin dil abidələridir. Məhz ilkin tərcümə örnəklərində bir sıra nadir qədim türk sözləri işlənmişdir. Bütün bu xüsusiyyətlərinə görə ədəbi dil tariximizə aid araşdırmaların bir qismi klassik tərcümə nümunələri əsasında aparılmışdır.

Buna nümunə olaraq, XVI əsrə aid tərcümə əsəri olan Nişatinin “Şühədanamə”sini göstərmək olar. İrihəcmli bu nəsr tərcüməsinin dili haqqında indiyədək dörd fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuşdur. Eləcə də Azərbaycan ədəbi dil tarixinə aid bir sıra elmi araşdırmalarda orta əsr tərcümə əsərlərinin materiallarından kifayət qədər geniş istifadə olunmuşdur.

Beləliklə, orta əsrlərə aid Azərbaycan-türk tərcümə əsərləri ədəbi dilimizin tarixinin öyrənilməsi baxımından zəngin və dəyərli mənbələrdir. Onların hərtərəfli araşdırılması dilimizin tarixi inkişaf mərhələlərinə və qədim dil xüsusiyyətlərinə daha dərindən bələd olmağa imkan verir.

– Müasir dövrdə rəqəmsal texnologiyalar və süni intellekt səmərəli elmi tədqiqatların aparılması üçün yeni imkanlar yaradır. Sizcə, qədim əlyazmaların rəqəmsallaşdırılması və süni intellekt vasitəsilə mətnlərin araşdırılması Azərbaycan dilinin tarixinin öyrənilməsinə necə töhfə verə bilər?

– Əvvəla, qeyd edim ki, milli-mədəni irsimizin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilən dövlət siyasəti çərçivəsində qədim əlyazmaların rəqəmsallaşdırılması xüsusi əhəmiyyət daşıyır. Elektron resursların yaradılması bu qiymətli mənbələrin daha geniş auditoriya üçün əlçatan olmasına imkan verir.

Məlum olduğu kimi, Azərbaycanda qədim əlyazma kitablarının saxlanıldığı əsas elmi mərkəz AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutudur. İnstitutda qorunan əlyazmaların elektronlaşdırılmasına, yəni rəqəmsallaşdırılmasına bir neçə il əvvəl başlanılmış və bu sahədə müəyyən işlər görülmüşdür.

Bu istiqamətdə görülən işlərin davam etdirilməsi qədim yazılı irsimizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından vacibdir. Əlyazmaların elektron kataloqunun və elektron kitabxanasının yaradılması onların sistemləşdirilməsinə, tədqiqatçıların müvafiq mənbələri daha asan tapmasına və onlardan istifadəsinə şərait yaradır.

Elektron resurslar, eyni zamanda, müxtəlif ölkələrdə fəaliyyət göstərən alimlərin Azərbaycan əlyazmalarını araşdırmasını asanlaşdıra bilər. Bu, milli yazılı irsimizin beynəlxalq elmi tədqiqatlara cəlb olunmasına və onun əsasında yeni araşdırmaların aparılmasına imkan verər.

Rəqəmsal texnologiyaların və süni intellektin sürətlə inkişaf etdiyi müasir dövrdə bu vasitələrin qədim əlyazma mətnlərinin tədqiqinə tətbiqi də xüsusi əhəmiyyət kəsb edir. İnanıram ki, onların elmi araşdırmalarda istifadəsi gələcəkdə mühüm nəticələrin əldə olunmasına və yazılı irsimizin yeni aspektlərinin üzə çıxarılmasına töhfə verəcəkdir.

– Son illər Azərbaycan dilinin saflığının qorunması, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində ədəbi dil normalarına əməl olunması məsələləri tez-tez müzakirə edilir. Sizcə, dilimizin zənginliyini qorumaq və onun düzgün istifadəsini təmin etmək üçün dövlət qurumları, media və cəmiyyət tərəfindən hansı zəruri addımlar atılmalıdır?

 

– Dil xalqın varlığı və kimliyi, ən böyük milli-mənəvi sərvətlərindən biridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dilimizə böyük dəyər verərək demişdir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”. Ulu Öndərin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də dövlət dilimizin inkişafını və saflığının qorunmasını daim diqqət mərkəzində saxlayaraq demişdir: “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir”.

İstər Ulu Öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev dilimizin inkişafına xüsusi diqqət göstərmiş, bu istiqamətdə mühüm tədbirlər həyata keçirmiş, bir sıra fərman və sərəncamlar imzalamışlar. Bununla belə, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, sosial şəbəkələrdə və İnternet resurslarında əcnəbi sözlərin yersiz işlədilməsi, ədəbi dilimizin normalarının pozulması hallarına rast gəlinir. Düşünürəm ki, bu problemin aradan qaldırılması üçün əsas addımlardan biri maarifləndirmə tədbirlərinin genişləndirilməsi və sistemli şəkildə həyata keçirilməsidir.

Hər bir Azərbaycan vətəndaşı öz övladını körpəlikdən ana dilini sevmək ruhunda böyütməlidir. Hər bir azərbaycanlı bilməlidir ki, onun dili dünyanın ən qədim və zəngin dillərindən biridir. Ümummilli Lider Heydər Əliyev demişdir: “Bizim dilimiz zəngindir, qədim tarixi köklərə malikdir. Mən şəxsən ana dilimi sevirəm və bu dildə danışmağımla fəxr edirəm”. Hər bir Azərbaycan vətəndaşı da Ulu Öndər kimi ana dilini sevməli və bu dildə danışması ilə fəxr etməlidir.

Fikrimcə, dilimizin saflığının qorunması və ədəbi dil normalarına riayət olunması ilə bağlı əvvəllər olduğu kimi, Azərbaycan Dövlət Televiziyasında və İctimai Televiziyada Azərbaycan dili verilişləri yenidən bərpa edilməli, həmin verilişlərdə bu məsələlərə geniş yer ayrılmalıdır.

Qəzetlərimizdə də tez-tez bu məsələyə toxunmaq, mövzu ilə bağlı müzakirələr aparmaq, dəyirmi masalar təşkil etmək məqsədəuyğun olardı. Yeri gəlmişkən, qeyd edim ki, televiziya kanallarında dilimizə yad olan “eks” və “təxliyə” sözlərinə tez-tez rast gəlirik: “eks-prezident”, “sakinlər təxliyə edildi” və s. Bu kimi söz və ifadələri aşağıdakı şəkildə işlətmək daha məqsədəuyğundur: “keçmiş prezident”, “sakinlər köçürüldülər”. Əlbəttə, belə nümunələr çoxdur. Düşünürəm ki, dilimizdəki ayrı-ayrı alınma və əcnəbi sözlərin əvəzinə onların milli qarşılıqlarının işlədilməsi faydalı və gərəkli olardı.

Yekun olaraq demək istəyirəm ki, dövlət dilimizin keşiyində dayanmaq və onun saflığını qorumaq hər bir vətəndaşın borcu olmalıdır. Hər kəs bu məsuliyyəti dərk edərək ana dilimizin qorunması və inkişafına öz töhfəsini versə, dilimizlə bağlı mövcud problemlərin həllinə nail olmaq mümkündür.

– Möhsün müəllim, uzun illər ərzində apardığınız elmi araşdırmaları və Azərbaycan filologiyasının inkişafına verdiyiniz töhfələri nəzərə alaraq, alim kimi formalaşmaq və elmi fəaliyyətdə uğur qazanmaq üçün hansı keyfiyyətləri vacib hesab edirsiniz? Gənc tədqiqatçılara elmi axtarışlarında hansı tövsiyələri verərdiniz?

– Əlbəttə ki, elm sahəsində uğur qazanmaq və tanınmış alim kimi yetişmək üçün ən vacib şərtlərdən biri, ilk növbədə, seçdiyin peşəni sevmək, onu dərindən bilmək və incəliklərinə bələd olmaqdır. İnsan yalnız sevdiyi və dərindən mənimsədiyi sahədə ciddi uğurlar əldə edə bilər.

Bununla yanaşı, yaxşı alim olmaq üçün daim oxumaq, elmi axtarışlar aparmaq, yeni biliklər əldə etmək və bəzən gecələri belə mütaliəyə həsr etmək lazımdır. Gənc tədqiqatçı mütaliəyə xüsusi vaxt ayırmalı, imkan daxilində kitabxanalardan daha çox istifadə etməlidir. Təəssüf ki, bu gün kitabxanalara müraciət edənlərin sayı azdır. Bunun əsas səbəblərindən biri müasir informasiya texnologiyalarının, xüsusilə internetin yaratdığı geniş imkanlardır. Hazırda bir çox məlumatı kitabxanaya getmədən, elektron resurslar vasitəsilə əldə etmək mümkündür. Bununla belə, elmi fəaliyyət yalnız məlumat əldə etməklə məhdudlaşmır, müstəqil araşdırma və dərindən mütaliə də tələb edir.

Burada bir məqama da xüsusi diqqət yetirmək istərdim. Son illərdə elmə gələn gənc oğlanların sayının azalması müşahidə olunur. Düşünürəm ki, bu məsələnin səbəbləri araşdırılmalı və onun həlli yolları barədə ciddi düşünülməlidir.

Uzun illərini elmə həsr etmiş bir alim kimi qeyd etmək istəyirəm ki, elm yolu heç də asan deyil. Bu yolda uğur qazanmaq üçün gənc tədqiqatçı qarşılaşdığı çətinliklərdən çəkinməməli, səbir və əzmlə çalışmalı, davamlı elmi axtarışlar aparmalı və biliklərini daim artırmalıdır. Beləliklə, elmə sevgi, zəhmət və əzmkarlıq elmi uğurun əsas şərtlərindəndir.

– Sizcə, Azərbaycan ədəbiyyatının və dilçilik elminin beynəlxalq elmi mühitdə daha geniş tanıdılması, milli elmi irsimizin dünya miqyasında təbliği üçün hansı istiqamətlərdə fəaliyyət gücləndirilməlidir?

– Azərbaycan ədəbiyyatşünaslığı və dilçiliyinin nailiyyətlərinin beynəlxalq aləmdə tanıdılması, milli elmi irsimizin dünya miqyasında təbliği olduqca vacib məsələdir. Bu istiqamətdə müəyyən qədər nailiyyətlər əldə olunasa da, təəssüf ki, bu sahədə problemlər də mövcuddur.

 

Bu kimi problemlərin həlli üçün ilk növbədə müasir dünya elminin əsas istiqamətlərini və əldə etdiyi nailiyyətləri dərindən öyrənmək, beynəlxalq təcrübədən nəticə çıxarmaq lazımdır. Bunun üçün ingilis dilini yaxşı bilmək, elmi əsərlərimizi bu dildə nəşr etdirmək, nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunmaq və beynəlxalq elmi mühitdə tanınmaq vacibdir.

 

Bununla yanaşı, Azərbaycan ədəbiyyatşünaslığı və dilçiliyinə dair mühüm tarixi elmi əsərlərin xarici dillərə tərcümə olunması və beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi də önəmlidir. Milli elmi irsimizin dünya miqyasında tanıdılması üçün xarici ölkələrin elmi müəssisələri ilə əlaqələrin genişləndirilməsi, beynəlxalq konfranslarda iştirak və birgə tədqiqatların aparılması mühüm əhəmiyyət daşıyır.

 

Digər tərəfdən, müasir informasiya texnologiyalarının, süni intellektin imkanlarından da səmərəli istifadə etmək lazımdır. Əsas məqsəd milli elmi irsimizi yalnız ölkə daxilində deyil, beynəlxalq elmi mühitdə də tanıtmaq, onun dünya elminin inkişafına verdiyi töhfələri daha geniş auditoriyaya çatdırmaq olmalıdır.

Sonda bir məsələni də qeyd edim ki, Azərbaycan dilçiliyinin inkişafı, bu sahədə əldə olunan elmi nailiyyətlərin təbliği və milli elmi irsimizin beynəlxalq səviyyədə tanıdılması istiqamətində AMEA-da da mühüm işlər görülür. AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi altında dilçilik sahəsində elmi tədqiqatların təşviqinə, alimlərimizin elmi nailiyyətlərinin tanıdılmasına, yerli və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə elmi konfranslar və digər tədbirlər təşkil olunur.

 

Müsahibəni apardı: AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova