adalet.az header logo
  • Bakı -°C
06 Noyabr 2026 10:08
101
MÜSAHİBƏ
A- A+

Özünü müdafiə etmək çətindir, yoxsa özgəni? - MÜSAHİBƏ

Adalet.az Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Yeganə Məmmədova ilə müsahibəni təqdim edir.

 

- Yeganə xanım, Vəkillik institutunun ilk dəfə harada və nə vaxt yaranması məsələsindən və sənə görə vəkillik nədir sualından başlayaq.

 

- Vəkilliyin tarixi çox qədimdir və burada bir konkret tarix göstərmək bir qədər şərti olar. Qədim Afinada məhkəmə nitqçiləri və başqasına məhkəmədə yardım göstərilməsi təcrübəsi mövcud idi, lakin müasir mənada ayrıca vəkil peşəsi hələ formalaşmamışdı. Peşəkar hüquq fəaliyyətinin daha aydın formalaşmasını isə Qədim Roma ilə əlaqələndirmək daha düzgündür. Roma hüquq ənənəsində həm məhkəmədə çıxış edən advocatus, həm də hüquqi məsləhət verən jurisconsultus institutu inkişaf etmişdi. Hüquq tarixçiləri Romada yaranan hüquqşünas və natiqləri ilk hüquq peşəsinin əsasını qoyanlar kimi qiymətləndirirlər. Mənə isə vəkilliyin tarixindən daha çox onun mahiyyəti maraqlıdır. İnsan ittiham edən tərəfin və ya başqa bir güc qarşısında tək qalanda onun yanında hüququ bilən və onun sözünü çatdıran birinə ehtiyac yaranır. Mənim üçün vəkillik insanın hüquq qarşısında tək qalmamasının peşəkar təminatıdır.

 

- “Qadın və hüquq” deyəndə yadına ilk hansı ziyalı qadın düşür?

 

- Bu suala bir adla cavab vermək çətindir, çünki Azərbaycan qadınının maariflənməsi və hüquqlarının genişlənməsi yolunda müxtəlif dövrlərdə çox dəyərli qadınlarımızın xidmətləri olub, amma “qadın və hüquq” ifadəsi mənim üçün yalnız hüquqşünas qadın demək deyil, öz hüquqlarını bilən, təhsil alan, peşə sahibi olan, qərarlarını müstəqil şəkildə verən, eyni zamanda, başqalarının hüquqlarına hörmət edən qadın da hüquq mədəniyyətinin daşıyıcısıdır. Bəzən hüququn müdafiəsi məhkəmə zalından yox, bir qız uşağının təhsil almaq imkanının qorunmasından başlayır.

 

- Özünə hansı hüquqşünas qadınlarımızı örnək seçmisən?

 

- Müxtəlif hüquqşünaslardan öyrənmişəm, amma özümə heç vaxt bir nəfəri bütövlükdə model seçməmişəm. Birindən prinsipiallığı, birindən hüquqi təfəkkürü, digərindən nitq və davranış mədəniyyətini öyrənmək mümkündür. Sonda isə hər bir hüquqşünas öz peşəkar kimliyini yaratmalıdır. Mənim üçün yaxşı hüquqşünasın qadın və ya kişi olmasından əvvəl onun biliyi, vicdanı, məsuliyyəti və peşəkarlığı gəlir. Qadın hüquqşünasın güclü olmaq üçün qadın həssaslığından imtina etməli olduğunu da düşünmürəm. Əksinə, düzgün idarə olunan empatiya hüquqşünas üçün üstünlükdür.

 

- Üçüncü dəfə təhsil alırsan, dördüncü dəfə də təhsil almağa niyyətlisən?

 

- Bu sualı ailəmə versən, yəqin ki, “xahiş edirik, ona yeni ideya vermə” deyərlər, amma ciddi desəm, mən təhsilə diplom toplamaq kimi baxmıram. Müəyyən yaşdan sonra insan qiymət almaq üçün deyil, özünü inkişaf etdirmək üçün oxuyur. İlk ixtisasım mənə sistemli və analitik düşünməyi, hüquq təhsilim hadisələrə hüquqi müstəvidən yanaşmağı, hazırkı təhsilim isə idarəetmə və mediasiya baxımından daha geniş düşünməyi öyrədib. Dördüncü təhsil olacaqmı, bilmirəm, amma özümə “heç vaxt” demirəm. Görünür, məndə oxumaq həvəsi xroniki haldadır.

 

Hüquq sahəsinə qadınların gəlişinin XIX əsrdən başladığı qeyd edilir. “Vəkilliyə istəyin 1869-cu ildə ilk qadın hüquqşünas kimi tarixə düşən Arabella Mansfieldə simpatiyadan yaranıb, yoxsa cəmiyyətdə gedən proseslərə, insanlara hüquqi yardım etmək üçün bu peşəni seçmisən?” deyə soruşmaq istəyirəm, amma buna qismən əvvəlki suallarda cavab vermisən.

Bu dəfə bir az da əlavələr edərəm.

 

Vurğuladığın tarix qadınların hüquq peşəsinə daxil olması tarixində həqiqətən mühüm hadisədir, amma mən hüququ seçəndə, etiraf edim ki, Arabella Mansfieldi düşünərək seçim etməmişdim. Məni hüquqa gətirən daha çox xarakterim olub. Haqsızlıq gördükdə “mənə aid deyil” deyib keçmək mənim üçün həmişə çətin olub. Sonradan başa düşdüm ki, bu xüsusiyyət vəkillikdə həm üstünlükdür, həm də müəyyən mənada ağır yükdür, çünki əsl vəkil bəzən işini kabinetdə qoyub evə gedə bilmir; insanların taleyi, problemləri insanın düşüncəsində onunla birlikdə gedir. Yenidən seçim etməli olsaydım, yenə hüququ və yenə vəkilliyi seçərdim. Bəzən düşünürəm ki, mən vəkilliyi seçmişəm, yoxsa vəkillik məni – buna hələ də tam qərar verə bilməmişəm.

 

- Qadın üçün vəkillik çətin deyil ki?

 

- Çətindir, amma mən bunu yalnız “qadın üçün çətindir” kimi düşünmürəm. Yaxşı vəkil olmaq istəyən hər kəs üçün vəkillik çətindir. Qadın üçün əlavə çətinlik odur ki, qadının peşəkar məsuliyyətilə yanaşı, ailədə də müxtəlif rolları var. Sən məhkəmədə vəkilsən, işdə rəhbərsən, evə qayıdanda isə anasan, həyat yoldaşısan, övladsan. Bəzən səhər çox mürəkkəb hüquqi mübahisə ilə məşğul olursan, axşam isə uşağın bir sualı qarşısında anlayırsan ki, günün ən çətin “məhkəmə prosesi” hələ qabaqdadır, amma qadın olmaq vəkillikdə mənim üçün heç vaxt zəiflik olmayıb. Empatiya, insanı dinləmək, detalları görmək də bu peşədə böyük üstünlüklərdir. Qadınlıq mənim peşəkar kimliyimin zəifliyi deyil, onun rənglərindən biridir. Bu gün qadınların hüquq sahəsində çalışması bizə təbii görünür, amma həmin yolun başlanğıcında duran qadınların hansı sosial maneələri aşdığını öz dövrünün reallığı ilə qiymətləndirmək lazımdır. Mən belə qadınlara yalnız tarixi şəxsiyyət kimi deyil, özlərindən sonra gələn qadınlara yol açan insanlar kimi baxıram. Bizdən əvvəl gələn qadınlar qapıları açdılar. Bizim məsuliyyətimiz isə həmin qapıların bir daha bağlanmasına imkan verməməkdir. İlk azərbaycanlı qadın hüquqşünas Bilqeyis Həşimzadənin bu yolda öz dövründə hansı çətinliklərdən keçdiyini təsəvvür etmək çətin deyil.

 

- 30 iyul 1919-cu il milli vəkilliyimizin tarixində əlamətdardır. Günümüzdə vəkilliklə bağlı xüsusi günün təsis edilməsinə zərurət varmı?

 

- Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ədliyyə Nazirliyi 30 iyul 1919-cu ildə Azərbaycan Dairə Məhkəmə Palatası Andlı Müvəkkillər Şurasının yaradılması haqqında qərar qəbul edib. Vəkillik həmin Şuranın rəhbərliyi altında fəaliyyət göstərib. Əslində, artıq belə bir günümüz var. Dekabrın iyirmi səkkizi Azərbaycanda “Vəkil günü” peşə bayramıdır. Bu tarixin seçilməsi təsadüfi deyil. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə hüquqi dövlətin tələblərinə tam cavab verən Konstitusiya qəbul olunmuş, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ konstitusiya ilə təsbit edilmişdir. Konstitusiyada qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardımın ödənişsiz, dövlət hesabına göstərilməsi, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ təsbit edilmişdir. Bundan sonra “Vəkillər və vəkillik fəaliyyəti haqqında” 28 dekabr 1999-cu il tarixli qanun qəbul edilmiş, bu qanunla ilk dəfə olaraq vəkillik təsisatı tam müstəqil, özünüidarəedən, heç bir dövlət orqanından asılı olmayan qeyri-dövlət qurumu kimi formalaşmışdı.

Prezident İlham Əliyevin 25 dekabr 2019-cu ildə verdiyi Sərəncamla dekabrın iyirmi səkkizi Azərbaycanda “Vəkil günü” peşə bayramı kimi təsis edildi. Məncə, hər iki tarix milli vəkilliyimizin tarixinin müxtəlif mərhələlərini ifadə edir. Vəkil Günü sadəcə bir-birimizi təbrik etdiyimiz tarix olmamalıdır. Bu gün cəmiyyətə vəkilliyin hüquqi dövlətdəki missiyasını xatırlatmaq üçün də fürsətdir. Vəkili ildə bir gün təbrik etmək olar, amma vəkilin nüfuzunu və müstəqilliyini ilin bütün günlərində qorumaq lazımdır.

 

- Müstəqilliyinə hər hansı formada maneələr törədilibmi?

 

– Xeyr. Vəkillik fəaliyyətim dövründə peşə müstəqilliyimə maneə yaradılması ilə qarşılaşmamışam. Ümumiyyətlə, vəkilin müstəqilliyi onun şəxsi imtiyazı deyil. Bu, hüquqi yardım alan şəxsin hüquqlarının təminatıdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsi vəkilliyi müstəqil hüquqi təsisat kimi müəyyən edir və vəkillərin peşə fəaliyyətinə dövlət orqanları, fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən müdaxilə və təzyiqə yol verilməməsini vəkilliyin əsaslarından biri kimi təsbit edir. Azərbaycan vəkilliyinin inkişafı 2017-ci ilin dekabr ayının yeddisində keçirilən Vəkillər Kollegiyasının konfransı ilə başladı. Anar Bağırov Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçildi. Onun rəhbərliyi ilə vəkillik təsisatında dövlət və cəmiyyət üçün mühüm islahatların həyata keçirilməsinə başlandı. Son illərdəki bu fəaliyyəti – vəkilliyin inkişafına, peşənin nüfuzunun yüksəldilməsinə və institusional imkanlarının genişləndirilməsinə yönəlmiş işləri müsbət qiymətləndirirəm. Bu istiqamətdə hüquqi yardım və tədris imkanlarının yaradılması, regional vəkilliyin inkişafı və digər çox mühüm tədbirlər həyata keçirilib. Vəkilliyin nüfuzu kifayət qədər yüksəlmişdir, amma müstəqilliyin başqa bir tərəfi də var: vəkil daxilən də müstəqil olmalıdır. Hüquqi mövqeyini formalaşdırarkən “kim nə düşünər?” sualını deyil, “qanun nə deyir və müdafiə etdiyim şəxsin qanuni mənafeyi nə tələb edir?” sualını əsas götürməlidir. Özümü bu baxımdan sərbəst hiss edirəm.

 

– Məktəblinin sənə verdiyi sualı xatırladım: “cinayətkarları niyə müdafiə edirsiniz?”

 

- Burada bir sözə xüsusi diqqət yetirərdim: “cinayətkar” yox, “cinayət törətməkdə şübhəli bilinən və ya təqsirləndirilən şəxs”. Ona görə ki, şəxsin təqsiri qanuni qaydada sübuta yetirilmədən ona əvvəlcədən cinayətkar münasibəti göstərmək hüquqi baxımdan düzgün deyil. Vəkil cinayətkarı yox, insanı və onun hüquqlarını müdafiə edir. Müdafiəçinin vəzifəsi “bu insan yaxşı insandır” demək deyil. Onun vəzifəsi insan barəsində qərarın qanuna, sübutlara və ədalətli məhkəmə araşdırmasının tələblərinə uyğun qəbul edilməsini tələb etməkdir. Məktəbliyə isə bunu çox sadə şəkildə izah etmişdim: ədalət yalnız sevdiyimiz və haqlı hesab etdiyimiz insanların hüquqlarını qorumaq deyil, ədalət, münasibətimizdən asılı olmayaraq, hər bir insanın hüququnun olduğunu qəbul etməkdir.

 

- Vəkil müvəkkilə qoşulub ağlayacaq qədər kövrək, yoxsa soyuqqanlı olmalıdır?

 

- Nə daş kimi hissiz, nə də müvəkkillə birlikdə ikinci zərərçəkən olacaq qədər emosional olmalıdır. Empatiyasız vəkil insanı anlaya bilməz. Həddindən artıq emosional vəkil isə bəzən düzgün hüquqi qərar verməkdə çətinlik çəkə bilər. Mən müvəkkilimin ağrısını anlamalıyam, amma o ağlayanda məndən gözlənilən mənim də ağlamağım deyil. O ağlayanda mən onun üçün düşünməyi bacarmalıyam. Vəkilin ürəyi isti, başı isə soyuq qalmalıdır. (amma etiraf edim ki, bir çox hallarda göz yaşlarıma hakim ola bilməmişəm. Bu, bəzən sevincdən, bəzən də kədərdən olub.)

 

- London səfərin barədə danış, məncə, bu, hamıya maraqlı olar.

 

- London səfəri mənim üçün həm peşəkar, həm də fərdi baxımdan maraqlı təcrübə oldu. Hüquqi ingilis dili proqramında iştirak etdim, məhkəmə və hüquq mühiti ilə yaxından tanış olmaq imkanım oldu. Məni xüsusilə ənənə ilə müasirliyin yanaşı mövcudluğu düşündürdü. Əsrlərdən gələn hüquqi ənənələr qorunur, eyni zamanda, sistem müasir tələblərə uyğun inkişaf edir. Bu səfər mənə bir fikri yenidən xatırlatdı: hüquqi dövlət yalnız yaxşı qanunların mövcudluğu deyil; həm də həmin qanunlara hörmət edən hüquq mədəniyyətinin mövcudluğudur.

 

- Bu sahədə hansı çatışmazlıqların aradan qaldırılmasını zəruri hesab edirsən?

 

- Vəkilin prosesdə real və effektiv iştirak imkanlarının daim gücləndirilməsini vacib hesab edirəm. Vəkillik məhkəmə sisteminin formal elementi deyil, vəkil hüquqi müdafiəni həyata keçirən müstəqil peşə sahibidir. Digər mühüm məsələ hüquqi yardımın əlçatanlığıdır. Vəkillərin davamlı peşəkar inkişafını, ixtisaslaşmasını, sosial təminat məsələlərinin (pensiya təminatının) təkmilləşdirilməsini və peşənin nüfuzunun qorunmasını vacib sayıram. Bununla bağlı Vəkillər Kollegiyasının sədri A.Bağırov tərəfindən bu sahədə mövcud olan qeyri-bərabərliyin aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumlarına mütəmadi müraciətlər edilir və müzakirələr aparılır. Bizim qanunvericilikdə digər hüquq peşələrində staja görə əlavələr və altmış yaşdan pensiyaya çıxmaq kimi güzəştlər nəzərdə tutulduğu halda, vəkillər bu imkanlardan yararlana bilmirlər. Hesab edirəm ki, digər hüquq peşələri üçün tətbiq olunan güzəşt və imtiyazlar vəkillərə də şamil edilməlidir.

 

– And içmədən ədalətli olmaq olmaz?

 

- Əlbəttə, olar. And insanı bir gündə ədalətli etmir. O, insanın artıq sahib olmalı olduğu dəyərləri peşə məsuliyyətinə çevirir. And ədalətli olmağa başlamaq üçün deyil, ədalət prinsipindən dönməyəcəyinə söz vermək üçündür.

 

- Özünü müdafiə etmək çətindir, yoxsa özgəni?

 

- Məncə, bəzən özünü müdafiə etmək daha çətindir. Başqasının məsələsinə hüquqi məsafədən baxırsan: faktları təhlil edir, sübutları qiymətləndirir, strategiya qurursan. Söhbət özündən gedəndə isə hüquqa emosiyalar da qoşulur. Axı vəkillər də insandır; biz Mülki Məcəllənin maddələri ilə doğulmamışıq. Başqasının hüququnu müdafiə edəndə vəkiləm, öz hüququmu müdafiə edəndə isə həm vəkil, həm müvəkkil oluram. İki rolu eyni anda daşımaq daha çətindir.

 

- Hər kəs özününkü qədər başqasının da hüququnu qoruyarsa, ədalətli cəmiyyət qura bilərikmi?

 

- Bu, ədalətli cəmiyyətin ən mühüm şərtlərindən biridir. Hüquqi dövlət yalnız Konstitusiya, qanunlar və məhkəmələrdən ibarət deyil. Hüquqi dövlət həm də vətəndaşın hüquq mədəniyyətidir. Biz bəzən öz hüququmuza qarşı çox həssas, başqasının hüququna münasibətdə isə daha az həssas oluruq. Halbuki hüquq mədəniyyəti insanın yalnız “mənim hansı hüququm var?” deyil, “mənim davranışım başqasının hüququna toxunurmu?” sualını da verməsi ilə başlayır.

 

- Londonda gördüklərindən hansıları ölkəmizdə də görmək istərdin?

 

- İlk növbədə, hüquqa və hüquq institutlarına münasibətdə uzun illər ərzində formalaşmış peşə mədəniyyətinin bəzi elementlərini, amma mən başqa ölkənin hüquq sisteminin mexaniki şəkildə Azərbaycana köçürülməsinin tərəfdarı deyiləm. Hər ölkənin öz hüquq ənənəsi, tarixi və ictimai xüsusiyyətləri var. Məqsəd başqa hüquq sisteminin surətini çıxarmaq deyil, uğurlu təcrübəni öyrənib öz sistemimizi daha da təkmilləşdirməkdir. Bir şeyi isə Londondan gətirməyə o qədər də həvəsli deyiləm — hakimlərin və vəkillərin pariklərini. (Burada gülüş təsəvvür edin.)

 

“Camaatın vəkilisən?” deyə şablon bir qınağımız var, bunu adama kiminsə tərəfini saxlayanda deyirlər. Sənin belə bir səlahiyyətin var, sözün həqiqi mənasında camaatın vəklisən, insanların hüququ sənə əmanət! Əmanətə xəyanət olmaz!

 

Pərvanə Bayramqızı