adalet.az header logo
  • Bakı -°C
16 Sentyabr 2026 18:48
49
MÜSAHİBƏ
A- A+

Qulu AĞSƏS: “ADAM VAR, YATANDA UÇUR, ADAM DA VAR, UÇANDA  YATIR”

Jurnalist Pərvanə Eyvazqızının şair Qulu Ağsəslə söhbəti

 

– Seyran Səxavətlə olan “Dəli şeytan deyir ki...” adlı müsahibəmizi oxuyandan sonra demişdiniz ki: “Mən müsahibəmizə “Can!” deyib başlamayacağam”. Nə deyib başlayaq, Qulu müəllim?

– Seyran müəllim söhbətə çox orijinal, həm də ərklə başlayıb. Əslində, maraqlı versiyadır. Mən, ümumiyyətlə, qeyri-ənənəvi üslubu xoşlayıram. Hətta müsahibələrin əvvəlindəki salamlaşmaları və  sonunda “müsahibəyə görə çox sağ olun” kimi ifadələri redaktədə heç vaxt saxlamıram. Çünki, mənə bir az saxta gəlir. Əgər insan müsahibə verirsə, deməli, ona qədər artıq salamlaşıb. Təzədən yazıda salamlaşmağa lüzum yoxdur. Oxucunu aldatmaqdır bu.  Mən necə başlayardım? Burdan Seyran Səxavətə salam göndərməklə başlayardım.

– “Göndərmək” demişkən, bəs Göy Yerə, Yer də Göyə nə göndərir?

Göy Yerə gün işığı, kasıb komasını “Ağ ev”ə döndərən bəyaz qar, külək, yağış, nur, işıq... Amma əvəzində Yer Göyə nə göndərir? – Raket, zəhər, qarğış, söyüş...

Dua da göndərir...

– Biz o duaları görmürük axı. Necə ki, nəhayətsiz zibilliyin içində bitən gülü görmürük. Dualar da, bax, elədir.

– O gülün görünməməsi Yerin yox, yerdəkilərin günahıdır.

– Yerlə Göyün heç bir günahı yoxdur. Göy öz mübadiləsini ənənəvi şəkildə davam elətdirir. Göyün sahibi var deyə, ora müdaxilə edə bilmirik bir o qədər. Amma Yerin sahibi biz olduğumuza görə, başqa şeylər də edirik. Bu nə Yerin, nə də Göyün günahıdır, əlbəttə. Yuxarıya da, aşağıya da müdaxilə edən biz özümüzük.

– Tez-tez uçursunuz?

Əvvəllər lap çox uçurdum. Mən “uçmaq” deyəndə uçmuram, həmişə anamı xatırlayıram. Səhər durub yuxumu danışanda ki, uçurdum, mənə deyərdi: “Əvvəllər mən də uçurdum. İnsan yaşlandıqca daha çox günaha batır və daha az uçur. Bəzən də, heç uçmur”. 

Mən təkcə yuxularda uçmuram. Adam var ki, yatanda uçur, adam da var, uçanda yatır.

– Qulu Ağsəsi oyaq vaxtı nə uçura bilər?

Məsələn, elə söz var, onu hətta yazmasan belə, ağlına gələndə istəyirsən ki, öz ömür payından çıxarıb hamının cibinə bəxşiş kimi qoyasan. O qədər xoşbəxt olur adam! İstəyirsən ki, qarşına çıxan hər kəsə salam verəsən, hamını bağrına basasan. İstəyirsən ki, hamı sənin sevincinə qoşulsun, şərik olsun. Təəssüf ki, bunu eləmək cəmiyyət üçün bir az gülməli görünür.  Amma əlbəttə, insan özü-özünə bəs eləyir də! Özün bilirsən uçduğunu, sevindiyini.

Bəzən musiqi də uçurur adamı. Axırıncı dəfə Rusiya estradasından bir mahnıya qulaq asmışdım. Sözləri maraqsız idi. Heç musiqisi də o deyildi. Amma ifa edən cütlüyün şövqü məni valeh elədi. İnsan necə sevə-sevə görür öz işini. Mən öz işini ürəkdən, cani-dildən görən adamlara baxanda, inanın ki, elə, şeir yazmaq qədər, yuxuda uçmaq qədər xoşbəxt oluram. Həmin adam maşınyuyan da ola bilər, xadimə də, rəssam da. Xüsusilə, musiqiçilərin candərdi ifasını, oxumağını görəndə çox məyus oluram. İnsan bir işi ya görməli, ya da ona yaxın durmamalıdır; bütün işləri belə görməlisən. Mənim üçün hər şey işdir, hər şey əməldir.

İyirmi iki il əvvəl AzTV-də sənədli filmlərindən birində elimizin bir xalq inancının deyimindən istifadə eləmişdim. Orda deyilirdi ki, ustalar (bənnalar) ev tikəndə heç vaxt şaqulu hörgünün üstündə asılı qoyub evə getmirlər. Onu yığışdırırlar. Əgər şaqul asılı qalsa, şeytan bənnanı səhərə kimi, işlədir. Gözəl yanaşmadır. Bu yaxınlarda ailə üzvlərimdən biri əvvəl qonşuluqda yaşamış və çoxdan rəhmətə getmiş bir xalanın dediyi el sözünü xatırladı:  “Filankəs hazır yeməyə dik qaşıqdır”. – Bu, müfəxor haqqında deyilmiş ən gözəl ifadədir.

Axırıncı dəfə təyyarəyə nə vaxt mindiyim yadımdan çıxıb. Amma mən təyyarədə yatan adamlara baxanda çox təəccüblənirəm. İnsan uçanda necə yata bilər?  Mən həmişə yatanda uçmaq arzulamışam, bu, minən kimi, yatdı. Adam bir də oyandı ki, çatmışıq. Ömrünü beləcə yaşayan adamlar da var. Buna görə, mən “Nabran novellası” kitabımda yazmışdım ki, rahat adam görəndə narahat oluram.

– Dediniz ki, bəzən insan o qədər xoşbəxt olur, ömründən kiməsə pay vermək istəyir. Siz necə,  pay verməyi xoşlayırsınız, yoxsa almağı?

– Əgər səmimi desəm, hər ikisi xoşuma gəlir. Ən xoşuma gələn isə özümün nəsə verməyimdir. Onda xoşbəxt oluram. Elə də böyük işlər görmürəm, adam elədiyini deməz. Amma məsələn, görürəm, uşaqlar mağazanın qabağına yığılıblar. İkisinin əlində dondurma var, amma bir neçəsində yoxdur. Dondurma alıb onlara paylayıram ki, qoy hamısında olsun. Yaxud da görəndə ki, yaşlı adamlar oturub nərd, domino oynayırlar, ürəyimdən keçir, onlara mer-meyvə alıb verim. Yesələr də, yeməsələr də, özləri bilər. Sadəcə, mənim xoşuma gəlir bunu etmək. Görəndə ki, quşlar harasa yığışıblar, istəyirəm, onlara da nəsə verim, yesinlər. Onlar da ruzu axtarır. Ruzu axtaran quşları görəndə elə bilirəm ki, Allah məni bircə şeyə görə bu dünyaya gətirib – aldığım çörəyi doğrayıb, onlara verim. Paylaşmağı sevirəm. Xırda şeylər məni çox xoşbəxt edir.

Bax, bura - redaksiyaya bir qız gəlmişdi. Anası “İnstaqram” sosial şəbəkəsindən dostumdur. Dedi ki: “Sizin kitaba qol çəkməyiniz üçün qızım gələcək”. Gələndə soruşdum: “Hardan gəlmisən?” Dedi: “Xocalıdan gəlmişəm”.

Üstündə “Görsən, üşüyürsən...” yazısı olan balaca bir qələm də gətirmişdi hədiyyə olaraq. Onun o “Xocalıdan gəlmişəm” deməyindən sonra inanın ki, bir neçə gün özümə gələ bilmədim. Ən əvvəl ona görə ki, heç ağlıma gəlməzdi Xocalıdan gəlib. İkinci də ki, o balaca bir hədiyyənin üstünə “Görsən, üşüyürsən...” sözünü yazmağı o deməkdir ki, bizi tanıdığımız, bildiyimiz adamlarla yanaşı, tanımadığımız adamlar da oxuyur, qiymətləndirir. Bu, mənim üçün gözəl hədiyyə idi.

Sonuncu ən gözəl hədiyyəm şəkil kimi göndərilib mənə. Rusiyadan Aralıq dənizinə dincəlməyə gedən bir qələm adamı (adını deməyəcəm, qoy ürəyi partlasın) oranın xırda daşları ilə mənin “Yorğun ağacam” şeirimin kompozisiyasını yığıb. Həmin şəkli çıxartdırıb çərçivələtdim.

Yaxud da ki, dostum Əli Bağış 2002-ci ildə çıxan ilk kitabımı mənə hədiyyə elədi. Mənim avtoqrafım olan kitabı təzədən öz avtoqrafı ilə mənə bağışladı. Həmin kitabdan məndə yox idi. Bu da mənim üçün çox gözəl hədiyyə idi. Ümumiyyətlə, mənə elə gəlir ki, paylaşmaq gözəldir. Amma xüsusilə, insan özü nəyisə paylaşanda lap gözəl olur da! Bu,  eqoizm deyil, sadəcə, bir fərəh duyğusu dolur adamın içinə.

– Bu gün mənə də kitabınızı hədiyyə verdiniz, təşəkkür edirəm.

Kitab ilk növbədə oxuyan üçündür. Çox sevdiyim belə bir ifadə var: “Şeir onu yazandan daha çox, ona ehtiyacı olan adamındır”. Kitab da elədir. Bəlkə, insan da belədir. Bəlkə, insanın həyatı da belədir, sevgisi də, nifrəti də. Onun sahibindən daha çox, ona ehtiyacı olanındır.

– Qulu müəllim, insanları tez-tez qınayırsınız?

– Mənim real vəzifə öhdəliklərimdən biri evə çörək almaq və zibil atmaqdır. (Çünki,  əlimdən başqa heç nə gəlmir). Bunu da gün ərzində bir neçə dəfə edirəm. Bir dəfə zibil atanda gördüm ki, bir uşaq yerə düşmüş çörəyi öpüb gözünün üstünə qoyur.  Sonra o uşaq mənim yazıma gəldi. Yazıda demişdim ki: “Mən çörəyi öpüb gözünün üstünə qoyan uşağı bir də görsəm... Onun özünü öpüb gözümün üstünə qoyacam. Çörək kimi”.

İnsanları qınamaq ən “asan xidmət”dir. Çox fərasətli, qoçaq adam olmadığıma görə,  hərdən “asan xidmət”dən mən də istifadə edirəm. Amma çox yox. İnsanın şüarı belə olmalıdır: “Heç kəsdən heç nə istəmə və heç kəsi qınama!”  Onda rahat olur adam. Daim başqalarında nəsə axtarmaq, daim başqalarından nəsə ummaq insanı rəzil edir, kölə edir. Özün nəsə əldə elə. Ya da nəyin var, onunla xoşbəxt ol. Mən yazmışdım: “Əlində nəyin var, onunla xoşbəxt ol.” Bir nəfər də yazdı ki: “Əlimdə heç nə yoxdur”. Dedim ki: “Beş barmağın var, barmaqlarınla xoşbəxt ol, adam var, o da yoxudur”. Bəzən deyirlər: “Məni eşidən yoxdur”, “dəstəkləyən yoxdur”. Mən də deyirəm ki: “İki əlin var, özün-özünü alqışla, denən “sən gözəl insansan”, xoşbəxt ol”. Qınamaq ən asan yoldur. Yenə də deyirəm, qınamaq bizim çağdaş dünyanın ən “asan xidmət”idir. Qınayırsan, vəssalam... İnsan heç kəsi qınamamalıdır. Hər şeyə özü nail olmalıdır. Kimsə gəlib səninlə elə-belə dost olmur ki;  sən o dostu qazanırsan. Heç kim sənə aşiq olmur ki;   sən o eşqi qazanırsan. Səadət, pul göydən tökülmür ki;  özün qazanırsan da. Ona görə də, insan özü ilə əlləşməlidir.

İndi oturub belə danışmağıma baxmayın. Mən bir az da introvertəm, yəni ətrafa qapalı adamam. Başqaları mənim üçün “cəhənnəm”dir.

– Bəs “cənnət”iniz haradır?

Onu desəm, hamı tökülüşəcək ora. Ona görə də, demərəm axı.

Görüşdə məndən soruşdular ki: “Yaxşı yazmaq üçün nə etmək lazımdır?” Dedim: “Səmimi deyirəm, əvvəla, bilmirəm. İkinci, bilsəm də, demərəm. Deyim, siz də yaxşı yazasınız, xeyir ola?!” “Cənnət”in də harda olduğunu deməyəcəm.

– Deyirsiniz ki: “Elə arzularım var, onları özümə belə, deməyə çəkinirəm”.

– Qonşuda bir qadın var idi, mən ona “nənə” deyirdim. Həmişə bizim evin yanından gəlib-keçəndə çağırıb mənə konfet verirdi. Mən də yaz ayları mütləq ona nərgiz qoparıb verirdim. O, il boyu mənə konfet verirdi, mən ancaq mart ayında ilin bütün büdcəsini bağlayırdım. Pərvanə xanım, həmişə də ürəyimdən keçirdi ki, kaş, bütün aylar bizdə nərgiz olsun, mən də onu qonşu nənəyə verim. Həmin nənənin bir sözü var idi. O sözü balaca vaxtı eşitdim, amma ömürlük qulağımda qaldı. Deyərdi: “Hərdən ürəyim mənə elə şeylər deyir ki, qonşu desə, vurub öldürərəm”. Bəzən arzuları insanı elə bir məcraya yönəldir ki, insan nə istədiyini özünə belə, etiraf edə bilmir. Hamının içində hər cür duyğu var – yaxşı, pis, murdar, xəbis, iyrənc. Amma Allah  bizə ürəyi, ağlı ona görə verib ki, ayırd edək. Bizə seçim imkanı verib: yəni bu da var, bu da.  Özün seç, istifadə elə.

– Birini versəydi, qədrini bilməzdik.

Əlbəttə! Həm də, maraqsız olardı da. Skandinaviyada – İsveçrə Norveçin sərhəddindəki Kruttvatnet gölünün üstündə Günəş heç vaxt gözünü yummur. Mənim o gölə yazığım gəlir. Nə vaxt yuxarı baxır, Günəş başı üstündədir. Bəlkə də, o, elə bilir ki, Günəş deyil, müşahidə kamerası-zaddır. Ordakı balıqlar da həmişə özünü narahat hiss edir.

– Onların da yerinə düşünürsünüz?

– Əlbəttə!

– Bəlkə öz duyğularınızı gölün dilindən deyirsiniz?

– Ola bilər. Gölün dilindən danışmaq, əlbəttə, çox gözəl olar. İnsan özünü hər cür hiss eləməlidir: ağac kimi, balıq kimi, quş kimi, göl kimi... Dünyada olan canlı-cansız nə varsa, hər biri kimi.  Əvvəllər rusların heyvanlara xitabən “kim” deməklərinə çox təəccüblənirdim. Amma bəlkə də, bütün canlılara elə demək lazımdır. Mən istəməzdim itə-qurda “kim” demək. Bilirsiz, niyə? Bilmirsiz? Ona görə ki, daşın, çiçəyin xətrinə dəyərdi. Yaxud da itə-qurda “kim” deyəcəyiksə, gəlin onda hamısına elə deyək. İtə “kim” deyib, gülə “nə” demək mənim xətrimə dəyir. Amma adam da var, ona “nə” demək lazımdır. Çünki o, nə itdir, nə güldür.

– Bu da reallaşmağı mümkünsüz olan bir istək, bir arzu kimi səslənə bilər. Həqiqətən də, bəzən elə adam olur ki, məcburən “kim” desək də, gözümüzə elə “nə” kimi görünür... Arzularda qalmışdıq. Özünüzə danışmaqdan çəkindiyiniz arzularınız həyatda daha çox çin olur, ya yuxuda?

– Mən oturub bunun statistikasını aparmamışam, düzü. Düşünürəm ki, insan nəyin bir parçasıdırsa, yuxuları da odur. Heç vaxt yuxuma dördçarxlı mühərrikin iş prinsipi girməyib. Amma dəfələrlə yuxumda ayrı-ayrı adamlar şeir oxuyublar. Dünyasını dəyişmiş klassiklərdən tutmuş, müasirlərə qədər, hətta jurnalistlərə qədər. Səhər də durmuşam,  yadımdadır, amma onları mən yazmamışam. Çünki mən yuxuya o qədər inanıram ki, elə bilmişəm, bu, elə Seyid Əzimin şeiridir, bu, elə filankəsin şeiridir. Daha adlarını çəkməyəcəm, kimlər yuxuma girib. Səhər soruşacaqlar, “başqa nə var, nə yox?” Bəzən də, heç ağlının ucundan keçməyən şeyləri görürsən yuxuda. Mənə elə gəlir, o yuxu deyir ki, sən təkcə göründüyün, ifadə eləməyə çalışdığın, yazdığın adam deyilsən. Sənin içində başqa bir adam da var. Yuxuda elə bir şey görürsən ki, sən onu heç vaxt arzulamazsan, heç vaxt eləməzsən. Deməli, o sənə ikinci “mən”ini göstərir. Deyir, sən həm də busan. Hərdən sənin içindəki şeytanı da göstərir sənə.

         Həyatda elə şeylər var ki, bəzən insan onlara nail olmadığına görə də, Allaha minnətdar olmalıdır.  Mən bir dəfə yazmışdım: “Elə adamlar var ki, səndən ayrılmaq istəyəndə, tez taksi çağır. Avtobus gecikə bilər. “Daşıma xidməti” çağır ki, qoy rədd olub getsin. Bir dəqiqə də yubanmasın”.

Yəni kimsə sizdən ayrılıb getmək istəyirsə, heç də təlaşa düşməyin, əsəbi olmayın,  özünüzü günahlandırmayın. Əksinə, dərhal “Daşıma xidməti”nə zəng eləyin. Çünki qalmaq istəyən adam bir bəhanə tapıb qalacaq, getmək istəyən də bir bəhanə tapıb gedəcək.

Bir zibilliyin içində ana milçək oturub, yanında da çoxlu balaları, nəvələri. İy də buranı götürüb. Yolun o üzündə isə çəmənlik, gül-çiçəkdir. Gül gülü, bülbül bülbülü çağırır. Ən balaca milçək soruşur ki:

– Nənə, ola bilər, sənin gözlərin tutulub, görmürsən. Biz niyə burda yaşayırıq? O üzə uçaq, orda hər tərəf gözəldir.

Nənə deyir:

– Mənim gözüm yaxşı görməsə də, o tərəfi görə bilirəm. Görürəm ki, ora güllü-çiçəkli çəmənlikdir. Amma gedə bilmərəm.

– Niyə?

– Çünki, bu xaraba Vətəndir.

İnsan insana Vətən kimi gələndə bəhanəsi olmur. Zibil də olsa, onun içində qalır. Yoxsa ki, getmək istəyirsə, o, Vətən deyil, onun həmişə getməyə yeri var.

– Qulu Ağsəs üçün Vətən haradır?

Mən həmişə Vətən haqqında danışmaqdan, yazmaqdan çəkinmişəm, qorxmuşam. Çünki qələm adamının iki Vətəni var. Birinci Vətəni-ilk Vətəni ədəbiyyatdır, ikinci Vətəni də doğulduğu yerdir. Yəni ezam olunduğun yer. Mən doğulduğum yerə, planetə, qitəyə, materikə,  keçmiş SSRİ-yə, Zaqafqaziyaya, Azərbaycana, Qarabağa, Ağdama, Gülablıya ezamiyyət yeri kimi baxıram. Elə bilirəm, ora ezam olunmuşam, məhz burda doğulmalıymışam. Böyük mənada Vətən – ədəbiyyatdır. Ona görə, Vətən haqqında yazmaq olduqca çətindir. Bayaq da dedim, qələm adamının iki Vətəni olur. Və onlar da bir-birini dəhşət qısqanırlar. Birinə xoş söz desən, o biri səni qəbul etməyəcək. Mən Vətən haqqında ilk dəfə ötən il şeir yazdım. O şeirdə belə misralar var:

Səni necə qurmuşuq,

canım Vətən:

bir vətən daş altdan,

bir vətən daş üstdən!

Sonluğu da belədir ki:

Hərdən aramız dəyir

“niyə”sini indi deyirəm:

sən

vətənpərvər şeir istəyirsən,

mən

şeirpərvər vətən istəyirəm,

canım Vətən...

– Deyirsiniz ki: “Kimsə mənə dəyər verəndə sevinməyə bilmirəm, ələxüsus da,  depressiyaya düşəndə”. Nədən depressiyaya düşürsünüz?

“Ərzi-əsri-hal-namə”də xeyli qeydlərim var. Bölümün birinin adı “Depressiya qurbanları”dır. Mənə elə gəlir ki, repressiya onlarla şairin həyatına son qoyubsa, depressiya minlərlə qələm adamının həyatına son qoyub. Depressiya insanın düşə biləcəyi ən rahat yerdir. Çünki şad günlər, səadət, xoşbəxtlik insanı həmişə ayağına çağırır. Amma depressiya o qədər gözəldir ki, özü qollarını açıb sənin ayağına gəlir. Həmişə də deyir ki, tullan, tutacam. Həmişə də tullanırsan, tutub eləmir. Yenə aldanırsan... Depressiya çox əla bir şeydir. Hər an insan depressiyaya düşə bilər.

– Bəs necə çıxsın?

Ordan çıxmaq bir az vaxt aparır, amma əlbəttə ki, insan o quyudan mütləq çıxmalıdır. Düşmək də insanın normal halıdır. Çox rahat düşə bilirsən – hansısa bir söz, hansısa yerində olmayan bir ifadə səni depressiyaya sala bilir. Məndə dəfələrlə olub. Deyirəm ki, mən heç nə eləməmişəm. Neyləmişəm ki, məsəl üçün? Heç nə. Nə qədər edirəm, mənim varlığımı sübut edən bir şəhadətnamə, bir yaş kağızı, bir “metirka” tapa bilmirəm ki, mən niyə varam. Bu da böyük depressiya yaradır.

– Bu dəfə depressiya çuxurundan bizi Seyran Səxavətin səsi çıxardı. Gəlişi də, söhbəti də, danışdığı əhvalat da bir başqa yazıya ilham verdiyi üçün indi burda qeyd etmirəm. Amma bizi depressiya sualının dərin quyusundan xilas etdiyi üçün ona təşəkkür edirəm.

Qulu müəllim, Yerlə Göyün birləşdiyi yeri hələ də gəzirsiniz, axtarırsınız?

Əlbəttə, hələ də axtarıram. Elə şeylər var ki, ondan imtina edə bilmirsən heç vaxt. Məsələn,  uşaqlıq xəyalları. Bu xəyallar həmişə insanı təqib edir, yaxasından yapışır, böyüməyə qoymur. Onlardan biri də elə Yerlə Göyün axtarışıdır. Onların birləşdiyi yeri insan həmişə axtarır. Elə bilirsən ki, hardasa ona rast gələcəksən. Bəlkə də, insan həyatının mənası odur ki, sən böyüyəndən sonra da öz azuların sənə uşaq arzusu kimi gəlmir. Arzular müxtəlif ola bilər ey, amma elə arzu var ki, nə o böyüyür, nə də sən böyüyürsən. Səni həmişə uşaq saxlayır.

Ona görə də, mən o yeri tapsam da, heç getmərəm. Çünki, o, böyük bir epoxanın sonu demək olardı...

– Qulu Ağsəs üçün sevgi nədir?

– Görürsən, nə qədər vacib işim var əlimdə? –

 amma yenə səni sevirəm,

tənbələm də!

– Yerlə Göy sevgidə birləşə bilər?

– Məncə, dünyada ən gözəl aşiqlər elə Yer ilə Göydür.

– Heç birləşmədikləri üçün?

Onlar bir-birlərini seyr eləməkdən, baxmaqdan doymurlar. Elə bil biri Leylidir, biri Məcnun.

– AYB-də “Ulduz” jurnalının redaksiyasına qədər qalxan pilləkənlərin sayını sayıb qurtara bilmisiniz?

Yox. Sözün açığı, bir dəfə cəhd eləmək istədim, amma yarı yolda birdən yadıma düşdü ki, bu, bir metaforadır. Sən başqalarının elədiklərini eləmə. Bir neçə adam bunu sayıb mənə demişdi.

Bəli, bu, bir metaforadır. Mən poeziya haqqında “Şeirlə şeir kimi” adlı essemdə yazmışdım. Qurultayqabağı məruzəni mənə tapşırmışdılar.  Mən onu esse kimi bir metafora üzərində qurdum ki, hər bir yazıçı – ortabab, zəif, yaxşı, əla, istedadlı, istedadsız  –nəhayətsizliyə, sonsuzluğa qovuşmaq istəyir. İstəyir ki, ədəbiyyatın qapısına öz adını həkk eləsin. “Ulduz” jurnalına yox, əslində, bir ulduza can atır, özü ulduz olmaq istəyir. “Ulduz”un da adı bu mənada mənə kömək olmuşdu. O pilləkənləri ona görə saymamışam ki, bayaq soruşdunuz ha, “nə vaxt uçursunuz?”, mən onları uça-uça qalxırdım. Ona görə saya bilməmişəm.

– 2010-cu ilə qədərki Azərbaycan poeziyasını bir yuxu adlandırmısınız. Bəs 2010-cu ildən bu günümüzə qədərki poeziyaya nə ad verərdiniz?

Məqalənin sonunda demişdim ki, iclaslar, məruzələr adamları yorur və bəzən adamlar yatırlar. Əgər mənim məruzəm də sizi yordusa, onda 2010-cu ilə qədərki ədəbiyyatı bir yuxu bilin.

Məruzəni oxudum və doğrudan da, adamlar maraqla dinlədilər, yatmadılar. Bəlkə, onlar yuxularında da belə məruzə görməmişdilər, çünki, bu, bir ədəbiyyat yazısı idi, qətiyyən məruzə deyildi. Bunu da etiraf edim ki, ümumiyyətlə, məruzə yaza bilmirəm, əlimdən də gəlmir. Mən öz bildiyim tərzdə ifadə eləmişdim. Mənim üçün yazıçı dediyin üslubdur. Hər kəsin öz üslubu olmalıdır. Bu yaxınlarda “Ədəbiyyat və incəsənət” portalında mənim bir yazım getmişdi. O yazını portalın direktoru Varis Yolçuyev belə təqdim eləmişdi: “Bu nə məqalədir, nə essedir, nə şeirdir, nə hekayədir, nə də tənqiddir. Bu nədirsə, Qulu Ağsəsşünaslığın bir nümunəsidir”. Onun təqdimatından, düzü, çox mütəəssir oldum. İnsan öz üslubunu yaratmalıdır, öz stili olmalıdır və o, mütləq seçilməlidir. Mən o adamları sevirəm, müğənnidirsə, dinləyirəm, yazıçıdırsa, oxuyuram. Tez bilirəm onun kim olduğunu, çox asan başa düşürəm. İmzası olmadan belə, bilirəm ki, bu, filankəsdir. Adam da var ki, bütün ömrü boyu yazır, yaxşı nümunələr də qoyur, amma öz üslubunu yarada bilmir.

– Aqil Abbasdan tez-tez küsürsünüz?

Bir dəfə onun haqqında yazmışam altmış illiyində. Sonra yetmiş illiyində də həmin yazını verdim. Qeyd elədim ki, Aqil müəllimin 80 yaşı olsun, ondan sonra növbəti yazımı yazacam onun haqqında. Aqil Abbasdan küsmək olur?! İnciyirəm hərdən. Amma bu çox tez unudulur. Çünki, adam bir gün sonra heç nə olmamış kimi zəng vurar, heç dünən, srağagün baş verənləri xatırlamaz. Səmimi şəkildə edər bunu. Biri var ki, yalandan desin xatırlamır, biri də var, həqiqətən, xatırlamır.

– Siz tez-tez küsürsünüz ondan, ya o sizdən?

Aqil Abbası balaca vaxtımdan tanıyıram, həmişə belə görmüşəm o adamı – dəlisov, vuran-tutan, axır sözünü əvvəl deyən. Elə indi də həmən Aqildir. Ona cansağlığı arzulayıram. İstəyirəm ki, Aqil müəllim heç vaxt ağrımasın. Həmişə necə yaşayıbsa, elə o cür də yaşasın. Mənə elə gəlir ki, onu sevdirən səbəblərdən biri də elə, yaşını hiss etməməsidir, həmişəki Aqil Abbas olmağıdır.

– Demisiniz ki: “Mənə gülməli gəlir adamların “Seçilmiş əsərlər”i dedikdə”. Seyran Səxavətin isə “Seçilməmiş əsərlər”i çıxıb. Seçilmişlə seçilməmişin arasındakı fərq nədir?

Əvvəla, yazar özü seçilmiş olmalı və seçilmiş əsər yazmalıdır, ikincisi, yazdıqlarını da seçməlidir.

Seyran Səxavət də  “Seçilmiş əsərlər”ə ironiya eləyib, sadəcə. O da mən deyəni deyib, mən də o deyəni deyirəm. O demək istəyir ki, əgər çap elətdirirəmsə, deməli, seçmişəm. Sadəcə, adını özünəməxsus tərzdə qoyub. Necə ki, sizin müsahibəyə “can”la başladığı kimi. Bəzən də qanla başlayır o.  Hərdən müsahibələri “can”la başlayıb “qan”la qurtarır. Sizdə salamatlığıydı, deyəsən?

– Bəli. Müsahibənin “qəhrəmanı” dəli şeytan imkan vermədi ki, qanla bitsin.  Bizim müsahibəmiz kimi “can”la başlayıb, elə “can”la da bitirdik.