adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Yanvar 2023 14:58
1070
ELM VƏ TƏHSİL

ALİ SOVETİN SƏDRİ  ÜÇÜN TİKİLƏN AYAQYOLU 

İmişli rayon Aranlı kəndinin  ibtidai sinif müəllimi məktəbdə  ayaqyolu  olmadığına görə  dərs deməkdən imtina edib  və  uşaqları   evə buraxıb.  Nəticədə  müəllimə töhmət veriblər. Xoş haldır ki, işdən çıxarmayıblar, hətta istəsəydilər  həbs də edərdilər ki, tədrisi  pozub. Müəllim getsin  bir yesin,  beş paylasın  buna görə.

Müəllimləri bu  qədər  ucuz etməyin. Bu məsələ ilə bağlı Kamran Əsədov  çox maraqlı  bir  yazı yazıb. Bugünki   saytımızda  dərc edirik. Mənim ürəyimdən keçənləri  yazdığı üçün ona görə  mən bu məsələyə  başqa cür yanaşmıram, amma   yazmaq istədiklərim var.

60-cı illərdə Ali Sovetin  sədri rəhmətlik Məmməd  İsgəndərov İrəvana gedibmiş. Və yol da onun  doğulduğu Qubadlının kəndindən keçirmiş. Təbii ki,  kənddə maşını saxlayır, camaat da  yığışır başına,  dərdləşirlər.

Həmin vaxtlar Ali Sovetin Rəyasət Heyətinin   sədri  padşah kimi  tanınırdı,  çünki  fərmanları o verirdi.

Kəndin mətəsində camaatla xeyli dərdləşən Məmməd  İsgəndərovun  çişi  gəlir. Həmin vaxt , elə indi də  kəndlərimizin 99 faizində ictimai   ayaqyolu  yox idi. Gərək kiminsə  qapısını döyüb  xahiş edərdin ki,  icazə ver,   ayaqyolundan   istifadə edim. Bu da  ağsaqqal adam, qalır yana-yana. Kolxozun  sədrini   çağırır, deyir ki, bu yol  kənarıdı, birdən kiməsə ayaqyolu  lazım olar, gedib  kimin  qapısını  döysün.  Ayıbdı, bir  ayaqyolu   tikin, deyir və  çıxıb gedir, yol qırağındakı   meşələrin  birində  özünü  boşaldır.

İki gün  İrəvanda  qalandan sonra geri qayıdır və sədrdən soruşur ki,  bura  ayaqyolu tikdinmi?

Sədr də İsgəndərov  gedəndən sonra  dörd dənə  ağacı   basdırır yerə,  qırağına da  bardanı dolayır.

Dağ kəndlərində olanlar  belə   ayaqyollarını  onda da  görüb, indi də görürlər.

İsgəndərov soruşanda ki neylədin?  Qurduğu  ayaqyolunu  göstərib  deyir:

- Hazırdı, yoldaş İsgəndərov.

İsgəndərov  hirslənib deyir:

- Ə, eşşək oğlu eşşək, bu  nədi?

- Tualetdi, yoldaş İsgəndərov. Bunu  doldursaq sənin də  dədənə  bəsdi,  mənim də.

Bu, anekdot deyil, olmuş  hadisədi.

İndi gərək  həmin  məktəbdə də  dörd dənə ağac tapaydılar, İmişli də  pambıqçılıq rayonu, bardan çox, çəkərdilər kənarına, olaydı   ayaqyolu. Həm müəllimlər  istifadə edəydi, həm də şagirdlər.

XXI  əsrdə  yaşayırıq ey.

Yaxın zamanlarda   rayonların birində nə qədər  axtardım  ayaqyolu   tapa bilmədim.  Axırda  məcbur olub  bir qapını döydüm, ev yiyəsi  çıxdı:

- Eşidirəm, qardaş.

Utana-utana dedim:

- Olar  sizin  ayaqyolundan   istifadə edim?

Güldü:

- Qurbandı, buyurun.

Özü də bu  hadisə  Azərbaycanın ən  varlı rayonlarının  birində, ən  varlı kəndində  olmuşdu.  Hərdən yadıma düşəndə  gülürəm.