Alimin iddiası: " Müəmmalarla dolu Çingiz xanın məzarı Güzdəkdə ola bilər"
25 avqust tarixə adını yazdırmış əfsanəvi Monqol imperatoru və tarixin ən güclü sərkərdəsi Çingiz xanın anım günüdür.
Tarixi məlumatlara görə , 1162-ci ilin 30 mayında anadan olan monqol imperatoru Çingiz xanın əsl adı Timuçin olub.
Alimlər iddia edir ki, "dəmirdən" və ya "dəmirçi" mənasını verən "Temuçin" adını ona atası Yesugey verib. Tarixə damğasını vurmuş bir hökmdar olmasına baxmayaraq, onun fiziki xüsusiyyətləri ilə bağlı tam məlumat yoxdur. Bir çox mənbədə o, uzun, gur saqqallı və saçlı şəxs kimi təsvir edilir, digər qaynaqlarda isə qızıl saçı və yaşıl gözləri olduğu haqda yazılara rast gəlinir.
Qəddar, qanunpərəst, təşkilatçı, savaşçı və nəhayət dindar xaqan
1206-cı ildə imperiya qurulanadək Çingiz Xan adını alır ki, bu da "ulu xaqan" deməkdi. Monqol imperatorluğunun həyata keçirdiyi döyüşlərdə dünya əhalisinin 11 faizinin- yəni 40 milyon insanı öldürüldüyü iddia edilir. Əgər Çingiz xan o işi indi təkrarlamış olsaydı bu rəqəm hazırda 750 milyon olardı.
Soruşsanız ki, Çingiz xanı tarixdə yaşamış digər hökmdarlardan nə ilə fərqlənir, deyək ki, güclü ordusu olduğu üçün tarixin ən qüvvətli sərkərdəsi hesab olunur. Eyni zamanda Monqolustandakı qəbilələri öz bayrağı altında birləşdirərək bütün ölkədə hörmət edilən bir savaşçı olub. Üstəlik “Çingiz xan qanunları” deyə bir anlayış var. İmperatorluqda qeydsiz-şərtsiz bu qanunlara boyun əymək vacib idi. Bu qanunlara görə, zina edənlər, yalan danışanlar, suyu çirkləndirənlər, casuslar edam edilirdi.
Çox dindar adam olan xaqan Əbədi Göy Səmaya Mönq Kök Tenqriyə inanırdı. Temuçin iki dəfə qaçılmaz ölümdən xilas olmasını Əbədi Göy Səmanın onu öz ağuşuna alması ilə əlaqələndirirdi. Bildiyimiz kimi, o, ilk dəfə tayciutların əlindən möcüzə ilə qurtarmışdı,ikinci dəfə merkitlərin köçəbəyə qəfil hücümü zamanı düşmən əsirliyindən yaxa qurtara bilmişdi.O zaman atını Burxan-xaldun dağına çaparaq qalın meşəlikdə gizlənmiş, onu təqib edən üç yüz atlı hər tərəfi ələk-vələk etsələr də əlləri boşa çıxmışdı. Təhlükə sovuşduqdan sonra doqquz dəfə diz çökərək Mönq Kök Tenqriyə, yəni Əbədi Göy Səmaya öz minnətdarlığını bildirmişdi (qədim zamanlarda Baykal gölünün adı Mönq Kök Tenqri idi). Və həmin Burxan-xaldun dağını özünün son mənzili hesab etmişdi. Çingiz xan öləndən sonra onu həmin yerdə torpağa tapşırmışdılar.
1227-ci ilin 25 (18) avqustunda ölən Çingiz xanın məzarının harada olduğu bilinmir. Basdırıldıqdan sonra məzarın gizli saxlanılması üçün bir neçə at qəbirin üstündə gəzdirilib, beləliklə də məzarın yeri silinib. Məzarın yeri bilinməsin deyə cənazəyə qatılan hər kəs öldürülüb.
Çingiz xanın məzarı Azərbaycandadır?
Müasir dövrümüzdə Çingiz xanın məzarının açılacağı halda lənət gətirəcəyinə inanırlar və buna görə də məzarın yeri axtarılmır.
Mövzumuzla bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevə zəng edərək bu şəxsiyyət haqqında bilgilərini bizimlə bölüşməyi xahiş etdim:
-Zaur müəllim ötən il əvvəl sizin Çingiz xan haqqında bir statusunuzu oxumuşdum. Deyəsən iddia edirdiniz ki, Çingiz xan Abşeron rayonu ərazisində basdırırılıb. Bu nə qədər inandırıcıdır?
- Yüz illərdir onun məzarını axtaran arxeoloqlar düşünürlər ki, bu Turan coğrafiyasındadır. Hətta bir neçə məzarı açıb orda Çingiz xanın olmasını desələr də aparılan tədqiqatlar bunun yanlış olduğunu qeyd ediblər . Hazırda Çingiz xanın dəfn edilə biləcəyi ehtimallarından biri də Ulan Batordan 160 km şimal-şərqdə yerləşən Kentii dağlarının Burxan Xaldun adlı zirvəsidir. Deyilənə görə O, cavan ikən düşmənlərindən burada gizləndiyinə görə, deyirlər ki, burada öləcəyinə əhd edibmiş. Arxeoloqlar və alimlər daha bir versiyanın üzərində ciddi durublar. Bu Azərbaycanda onun dəfn edilməsi versiyasıdır.
- Məzarın tapılmasının Azərbaycana yaxud bəşəriyyətə müəyyən bir ziyanı və yaxud xeyri varmı?
-Dünyanın yeni tarixinin yazılması Çingiz xanın məzarı tapılmasında sonra baş verəcək deyə ezzoteriklər iddialar irəli sürürlər. Rəvayətlərə görə Tanrı ikinci onun kimi sərkərdənin dünyaya gələrək milyonlarla insanın ölümünə səbəb olacaq dəhşətli müharibənin məhz məzar açılmasından sonra dünyaya bəxş edəcəyi deyilir.
-Dəqiq Azərbaycanda...?
-Ehtimal edilir ki Çingiz Xan Abşeron yarımadasında( Güzdək, Qobu) dəfn edilib, artıq ilkin araşdırmalara başlanılıb 2023-cü ildə gerçəklər meydana çıxacaq. Çünki Çingiz xanın sərvətinin böyük hissəsinin bu torpaqlarda gizlədilməsi versiyası barədə tanınan arxeoloqlar fikirlər bildiriblər. Buna görə də böyük Çingiz xanın Azərbaycanda dəfn edilməsi ehtimalını da alimlər irəli sürüblər.
Bu da , türkçü, öz soyuna-kökünə bağlı hörmətli alimimizin irəli sürdüyü bir iddiadır ki, mütləq bir fakt, bir sübut vardır!Şəxsən mən Zaur müəllimə inanıram!
Arvadbaz hökmüdar
Çingiz xan haqqında maraqlı məlumatlar çoxdur. Timuçin 16 yaşında Börte adlı bir qadınla evlənib. Daha sonra Börte merkitlər tərəfindən qaçırılıb və bir adamın qadını olub. Xilas edildikdən 9 ay sonra isə doğuş edib. Çingiz xan oğluna monqolca “qonaq” mənasını verən “Cuci” adını qoyub. Cucini heç vaxt digər oğullarından ayırmayıb.
İddiaya görə, monqol hökmdarının dördü rəsmi olmaqla beş yüz qadını vardı. Çingiz Xan ömrünün bütün dünyanı fəth etməyə bəs etməyəcəyini başa düşərək ölümsüzlüyün sirrini axtarmağa başlayır. Sözlərinə inandığı bir taoist rahibdən ölümsüzlüyün sirrini istəmiş, tam ölümsüzlüyün mümkün olmadığı, lakin qadınlarla cinsi əlaqələrlə ömrünü uzada biləcəyi cavabını alır. Bundan sonra Çingiz Xanın fəth etdiyi ayrı-ayrı ölkələrdə bir çox qadınla birlikdə olduğu deyilir və qadınlardan övlad sahibi olurmuş. Bu məlumata əsaslanaraq araşdırmacılar hazırda dünyadakı hər 200 nəfərdən birinin Çingiz xanın soyunu daşıdığını iddia edir. 16 milyon asiyalı kişi təxminən 800 il əvvəl Monqolustanda yaşamış bir kişinin soyundan gəlir.
"Çingiz Xan xromosomu"nun ən çox qazaxlarda rast gəlindiyini bildirən mütəxəssislər imperatorun Asiya xaricində təsbit edilən ilk nəvəsinin İngiltərənin şimal-qərbində yaşayan bir professor olduğunu üzə çıxardı.
Çingiz xanı yenilməz edən qızıl qaydalar
Son olaraq, "Mən Tanrının cəzasıyam. Əgər heç bir günahınız olmasaydı, Tanrı sizi cəzalandırmağım üçün məni göndərməzdi”. Ömrü boyu heç bir döyüşdə məğlub olmayan Çingiz xaqanın sirri onun özü üçün yaratdığı həyat kredosu olub:
"Dil insanın düşmənidir. Sözünə yiyəlik et ki, sonra o sənə yiyəlik etməsin.
Qorxursan – etmə! Edirsən – qorxma! Ən əsası başladığın işi yarımçıq qoyma.
Yeni insanları, məkanları tanı. Onlardan və oralardan öyrənməli çox şey taparsan.
Çaqqallar arasında birinci olunca, canavarlar arasında sonuncu ol.
Pis vərdişlərdən asılı olma. Hər şeyin dadına bax və dadında burax.
Ölümün hər an ənsəndə olduğunu unutma, ayıq ol, ölümdən yox, öldürəndən ehtiyatlan.
Dinc adamların arasında quzu kimi sakit ol, döyüş vaxtı isə şıkarına hücum çəkən qırğı ol.
İnsanlığın, ali duyğuların qorunması ilə bağlı qanunlar:
Qadına və uşağa qılınc qaldıran,
Yolçuya gecələməyə yer və yemək verməyən,
Oğurluq malı satan və onu alan,
Elçini, xəbər gətirəni öldürən,
Döyüşdə fərari olan,
Könüllü təslim olan düşməni öldürən
və eynicinsli münasibətdə olanlara yalnız ölüm cəzası verilir, qətiyyən bağışlanmırdı.Bundan başqa, Çingizxan heç vaxt işğal etdiyi ölkələrdə həkimləri, memarları, alimləri, sənətkarları öldürməyib. Əksinə onlara şərait yaradıb və öz köçəri, savadsız xalqına dərslər keçməyi tapşırıb.
Əntiqə Rəşid
(Məqalə müxtəlif mənbələrə istinadla yazılıb)