adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Yanvar 2022 13:32
1274
MÜSAHİBƏ

Aktyor Abdulla Elşadlı: “İncəsənət Universiteti aktyorlara səhv təhsil verir” – MÜSAHİBƏ

Müsahibimiz Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının həmçinin "Səhnə" teatrının aktyoru Abdulla Elşadlıdır.

- Abdullanı teatr cameəsi, sənət adamları aşağı-yuxarı tanıyır və bilir ki, Abdulla kimdir. Bəs tanımayanlar üçün özünü necə tərif edərsən?

- Bir teatr aktyoru üçün tamaşaçı tərəfindən tanınmaq çox çətindir, əziyyətlidir. Gərək buna nail olasan, layiq olasan. Təhsil zamanı Azərbaycanda 4 il olmadım. Qayıdandan sonra təyinatımı Rus Dram Teatrına verdilər. Tamaşaçının tanımağı üçün gərək birinci teatr cameəsi səni tanısın. Texnikindən tutmuş direktoruna qədər gərək birinci özünü sevdirəsən. Çünki onlar səni təqdim edirlər. Bir növ, sən xammalsan, onlar səni cilalayıb, don geyindirib təqdim edirlər.

- O zaman sualı belə dəyişək – teatr cameəsi səni nə qədər tanıyır?

- Mən nə qədər yaxın buraxmışamsa, o qədər tanıyırlar. Tanıdığın qədər bilirsən ki, qapalı adamam. Maksimalist adamam, bir şey ya yüz faiz olmalıdır, ya da heç olmamalıdır. Bir insanı yüz faiz yanına buraxanda onunla maraqlanmalısan, çətin məqamlarda yanında olmalısan. Ki, məişət qayğılarına da çox vaxt ayırmaq yaradıcı adamı yaradıcılıqdan uzaq salır. Yaradıcılıqla çox məşğul olursan, yaxına buraxdığın həmin adamlar səndən inciməyə başlayır. Məni Dağlar Yusif, Elçin Cəfərov, Aydın Talıbzadə tanıyır. Məncə bu üç teatrşünasın məni tanımağı böyük bir şeydir. Və əslində onlar məndə hansısa işartı görüb yaxınlarına buraxıblar. Bu, mənim üçün böyük nailiyyətdir. Kino aktyorunu lent yazıları tarixdə saxlayır, teatr aktyorunu isə yazı. Bu yazını yazan da teatrşünaslardır.

- İstənilən sahənin özünəxas deyimləri var. Məsələn, ədəbiyyat üçün deyilən məşhur fikir var - əgər yazmamış dayana bilirsənsə, heç yazma. Bəs aktyorluqda? Bu sənəti necə seçmisən? Teatr üçün doğulduğunu hiss edirsənmi? Yoxsa sadəcə bir iş kimi yanaşırsan?

Açığı “hansısa sənət üçün doğulmusan” fikrini qəbul etmirəm. Sən özün seçim edirsən. Seçim edəndən sonra artıq nə qədər məşğul olacaqsan, o qədər də sənətin sənə, sənin də sənətə ehtiyacın olacaq. Bu sənəti seçmişəm və bu sənətlə ciddi məşğulam. Bu sənəti öyrədəcək qədər öyrənmişəm.

Zabratda 81 nömrəli məktəbdə 9-cu sinifdə oxuyurdum. “20 yanvar” gününə mənə iki bəndlik “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeirini əzbərləyib səhnədə oxumağı tapşırdılar. Oxuyub qurtaranda adda-budda, seyrək, sönük alqış səsləri eşidildi. Ondan sonra səhnədə olmaq, diqqət mərkəzində qalmaq mənim xoşuma gəldi. Tədbirdən sonra Zabratda “28 may uşaq kitabxanasını”nın kitabxanaçısı mənə yaxınlaşdı, dedi ki, gəl kitabxanaya. Açığı mən kitab adı eşidəndə o dəqiqə darıxmağa başlayırdım. Dedim, yəqin kitab oxuyacam. Daha sonra baş kitabxanaçı Gülşən xanım bir nəfəri dəvət etdi – Anar Babalını. Hal-hazırda Lənkəran Dram Teatrının baş rejissorudur. O, məni Maştağa Mədəniyyət evinə dəvət etdi. Bəxtim gətirmişdi ki, dram dərnəyinin rəhbəri İrəvan Dövlət Dram Teatrının aktyoru və hal hazırda özünün özəl teatrı olan ("SƏHNƏ teatrı) Elçin Hacı idi. Ondan sonra üzümə maraqlı bir qapı açıldı. Teatr, səhnə, kulis, sujet, insan taleyi…

O vaxt Mədəniyyət evinin direktoru Kamal müəllim idi. Yaxınlaşdım, dedim ki, aktyor olmaq istəyirəm. Dedi ki, İncəsənət Universitetinə qəbul olmalısan, oxumalısan. Məni Gənc Tamaşaçılar teatrının aktyoru əməkdar artist Nofəl Vəliyevlə tanış etdilər. O, məni pulsuz-parasız universitetə hazırlaşdırdı. Üstümdə böyük haqqı var Nofəl müəllimin. Qəbul oldum.

 

Kurs rəhbərim Musiqi Teatrın rejissoru Fikrət Sultanov idi. Birinci semestrdə nəzəriyyədən müəllimim Aydın Talıbzadə oldu. O, mənim təfəkkürümü sındırdı, tamam dəyişdi. Ona qədər ancaq Stanislavskini oxuyurdum. Bir neçə adlar dedi. Yeji Qrotovski. İnternetdə axtarış etdim. Axtara-axtara başqa aspektlər açıldı. Qabağıma Tadeus Kantor, Yeje Barba, Antuanen Artıq kimi rejissorların adları çıxdı. Onlarla tanış oldum. Yutubda rus tamaşalarına baxdım və gördüm ki, mənə öyrədilənlər tamam başqa şeydir, teatr başqa. Qərara gəldim ki, üçüncü kursdan çıxım. Gürcüstan azərbaycanlısıyam, Borçalıdanam, ona görə də mənə ən yaxın həm maddi, həm də mənəvi Gürcüstandır. Tiflis Teatr Akademiyasına getməyi qərarlaşdırsam da, Mədəniyyət Nazirliyi və Cənab prezidentin "2009-2019 teatrların inkişafı" sərəncamı çərçivəsində Moskvada Boris Şukin adına Teatr İnstitutuna qəbul elan olunduğu yazılmışdı. İmtahan verdim və həmin adı gedən institututa qəbul oldum. Aktyor-rejissor kursu. Sadəcə Moskva mühitindən sıxıldığım üçün magistr oxumadım. Oranı bitirən kimi təyinatımı aktyor kimi verdilər Rus Dram teatrına.

- Rus Dram teatrda mühitlə aran necədir?

- O teatrı çox sevirəm, çox gözəl aktyorlar var. Doğrusu, ştatda aktyoram, amma özümü sınaq müddətində olduğumu sayıram. Azərbaycanda çox nadir teatrlar var ki, onların ənənələri var. Onlardan biri Akademik Milli Dram teatrıdır, digəri isə Rus Dram teatrı. Fikrimcə, ənənə olan yerdə ortaya sənət əsəri qoymaq olar. Ənənə yoxdursa, istəyir Azərbaycanın ən yaxşı aktyorları o teatrda işləsin, xeyri yoxdur. Bizim sənətdə yaxşı və ya pis meyarı yoxdur, səhv var, düz var. Rus Dram teatrında isə hər şey düz gedir. Bəzən yaxşı olmur, bəzən bərbad olur, amma həmişə düzdür. Aleksandr Şarovskinin qoyduğu ənənələr hələ də qalıb. Bizim teatrda (bilmirəm nə qədər layiqəm özümü o teatra aid edib teatr haqda "bizim" deməyə) Stanislavskinin etikası qorunub saxlanılır. Stanislavski bir növ risalədir. Hələ heç bir teatrda görməmişəm ki, kimsə teatraa papağını çıxarıb girsin. Papaqlı girəndə heç kim heç nə demir.

- Etika…

- Bəli… Rus Dram teatrında bu ənənə var. Çox qəribədir, müşahidə edib görürsən ki, əməl etməyəndən sonra nələrsə yolunda getmir. Məncə sən bir məkanın sınanmış ənənəsinə xəyanət edirsən və o da səndən qisas alır. Daha doğrusu, Allah bu qisası səndən alır. Çünki ənənə yaratmaq əziyyətli işdir. Əziyyətə xəyanəti isə Allah sevmir.

- Abdulla, istənilən sahədə bəlli kriteriyalar var. Onları bilməlisən, əməl etməlisən. Ədəbiyyatda yaxşı əsər qoymaq üçün istedaddan əlavə mütaliə önəmlidir. Bəs aktyor olmaq üçün nələr lazımdır?

- Aktyor Asiman Ağa Rövşən kimi olmaldır. Zarafat deyil - insanın musiqi duyumu var, həm də rəssamdır. İnsənət Universitetini bitirib. O oynadığı obrazı görür, bəlkə də çəkir sonra oynayır. İnsanın yüksək sənət zövqü var, öz daşıdığı məktəb var ki, onun ənənələrində sabirqədəmdir, insan çox oxuyub, sənəti dərindən bilir, hətta dərs dəyəcək qədər bilir. Ən qəribəsi də odur ki, o, bu biliyi mənim kimi gedib Moskvada almayıb. O oxuyub öyrənib bu sənəti. Onda güclü müşahidə qabiliyyəti, müşahidə etdiyi obyektə və subyektə özünəməxsus münasibəti var. Müşahidə və münasibət isə (hər şeyə münasibət - siyasi hadisələrə, insanlara, dinə bir sözlə bizi bürüyən hər şeyə) aktyor sənətində ən vacib nəsnələrdəndir. Bir sözlə Asiman bəyi görmək lazımdır, biləcəksiniz nə dediyimi. Çox təssüf heç bir teatrda işləmir. Ancaq serial və kino sferasında çalışır. Asiman bir teatrda hadisə yaradacaq dərəcədə teatrımıza bu gün lazımdır. Axı o həm də rejissordur. Mənə qəribə gəlir ki, Asiman düz oynayır, beynəlxalq standartlara uyğun oynayır. Mən rus məktəbini Moskvada oxuyub öyrənmişəm, amma Asiman rus aktyor məktəbini mütaliəsilə bu yerə gəlib çatıb. Düzdür, İncəsənət Universiteti bir təməl qoyub, amma düşünürəm ki, o, bütün bunları universitetdə öyrənməyib. Aktyorda iki xüsusiyyət önəmlidir. Birinci, müşahidə qabiliyyəti, ikincisi isə müşahidə etdiklərinə özünəməxsus münasibət. Bu ikisi də Asimanda var.

- Bəs sonra?

- Sonra Qasım Nağı, Natavan Qeybani, Fuad Osmanov, Səidə xanım kimi… Rus dram teatrının aktyoru Fuad Osmanovla rejissor kimi işləməyi çox istəyərdim. Onunla Brexti qurardım. Bir də “Vaxtanqov” teatrının aktyoru, Rusiyanın xalq artisti Sergey Makoveçki kimi olmalıdır aktyor. Vanya dayı tamaşasına baxsanız, biləcəksiz nədən danışdığımı. Orda Vanya dayını oynayır.

- Abdulla, sistemli olaraq teatra gedib-gəlmək, hər gün tamaşa oynamaq… Bu kimi məcburiyyətlər səni sıxmır ki? Yenə öz sahəmlə müqayisə edəcəm. Şair kimi mənə heç kim göstəriş vermir ki, bu gün yaz, bunu yaz. Məcburi yazanda ortaya çox da yaxşı əsər çıxmır. İstədim yazıram, istəmədim yazmıram. Amma sizin sənətdə bu belə deyil.

Əgər gətirdiyin dəlil həqiqidirsə, kifayət edirsə, bəlkə hə, imtinan qəbul olunar. Qanunvericiliyə görə sən verilən roldan imtina edə bilməzsən. Mən bunu qəbul edirəm. Tərəfdarıyam. Biz tabe olan sənətin çərçivəli nümayəndələriyik. Sənə verilən çərçivənin içində nələrsə təklif irəli sürə bilərsən, qəbul edilməyə də bilər, amma sözünün üstündə durmalısan, bir yolla o çərçivənin içində özünü ortaya qoymalısan. İncəsənət Universitetində isə deyirlər ki, aktyorluq azad peşədir.

 

- Bu çərçivə sənin şəxsiyyətini çərçivəyə salmır ki?

 

- Mən Abdulla kimi də çərçivəli adamam. “Yox”larım var. Ailəmdən və dinimdən gələn məqamlar var. Məsələn, içki süfrəsində oturmaq olmaz. Şəxsiyyətsiz aktyor səhnədə o dəqiqə bilinir, hiss olunur ki, bu, şəxsiyyətsiz aktyordur. Məsələn, İblisdə Arifi oynayırsa, inanmırsan. Çünki özünün şəxsiyyəti yoxdur. Şəxsiyyət rolu arxasınca aparan lokomotivdir. Ona görə də bir rolu bir aktyor başqa cür oynayır, digəri başqa. Şəxsiyyəti isə “yox”lar formalaşdırır. Mütləq nələrəsə “yox” deməyi bacarmalısan. Tutaq ki, sən hansısa siyasi kursdan narazısansa, bunu mütləq biruzə verməlisən.

 

- Maaşından razısan?

 

- Aktyor kimi nə qədərəmsə onu alıram. Deməli 528 manatlıq aktyoram hələ ki. Əgər bu ay oynadığım rolu yola vermişəmsə, ayın axırı alacağım maaş mənə haram olur. Əgər hazırda nə qazanırsamsa, düşünürəm ki, indi mən buna layiqəm. Qazandığım qədərəm demək.

 

Elə bir aktyor varmı ki, şəxsiyyətini tanıyandan sonra onu izləməkdən, sevməkdən imtina etmisən?

 

Olub və hələ də var. Ad çəkməyəcəm. Qeybət olmasın. Üstümdə müəllim kimi ADMİU-da oxuyanda haqqı var. Öyrədib məni. Amma bir hadisə baş verdi ki, bir neçə ay bundan qabaq festivalların birində o insan gözümdən çox düşdü. İyrəndim o insandan.

 

- Şəxiyyətlə aktyorluğun vəhdəti kimi rəhmətlik Fuad Poladov nümunə çəkilir.

 

Fuad Poladov haqqında danışmaq çətindir. Mən İncəsənətdə oxuyanda orada 5 mərtəbə ərazisindən Teatral kafe vardı. Biz kafe nəsliyik də. Bütün söhbətlərimiz kafelərdə baş tutub. Mən Fuad Poladovu kafedə, əlində armudu stəkan domino oynayan dayıların başının üstündə durub oyuna baxan görmədim. Mən onu çöldə görmədim. Halbuki metrodan da istifadə edirdi, piyada da gəzirdi. Ona görə də elə bilirdim ki, axşam saat 7-də tamaşa başlayanda səhnədə peyda olur, bir də saat 10-da qeybə çəkilir. Mən onu bir insan kimi görməmişəm. Deyilənlərə, yazılara görə görürəm ki, o insan böyük şəxsiyyət olub. Dağlar Yusifin Fuad poladov haqda yazdığı portretlərdə bu çox dəqiq təsvir olunub. Səhnədə Şah Qacarı oynayırdı. O dərinlikdən səhnəyə çıxırdı. O gələndə hiss edirdin ki, kişi gəlir, doğrudan da Şah Qacar gəlir. Qəribə enerjisi vardı. Bizi – tələbələri arxada oturdurdular. O səhnəyə çıxanda biixtiyar özümüzü yığışdırırdıq. O, ənənələrə sadiq olan sənətkar idi. Azərbaycan teatrı ondan sonra tək-tük aktyorlar var ki, o miqyasdadırlar. Ruslar sənətçi haqqında danışanda onun adını çəkmirlər, soyadı ilə çağırırlar. Vatxanqov, Stanislavski… Mən ona Poladov deyirəm. Hal-hazırda Poladov səviyyəsində aktyor…

 

- Sənin təbirincə desək, Rəhimov (Hikmət) o səviyyədədir?

 

- Hikmət gözəl aktyordur. O dərəcədə ki, mən onunla rejissor kimi işləmək istəyirəm. Ona Otellonu verərdim. Amma Poladov sənəti müqayisə olunmazdır. Heç kimi onunla bərabərləşdirmək istəmərəm.

 

- Teatrda hansı problemlər var? Onları necə həll etmək olar?

 

- Yaşar Nuri, Siyavuş Aslan, Fuad Poladov… Və bir neçə aktyor ki, sağdırlar, amma artıq teatrdan uzaqlaşıblar. Onlardan sonra Azərbaycan teatrı süqut edib. Tolstoyun belə bir sözü var - əgər xeyirlə şəri bir yerdə götürsək, şər həmişə xeyiri görəndə məğlub olur. Xeyir heç nə etmir, amma varlığı bəs edir. Bunu bizim sənətə tətbiq etsək, Fuad Poladov, Yaşar Nuri, Fəxrəddin Manafov olanda teatrda pisliklər görünmürdü. Elin ağsaqqalı necə idisə, eldə nə qədər mənfi şey olsa da, ağsaqqal o elin siması idi.

 

Ən böyük problemlərdən biri İncəsənət Universitetidir – təhsilsizlik. Verir, amma düzgün təhsil vermir. Düzgün təhsil nədir? Piter Bruqun bir sözü var. Deyir - "əgər soruşsalar ki, teatr necə olmalıdır? Onu deyə bilmərəm. Teatr necə olmamalıdır, onu deyərdim." Məncə bu gedişlə biz qocalanda Azərbaycan teatrı olmayacaq. Aldığım təhsillə müqayisə edəndə bütün problemləri görürəm. Birinci ənənə, ikinci isə kafedra sistemi. Emalatxana sistemi ilə alınmır. Bir yerdən idarə olunan system yoxdur. Bir emalatxana başqa, o biri başqa sistemlə dərs keçir. Kursla kurs arasında mübadilə itir. Sanki böyük binadır və daxilində bir-birinə aid olmayan ofislər var. İncəsənət Universiteti belədir. Bunları teatrla bağlı deyirəm.

 

- Bəs tamaşaçı problemi?

 

- Tamaşaçıda problem yoxdur. Onu kütbeyin yerinə qoymaq lazım deyil. Problem teatrdadır. Tamaşaçı gəlir, baxır, görür ki, o deyil. Aktyor seçimləri səhv olanda tamaşa alınmır. Bir qaqaş tipində adama Məcnunu oynada bilməzsən. Vaxtanqovun “zaman, məkan və truppa” məsələsini qeyd etmək istəyirəm. Əgər teatr "Tarqovudadırsa", sən bu lokal çevrəni əhatələməlisən. Oraya uyğun tamaşa qurmalısan.

 

Yanaşma önəmlidir. Biz bir yerdə Professional Özəl Səhnə Teatrında “Müsyo Jordan”da işlədik. Sən özün “zonq”ların, yəni musiqilərin söz müəllifisən və prosesi gördün. Yanaşma tamam yeni və fərqli oldu. Müsyo Jordan həmişə niyə qəribə, gey biri kimi göstərilir? Niyə də? Yaxud onun ot adları sadalamağı adi bir şey idimi? Axundov otları sadalamaqla nəsə demək istəyirdi axı. Filan ot baş ağrısı üçündür. Məqsəd nədir? Elvin Mirzəyev buna necə yanaşdı? Şahbazı aparmaq istəyirəm. Yadındamı, bir qara atlı gəlmişdi, o Qarabağa gələndən sonra varlandı. O vaxt ermənilərə qara atlılar deyirdilər. Hətəmxan ağa bu sirri bilirdi. Müsyo Jordan isə demək istəyirdi ki, bu ot baş ağrısı üçündür, başın ağrıyacaq, qoy Şahbazı aparım. Elvin bəy buna dərindən yanaşdı. Ot kimi yox, onun alt qatına endi. Bu pyes siyasi pyesdir. Sən ona üzdən yanaşanda tamaşaçı baxmayacaq. Azərbaycanda Mikayıl Mikayılov, Elvin Mirzəyev, Asiman Ağayev kimi rejissorlar azdı. Hansı ki işə fərqli yanaşırlar. Çoxusu isə o ota elə ağrıkəsici kimi baxırlar.

 

- Rejissor təfəkkürü aktyorluğuna necə təsir edir?

 

- Kömək edir. Mən oynadığım rola rejissor kimi baxıram. Şarovskinin “Nənəmin nağılı” tamaşasında mənə ördək rolunu vermişdilər. Mən dedim ki, səhnəyə sadəcə ördək kimi çıxmayacam. Ördəyi araşdırdım. Gördüm ki, özündən çox razı heyvandır, yerişi, çönüb baxmağı. Sonra düşündüm ki, bu ördək gürcüdür. Mətndə də “qo qo qo” sözü vardı. Elə yalnız bu sözü deyib dövrə vurmalı idim. Gürcü dilində isə “qoqo” qadın deməkdir. Deməli, bu ördək gəlir, üzüyü itmiş qız uşağına gürcü ləhcəsində, amma rus dilində deyir ki, mən sənə kömək edəcəm. Elə gürcülər də bu ördək kimi eqoist millətdir. Mən o ördəyin mətninin alt qatına endim, onu gürcü kimi gördüm, belə yanaşdım.

 

Teatr pedaqoqikasi ilə bağlı hansı planların var? Həlli nədə görürsən?

 

- Öz emalatxanamı açmışam. 2020-ci ilin noyabrından açsam da, pandemiyaya görə bir müddət iş dayandı. Hal-hazırda beş tələbəm var. Fevral ayından dərslərimiz başlayacaq. Rəhbəri Dağlar Yusif olan “TƏK” (teatr, ədəbiyyat, kino) yaradıcılıq platformasının nəzdində teatr studiyası. Teatr və kino ədəbiyyatdan sonra gəlirlər. Belə qərara gəldik ki, İncəsənət Universitetində verilən təhsildən narazıyıqsa, ortaya alternative qoymaq lazımdır. Nail olduğum budur ki, bu beş tələbə artıq ənənəyə sadiqdirlər. Hərəsbi bir teatrda işləyir. Baxıram ki, oyunlarında zəifdirlər, amma oyunlarında ənənə var. “TƏK”in ofisi Nizamidə yerləşir. Məncə aldığı təhsilə hal-hazırda Azərbaycanda ehtiyac var. Məncə bu kiçik 25 kvadratmetrlik yerdə Dağlar Yusiflə mən nəsə edə biləcəyik Azərbaycan teatrı üçün.

 

- Birdən İncəsənət Universitetinə çağırsalar, gedərsən?

 

- Gedərəm, hətta maaşsız işləyərəm. Bir şeyə görə ki, Şukinada öyrəndiklərimi tələbələrə verə bilim. Heyf k imagistr diplomum yoxdur. Və açığı, artıq tələbə kimi oxumağa nə vaxtım, nə də səbrim yoxdur. Məqsədim yaxşı rol oyanamaq, tamaşa qurmaq deyil, sadəcə aldığım təhsili burada öyrətmək.

 

 

Eminquey