16 Noyabr 2024 14:39
92
SİYASƏT

Aqiyə Naxçıvanlı: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Avrasiyanın enerji və daşımalar xəritəsini dəyişməkdə davam edir”

“Artıq beşinci gündür ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işini uğurla davam etdirir. Sözsüz ki, keçən ilin dekabr ayında Azərbaycanın COP29-a ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin növbəti böyük uğurdur. Bununla əlaqədar Ölkə Prezidenti cənab İlham Əliyev noyabrın 12-də Bakıda öz işinə başlamış COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxış edərkən bildirmişdir ki, bu qərarı dünyanın 200 ölkəsi yekdilliklə qəbul etmişlər və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad göstərilmişdir. Təəssüflər olsun ki, Qərbin bəzi anti-Azərbaycan ruhlu dairələri bu qərarın qəbul olunmasından dərhal sonra ölkəmizə qarşı buna qədər də apardıqları qarayaxma kampaniyasını bir qədər də gücləndirdilər. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, özünü müstəqil QHT adlandıran qurumlar, eləcə də bəzi siyasətçilər və saxta-xəbər mediası ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması yönümündə səylərini ikiqat artırdılar. Lakin bütün bunlar heç bir nəticə vermədi. COP29 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçı ilə işinə başladı və onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Azərbaycan növbəti dəfə müxtəlif dövlətlər və xalqlar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərinin salınmasına böyük töhfələr verəcək.”

Bu sözləri mətbuata açıqlamasında siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı deyib.

Daha sonra müsahibimiz Azərbaycanın Yaşıl gündəliyinin bütün dünyada böyük maraq doğurduğunu qeyd edib: “Məlumdur ki, Azərbaycanın bərpaolunan enerji sahəsində çalışmaları, həyata keçirilən layihələrin yüksək göstəriciləri getdikcə daha çox ölkənin diqqətini cəlb edir. Öz çıxışında cənab Prezident İlham Əliyev Azərbaycanın Yaşıl Gündəliyini təqdim edərək bildirdi ki, ölkəmizin hazırda bərpaolunan enerjidə texniki potensialı quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il “Masdar” şirkəti Azərbaycanda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasının inşasını həyata keçirir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcəkdir. Ümumiyyətlə ölkəmizin bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialı mövcuddur. Bu potensial həm Xəzər dənizində, həm də ölkənin quru ərazilərində var. Azərbaycan “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməyi planlaşdırır. Cənab Prezident bu məsələni də diqqət mərkəzinə çərək bildirdi ki, Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək.” Beləliklə, Azərbaycan Avrasiyanın enerji və daşımalar xəritəsini dəyişməkdə davam edir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.